Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində ibtidai siniflərdə 21 sentyabr-Beynəlxalq Sülh Günü ilə əlaqədar dərslər keçirilib. Dərslərdə Beynəlxalq Sülh Gününün yaranma tarixi barədə şagirdlərə ətraflı məlumat verilib.

 

Qeyd olunub ki, bu əlamətdar gün BMT Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə təsis edilib. Sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, müharibələrin, hər cür zorakılığın dayandırılması arzusunun tarix boyu bəşəriyyəti düşündürdüyü və sülhsevərliyi ilə fərqlənən Azərbaycan xalqının da sülh şəraitində yaşamaq arzusunda olduğu şagirdlərin diqqətinə çatdırılıb.

 

Şagirdlərə sülh mədəniyyəti, vətənpərvərlik, adət-ənənələrə hörmət ruhu aşılamaq, onların bədii-estetik səviyyələrini yüksəltmək məqsədilə keçirilən dərslərdə "Biz sülhə səs veririk", “Sülh insan həyatının təminatıdır”, “Azərbaycan sülh tərəfdarıdır”, “Bəşəriyyətə sülh gərək”, “Göyərçinim-sülh quşum”,  “Sülhə gəlin, ey insanlar!” kimi şüarlar səsləndirilib.