Bakı Mühəndislik Universitetinin (BMU) magistr tələbəsi Kənan Yusubov “Google” şirkətinin Proqramçı Tələbələr Klubu proqramına Klubun yerli bölməsinin rəhbəri olaraq qəbul olunub. Belə ki, BMU-nun İnnovasiya Mərkəzində “Google” Proqramçı Tələbələr Klubu - Developer Student Clubs (DSC) yaradılacaq.

 

Universitetdən verilən məlumata görə, Azərbaycanın ali təhsil müəssisələrindən müraciət edənlər çox olsa da, proqrama ölkəmizdən 2 nəfər tələbə qəbul olunub ki, onlardan biri BMU-nun tələbəsi Kənan Yusubovdur.

 

Qeyd edək ki, Proqramçı Tələbələr Klubu “Google” tərəfindən yaradılan və tələbələr üçün təşkil olunan proqramdır. Sözügedən proqramda rəhbərlik bir illiyə təyin olunur, bu müddət ərzində BMU tələbəsi və onun formalaşdırdığı klub yeni layihələr üstündə işləməli, innovativ tədbirlər həyata keçirməlidir. Bu proqram sayəsində tələbələr öz təhsil mərkəzləri ilə “Google” arasında əməkdaşlıq əlaqələri yarada və öz üzərlərində işləyərək inkişaf edə, karyeralarına böyük töhfə verə bilərlər. İlin sonunda isə klublar öz innovativ həllərini “Google”a təqdim etməlidirlər.