2020-2021-ci tədris ilində Bakı Slavyan Universitetinin  (BSU)  bakalavriat və magistratura səviyyələrinə əcnəbi tələbələrin qəbulunun 30 sentyabr tarixində yekunlaşdırılması nəzərdə tutulub.

 

Universitetdən bildirilib ki, Hazırlıq şöbəsinə isə əcnəbi tələbələrin qəbulu 15 oktyabr tarixinə kimi aparılacaq.

 

Məlumat üçün bildirək ki, əcnəbi tələbələrin qəbul prosesi 2 mərhələdən ibarətdir: sənəd qəbulu və müsahibənin keçirilməsi. Birinci mərhələdə əcnəbi vətəndaşlar BSU-nun rektorunun adına ərizə yazaraq tələb olunan sənədləri təqdim etməlidirlər. Həmin sənədlər Qəbul Komissiyasının üzvləri tərəfindən yoxlanılır.

 

İkinci mərhələdə müraciət edən əcnəbi vətəndaşlar rektorun sədrliyi və Qəbul Komissiyası üzvlərinin iştirakı ilə əyani müsahibədən keçməlidir. Müsahibə namizədin seçdiyi ixtisasa uyğun bilik səviyyəsini müəyyən etmək məqsədilə aparılır.

 

Bu günə olan məlumata əsasən, BSU-ya  müxtəlif təhsil səviyyələrində təhsil almaq üçün dünyanın 11 ölkəsindən  40-dan çox əcnəbi vətəndaş müraciət edib.

 

Qeyd edək ki, əcnəbi vətəndaşların BSU-ya qəbulu və təhsili ilə bağlı ətraflı məlumat universitetin rəsmi saytında Azərbaycan, rus, ingilis və türk dillərində yerləşdirilib.