Müəllimlər, şagirdlər teledərsləri yeni tədris ilindən izləyə biləcəklər


Ötən tədris ilinin ikinci yarısından dünyanı əsir alan COVID-19 koronavirus infeksiyasının yaratdığı həyəcan çox keçmədi ki, Bakıya da çatdı. Martın 3-də  ümumtəhsil, peşə təhsili,  orta ixtisas və  ali təhsil müəssisələrində  dərslərə fasilə verildi. Təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması ilə təhsildə yaranan bu fasilədən qaynaqlana biləcək boşluqlar hansısa yolla doldurulmalıydı. Qısa müddətdə məsafədən təhsilə keçid reallaşdırıldı və təhsildə yaranan fasilə aradan qaldırıldı.

 

Çıxış yolları axtarılarkən onlayn dərs, teledərs formatı gündəmə gəldi. Təhsil Nazirliyində vaxt itirmədən bu istiqamətdə böyük bir komanda fəaliyyətə başladı. Nəticədə, Azərbaycan məktəblisi sinif otaqlarında gördüyü müəllimlərini bu dəfə televiziya ekranlarında gördü.

 

Məktəblinin gözü ekranlarda müəllimini axtarır

 

Müəllimini sinif otağında oturub izləməyə alışan Qazax məktəblisi, Daş Salahlı kənd Ş.Cəbiyev adına 2 nömrəli tam orta məktəbin IV sinif şagirdi Səadət Osmanlı mart ayından bəri dərsini ekran başında dinləyib: “Hər gün dərs keçilirdi. Oturub baxırdım. Televiziyadan da öyrənə bilirəm. Deyilən qaydaları yazırdım. Sinifdə müəllimi necə dinləyirəmsə, burada da elə dinləyirdim. Sonra başa düşmədiklərimi Lamiyə müəllimdən soruşurdum”.

 

Səadət deyir ki, onlayn dərslər də, televiziya qarşısında izlədiyi teledərslər də maraqlıdır. Ancaq o, daha çox sinifdəki dərsi xoşlayır: “Sinifdə dərs keçmək daha yaxşıdır. Evdə dərslərin vaxtı yadımdan çıxır. Elə olur ya baxa bilmirəm, ya da gecikirəm”.

 

Neçə ay teledərslə oxuyan Səadətin gözləri televiziya ekranlarında yenə müəllimləri axtarır: “Hər gün baxıram. Ancaq daha göstərmirlər”.

 

Az vaxtda çox işə nail olmalıydıq

 

Əhatə və əlçatanlıq baxımından teledərs layihəsi öncəlik təşkil etdi. Sürətlə hazırlıqlara start verildi. Martın 11-dən hər gün 5-6 saat, həftənin 5 günü bütün sinifləri əhatə edən teledərslər Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı vasitəsi ilə yayımlanmağa başladı.

 

İki dildə hazırlanan dərslərə müəllimlər fəal şəkildə qoşuldu. Hətta bölgələrdən təşəbbüs göstərən müəllimlər belə vardı. Lakin karantin rejiminin çətinlikləri, həmin müəllimlərin gəlib-getməsində yarana biləcək problemlər nəzərə alınaraq, əsasən Bakıdakı məktəblərin müəllimlərinə üstünlük verildi. Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva bu qərarı verdikləri şəraitdən danışdı: “Cəmi bir həftə ərzində çəkilişlərə qərar verilib  və dərhal işə  başlanmışdı. Belə az bir vaxtda seçim imkanları yox idi. İlk mərhələdə Bakının məktəb və liseylərindən tanınmış müəllimləri bu prosesə cəlb etdik. “Tanınmış” deyərkən bu vaxta qədər videolar çəkən, elektron resurslarla  işləmək təcrübəsi olan müəllimləri nəzərdə tuturam. Çünki az vaxtda çox işə nail olmalıydıq. Çox keçmədən başa düşdük ki, belə davam edə bilməyəcəyik. Pandemiya dövrüdür. Epidemiyanın yayılma təhlükəsi çox güclüdür. Bu vəziyyətdə obyektiv və subyektiv səbəblərdən müəllimlər prosesdən kənarlaşa, bizi tərk edə bilərlər. Prosesdə davamlılığı təmin edə bilmək üçün böyük bir bazaya ehtiyacımız vardı. Odur ki, Bakı şəhərində yerləşən  məktəblərə yenidən müraciət edərək özünü sınamaq istəyən müəllimləri çəkilişin aparıldığı məkana dəvət etdik. Sanitar-gigiyenik qaydalara əməl etməklə müsahibələr və sınaq çəkilişlər təşkil etdik. Beləliklə, karantin rejimi başlayanda biz artıq hazır idik.

