“2019-2020-ci tədris ilinin Respublika Fənn Olimpiadaları (RFO) qaliblərinin mükafatları təqdim edilir. Bu barədə müvafiq rayon təhsil şöbələri və məktəb rəhbərlərinə məlumat verilib”.

 

Bunu “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev deyib. Onun sözlərinə görə, artıq "Birinicilərin birinciləri"nə diplom, medal və hədiyyələr təqdim edilib.

 

Qeyd edək ki, "Birincilərin birinciləri" nominasiyası üzrə əvvəllər 8 nəfər qalib olurdu, bu il ilk dəfə olaraq 10 nəfər qalib var. Belə ki, riyaziyyat və coğrafiya fənni üzrə yuxarı sinif şagirdləri arasında maksimum bal toplayan 2 nəfər olub və təşkilat komitəsi hər ikisini mükafatlandırmağa qərar verib.

 

“Birincilərin birincisi” mükafatına layiq görülən 10 məktəblidən hər birinə “Noutbuk HP” hədiyyə edilib. I yerin sahibləri “Apple Ipad”, II yerin sahibləri “Lenovo” tablet, III yerə layiq görülənlər isə “VMF” qol saatı qazanıb. “Mükafatların təqdim edilməsi sentyabrın 21-dək davam edəcək. Biz məktəblilərə söz vermişdik ki, qaliblərə xüsusi mükafatlar təqdim edəcəyik. Pandemiya ilə əlaqədar olaraq təntənəli tədbir keçirə bilmədik. Ancaq uşaqların aldıqları mükafatların qalmasını istəmirik. Ona görə də qaliblərin hər birini Təhsil texnologiyaları mərkəzinə dəvət edərək mükafatları  və diplomları onlara təhvil veririk”-deyə F.Qarayev bildirib.

 

Ruhiyyə