Yeni tədris ilinin onlayn formada başlaması ilə əlaqədar Bakı Dövlət Universitetinin (BDU)  Elmi Kitabxanası professor-müəllim heyəti və tələbələrin informasiya tələbatını ödəmək məqsədilə bir sıra beynəlxalq açıq məlumat bazalarına giriş əldə edib.

 

Universitetdən bildirilib ki, Elmi Kitabxana respublikanın ali məktəb kitabxanalarının metodiki mərkəzi olduğundan, "Metodiki iş və əməkdaşlıq" şöbəsi bu açıq məlumat bazalarına digər ali məktəb kitabxanalarının da girişini təmin edib. Məlumat bazalarına Elmi Kitabxananın veb səhifəsindən müvafiq bannerin üzərinə klik etməklə və ya tammətnli məlumat bazaları rubrikası ilə daxil olmaq mümkündür.

             

Bazada yer alan “European Books Limited” (İngiltərə, London) - Avropa kitabları şirkətinin ali məktəblər üçün 180 000 təqaüd qrantları və  290 000 ali məktəb proqramlarının məlumat və istinad arxivinə giriş açıqdır. “EBSCO Open Dissertations” bazası müxtəlif elm sahələrinə dair, müxtəlif dillərdə dissertasiyalardan açıq istifadə etmək imkanı verir.

 

“Polpred.com” - işgüzar kütləvi informasiya vasitələri elektron kitabxana sistemi rubrikatorlu məlumat bazası olaraq gündəlik minlərlə xəbər, rus dilində tam mətnlər, 20 il ərzində informasiya agentliklərinin və işgüzar mətbuatın 4 milyon süjeti, 110 sahə və altsahə, 250 ölkə, ərazi və region, 600 mənbə, 170000 material, o cümlədən 90000 müəllif məqaləsi, 30000 min şəxsin müsahibəsi, geniş axtarış imkanları, bir kliklə yüzlərlə məqalənin Word-ə eksport olunmasını təqdim edir.