 

 

Teledərslərin çəkilişi Bakı şəhəri 6 nömrəli tam orta məktəbdə aparılırdı. İşi müəllimləri təlimatlandırmaqdan,  çəkilişləri tənzimləməkdən ibarət olan 100 nəfərədək heyət karantin rejiminin çətinliklərinə və epidemiya təhlükəsinə baxmayaraq, hər gün eyni əzmlə işlədi.

 

N.Mehdiyeva deyir ki, yer, çəkiliş heyəti, müəllimlər hazır olduqdan sonra sıra gəlib teledərsin məzmununa: “Məsələ məktəblilər, xüsusən aşağı sinif şagirdləri olunca, bir addım atmadan iki dəfə düşünmək lazım gəlir.  Tədris olunacaq mövzu ilə bağlı suallar hazırlanarkən belə hər məqama ehtiyatlı yanaşdıq. Dərslər sadəcə dərslik üzərində qurulacaq, yoxsa dərslikdən kənar mənbələrdən  də istifadə olunmalıdır?-  kimi məsələlər üzərində geniş müzakirələr aparıldı”.

 

Müzakirələr qərara çevriləndən, müəllimlərdən nə istənildiyi qətiləşəndən sonra  çəkilişlər başlayıb: “Əvvəlcə müəllimlərlə müsahibə keçirirdik. Elə oradaca müəllimlərə tapşırıq verilirdi ki, tədris etdiyi fənn üzrə bir mövzunu hazırlayıb 10-12 dəqiqə müddətində  təqdim etsinlər. Müəllimlər  hazırlıq üçün məktəb kitabxanasındakı dərslik və digər vəsaitlərdən istifadə edirdi. Təqdim olunan dərsdə müəllimin danışığı, izahı, ifadə tərzi, öyrədici tapşırıqlar tərtib etmək bacarıqları  qiymətləndirilirdi. Az vaxt ərzində 300 nəfərdən çox müəllimi dinlədik, hazırladıqları dərslərə qulaq asdıq.

 

Seçilən müəllimlərə  tapşırıqlar verildi ki, öz üzərində işləyib hazırlaşsınlar, istənilən vaxt onları dəvət edə bilərik. Aprel ayından ölkədə karantin şəraiti elan ediləndə hazırlıqlarımız tamamlanmışdı. Artıq hər hansı çətinliyimiz qalmamışdı. Teledərslərə kimi və nə vaxt  dəvət edəcəyimizi bilirdik”.

 

N.Mehdiyevanın sözlərinə görə, bəzi müəllimlər yaşı ilə, bəziləri epidemiya şəraiti ilə əlaqədar olaraq prosesdən kənarlaşmağa məcbur olsalar da,  teledərslərə cəlb edilən müəllimlərin çoxu ilk gündən dərs ilinin sonunadək  layihədə  fəaliyyətini uğurla davam etdiriblər.

 

Teledərslər vahid bazada

 

İbtidai siniflər üçün teledərslər hər gün 3 dərs olmaqla həftədə 4 dəfə, yuxarı siniflərdə həftənin 2 günü 10 fənn tədris olunmaqla  keçilirdi. Məsələn, VIII sinifdə oxuyan şagird teledərsə həftənin 2 günü baxır, hər dəfə bir neçə fənn üzrə dərs alırdı.

 

Qeyd edək ki, teledərslərdə məktəbəqədər, ümumi təhsil və peşə təhsil səviyyələrini əhatə edən 3224 video çəkilib. Çəkilişlərdə ümumilikdə 120 müəllim iştirak edib. Bütün dərslər https://video.edu.az/  saytında yerləşdirilib.

 

“Ən yaxşı müəllim insanın öyrənmək hissidir”

 

Layihənin ən fəal iştirakçılarından biri akademik Zərifə Əliyeva adına liseyin coğrafiya müəllimi Anar Mustafazadədir. Anar müəllim teledərslərdə 40-dan artıq dərsə çəkilib: “Sınaqlara dəvət olunanda çox həyəcanlıydım. Elə müəllimlər vardı ki, bir neçə dəfə sınaq çəkilişləri olurdu. Mənim də öyrəşmədiyim bir situasiya olsa da, cəmi bir dəfə sınaq çəkilişində oldum”.

