Bioloji Təbabət Kilinikasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələrinin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.

 

Universitetdən bildirilib ki, ADNSU-nun cihazqayırma mühəndisliyi kafedrasının Biotibbi texnologiyalar mühəndisliyi ixtisasının tələbələri – Nazənin Qasımova, Murad Abbasov, Afiq Qasımlı, Tunar Məmmədov  və Əmrah Fərziyev bu il iyul ayının 26-dan avqustun 25-nə qədər Bioloji Təbabət Klinikasında gündəlik kliniki təcrübə keçiblər. Onlar keçdikləri kiliniki təcrübə zamanı dərslərdə aldıqları nəzəri biliklərin praktiki olaraq tətbiq etmə metodlarını öyrəniblər. Tələbələr Kliniki laboratoriya təhlillərinin hansı cihazlarda və hansı metodlarla aparılmasından başlayaraq plazmoferez, fizioterapiya aparatlarının bütün növləri, oftalmologiya, rentgen, KT, ensefoloqrafiya şöbələrində təcrübə keçməklə bilik və bacarıqlarını artırıblar.

 

Bioloji Təbabət Kilinikasının təsisçisi Elxan Yaqubov Azİİ-nin məzunu kimi tələbələrin təcrübə keçməsinə xüsusi diqqət göstərib və klinikada onların tibbi-texnoloji biliklər qazanması, praktiki biliklərinin formalaşması üçün geniş imkan yaradıb.

 

Bioloji Təbabət Kilinikasında təcrübənin nəticəsi olaraq keçirilən mükafatlandırılma zamanı ADNSU-nun 5 tələbəsinə setifikat verilib, 1 tələbənin isə təcrübədən sonra işlə təmin olunduğu diqqətə çatdırılıb. Eyni zamanda digər təcrübə keçən tələbələrə də yeni işlər təklif edilib.

 

ADNSU-nun rektoru, professor Mustafa Babanlı mükafatlandırma mərasiminə onlayn formatda qoşularaq Bioloji Təbabət Kilinikasının rəhəbərliyinə təşəkkürünü bildirib və uğurlu təcrübə keçən tələbələri təbrik edib. Qeyd edib ki, universitetin tələbələrinin uğurlu təcrübə keçməsi və zamanında işlə təmin olunması ADNSU-nun inkişaf strategiyasının mühüm bir hissəsini təşkil edir. M.Babanlı Biotibbi texnologiyalar mühəndisliyi ixtisasının hər zaman aktual olduğunu və bu səhə üzrə təhsil alan tələbələrin nəzəri biliklərlə bərabər, praktiki bacarıqları da inkişaf etdirməsinin vacibliyini bildirib.

 

ADNSU-nun cihazqayırma kafedrasının müdiri, texnika elmləri doktoru Lalə Bəkirova Bioloji Təbabət Kilinikası ilə ADNSU-nun əməkdaşlığının bundan sonra da davam edəcəyini və tələbələrin buradakı şəraitdən yararlanaraq ixtisasa uyğun təcrübə keçib mütəxəssis kimi formalaşacaqlarını söyləyib.

 

Sonda klinika ilə ADNSU arasında əməkdaşlıq memorandumunun  imzalanması və əməkdaşlığın yeni müstəvidə davam etdiriləcəyi ilə bağlı fikir mübadiləsi aparılıb.