Sumqayıt Dövlət Universitetində (SDU) 2020-2021-ci tədris ilində həyata keçiriləcək ən böyük layihələrdən biri universitetin 1 saylı tələbə yataqxanasının əsaslı təmiridir.

 

Ali məktəbdən bildirilib ki, yataqxanada 1992-ci ildən bəri məskunlaşan məcburi köçkünlər 2020-ci ilin əvvəlində dövlət tərəfindən onlar üçün tikilmiş binalara köçürülüblər. Tam yararsız vəziyyətə düşmüş həmin yataqxana müasir standartlara uyğun layihələndirilib və tələbələrin rahatlığını təmin etmək üçün burada  hər cür şəraitin yaradılması planlaşdırılıb. Yataqxanada 100-ə yaxın otaqdan əlavə kitabxana, camaşırxana, yeməkxana və tələbələrin asudə vaxtının keçirilməsi üçün istirahət guşəsi də nəzərdə tutulub.

 

Fizika və elektroenergetika fakültəsinin təşəbbüsü ilə energetika üzrə mütəxəssis hazırlığında tədris olunan fənlərin dərindən öyrənilməsi istiqamətində universitetdə Elektroenergetika üzrə Muzey və Tədris poliqonunun yaradılması da planlaşdırılır.

 

Yaradılacaq Muzey və Tədris poliqonu tədrislə yanaşı, elmi fəaliyyətlə məşğul olan professor-müəllim heyəti və tələbələr üçün faydalı olacaq. Tədris poliqonu  yüksək gərginliyin alçaq gərginliyə çevrilərək istifadəçilərə ötürülməsində istifadə olunan hər bir mövqenin tələbələrə ayrı-ayrılıqda mükəmməl öyrədilməsində əyani vəsait kimi çıxış edəcək. Bu da elektroenergetika sahəsində mütəxəssis hazırlığı üçün əvəzolunmaz bir vasitədir.

 

Qeyd edək ki, layihə çərçivəsində görülən işlərdən xəbərdar olmaq və müzakirələrdə iştirak etmək üçün müvafiq linkə ( https://www.facebook.com/groups/ali.tehsil) daxil olaraq feysbuk qrupuna  qoşulmaq tövsiyə edilir.