 

Amma növbəti mərhələ sınaqdan da çətin olub: “Videodərslərdə mənə ən çətin gələn materialların hazırlanması idi. Ənənəvi dərsin hazırlığına sərf etdiyimdən daha çox vaxt tələb olunurdu. Biliyin ən sadə, anlaşılan formada çatdırılmasına nail olmalıydım. Əslində, müəllim olaraq bütün dərslərimdə məqsədim budur. Ancaq ənənəvi dərsdə şagirdlərin gözündən nəyi anlamadığını bilmək mümkündür. Burada isə şagirdləri görmürsən. Ona görə də ötürdüyüm biliyin əhatəliliyinə, anlaşılan olmasına xüsusi diqqət yetirirdim”.

 

Anar Mustafazadə çəkildiyi 35 normal dərs, 1 inteqrativ və abituriyentlər üçün 7 dərsdə lazım olan biliyin ötürülməsi üçün əlindən gələni etdiyini deyir. Dəvət olunarsa, yeni tədris ilində də layihədə iştirak etməyi düşünür. Sözlərindən görünür ki, dəvət gözləmədən növbəti tədris ili üçün planını çoxdan cızmağa başlayıb: “Bu dəfə şagirdləri fəallaşdırmağa çalışacağam. İstiqamətləndirici suallarla onları araşdırmağa sövq edəcəyəm. Yeni başlayan dərslər üçün maraqlı suallar düşünürəm. Şagirdlərdə oxumağa daxili məsuliyyət yaratmaq, tədqiqat sualları vasitəsilə  özlərinin araşdırma aparmasına  nail olmaq istəyirəm.  Belə bir fikir var ki, oxumağa həvəsi  müəllim yaradır. Məlumdur ki,  şagirdlər bütün  fənlər üzrə yaxşı müəllimdən dərs ala bilmirlər. Bu baxımdan, teledərs layihəsi çox önəmlidir. Öyrənmə mənbələri nə qədər çox olarsa, öyrənənlər  bir o qədər uğurlu olar. Amma unutmayaq ki,  ən yaxşı müəllim insanın öyrənmək hissidir. İnsan özündə öyrənməyə  həvəs yaradarsa, bütün istiqamətlər üzrə özünü inkişaf etdirə bilər”.

 

İnsanın daxili məsuliyyətinin formalaşmasına pandemiyanın təsirini  qeyd edən Anar müəllim hesab edir ki, biliyi məktəbdə müəllimdən almağa öyrəşmiş bugünkü nəsil mövcud vəziyyətlə əlaqədar həmin imkandan məhrum qaldı və müstəqil öyrənmə səriştəsinin  formalaşmasına ehtiyac yarandı. Biz bir daha əmin olduq ki, müstəqil öyrənmə səriştəsinin  formalaşması təhsilin inkişafında mühüm əhəmiyyətə malikdir. 

 

Yeni tədris ilində dərslər yeni studiyalarda çəkiləcək

 

Teledərslərin sentyabr ayından yayımı davam etdiriləcək. Ayın ilk həftəsindən başlayaraq tamamilə yeni formatda, yeni keyfiyyətdə dərslərin çəkilişlərinə başlanacaq. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun sözlərinə görə, bu məqsədlə tamamilə yeni dizaynda 4 studiya qurulub. Həm humanitar, həm texniki, həm də ibtidai siniflər üçün dərslərin çəkiləcəyi həmin studiyalar yeni monitorlarla, mövzuları əhatə edən ayrı-ayrı elementlərlə təchiz olunub: “Tədrisin hansı şəraitdə, hansı formada - ənənəvi, hibrid, yaxud onlayn aparılmasından asılı olmayaraq, teledərslər mart ayına qədər davam edəcək. Düşünürük ki, mart ayının 11-dən başladığımız teledərslər ən azı bir illik formatda olsun. Yayım formatı tədris proqramına uyğun olaraq qurulsun və davam etdirilsin. Prosesi yarıda qoymaq istəmirik. Müəllimlərimiz, şagirdlərimiz teledərslərimizi yeni tədris ilindən izləyə biləcəklər”.

 

Ruhiyyə DAŞSALAHLI