Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsində “Baba Nemətullah Naxçıvani: həyatı, elmi şəxsiyyəti və əsərləri” adlı monoqrafiyanın təqdimatı keçirilib.

 

Tədbirdə Naxçıvan Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək, orta əsrlər Naxçıvan mühitinin yetirdiyi görkəmli şəxsiyyətlərdən biri olan Nemətullah Naxçıvani ilə bağlı ciddi elmi araşdırmaların aparıldığını bildirib.

 

Onun sözlərinə görə, 2019-cu ildə Türkiyənin Səlcuq Universitetinin Süleyman Dəmirəl Mədəniyyət Mərkəzində “Naxçıvandan Konyaya bir körpü: Nemətullah Naxçıvani” mövzusunda konfrans keçirilib, alimin həyat və yaradıcılığı ilə bağlı çıxışlar edilib, tədbirdə “Nemətullah vətəni Naxçıvan” filmi də nümayiş olunub. Tədbir çərçivəsində nümayəndə heyəti N.Naxçıvaninin məzarını ziyarət edib, Ağşəhərdə N.Naxçıvani adına İmam Hatib dini orta məktəbində olublar. Türkiyədə çap edilən N.Naxçıvaninin “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” (Quran kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi) adlı 5 cildlik təfsir də olmaqla, ümumilikdə N.Naxçıvani ilə bağlı 21 adda kitab muxtar respublikaya gətirilib.

 

Vurğulanıb ki, tədbirlər planına uyğun olaraq Naxçıvanda 2019-cu ildə “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfrans keçirilib. Naxçıvan Ali Məclisinin sədri yanında Bilik Fondunun dəstəyi ilə həmin konfransın materialları, Naxçıvan Bölməsində hazırlanan “Nemətullah Naxçıvani: taleyi və sənəti” adlı kitab, eyni zamanda N.Naxçıvaninin “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” adlı 3 cildlik təfsiri nəşr olunub.

 

Türkiyənin Naxçıvandakı Baş konsulu tərəfindən N.Naxçıvaninin Türkiyə kitabxanalarında saxlanılan 12 əlyazmasının nüsxəsinin elektron variantı Naxçıvan Bölməsinə təqdim edilib.

 

Məlumat verilib ki, Türkiyənin Samsun 19 Mayıs Universitetinin professoru Yaşar Kurtun 300-dən artıq elmi ədəbiyyatdan bəhrələnərək qələmə aldığı “Baba Nemətullah Naxçıvani: həyatı, elmi şəxsiyyəti və əsərləri” adlı monoqrafiyada N.Naxçıvaninin yaşadığı dövrdə təfsir, hədis, fiqh, kəlam, tibb, tarix, ədəbiyyat kimi elmlər, dini təriqətlər və onların cəmiyyət həyatında rolu təhlil edilib.

 

Qeyd olunub ki, monoqrafiya N.Naxçıvani irsinin tədqiqatçıları, tarixçilər, dinşünas alimlər və ali təhsil müəssisələrinin tələbələri üçün qiymətli mənbə rolunu oynayacaq.

 

Bölmənin sədri, akademik İsmayıl Hacıyev ictimaiyyətə təqdim olunan kitabı N.Naxçıvaniyə həsr olunmuş sistemli tədqiqat əsəri kimi qiymətləndirib.  

 

Tədbirdə kitabın müəllifi Yaşar Kurt da çıxış edərək əsərin ərsəyə gəlməsindən söz açıb.  

 

Sonda iştirakçılar nəşr olunan kitabların sərgisi ilə tanış olublar.