Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşları - İnqilab Şahbazov və Zaur Əfəndiyevin birlikdə həyata keçirdikləri kriminoloji tədqiqatın nəticəsi nüfuzlu beynəlxalq jurnalda nəşr edilib. Məqalənin qəbul edildiyi Caucasus Survey (tərcümə - Qafqaz Araşdırmaları) jurnalı Taylor & Francis nəşriyyatına məxsus olub, ərazi tədqiqatları (aerial and cultural studies) üzrə Q1 statusuna malikdir. Nəzərə çatdıraq ki, Q1 statusu jurnalın öz sahəsi üzrə ən yüksək 25% kvintilinə aid olduğunu göstərir.

 

İ.Şahbazov və Z. Əfəndiyevin birlikdə apardıqları elmi-tədqiqat işinin məqsədi əhalinin odlu silahlara və odlu silahların tənzimlənməsinə dair qanunvericiliyə münasibətini öyrənmək olub. 589 nəfərlə anket sorğusu və 19 nəfərlə dərinləşdirilmiş müsahibə keçirilərək məlumat toplanıb. Seçmə təsadüfi olmayan qaydada ərsəyə gətirilib.

 

Tədqiqat müəyyən edib ki, post-konflikt cəmiyyətlərinin əksəriyyətindən fərqli olaraq, Azərbaycanda əhali odlu silahlara ''soyuq'' münasibət göstərir, odlu silahların tənzimlənməsinə dair qanunvericiliyin mövcud formada qalmasını istəyir. Respondentlərin 88%-i müvafiq qanunların yumşaldılmasının cinayətlərin sayının artacağına səbəb olacağını hesab edir. Seçmədəki əhali üçün odlu silahların əsasən iki mənasının olduğu da müəyyənləşib - özünümüdafiə (41%)  və ov vasitəsi (44%). Maraqlıdır ki, sorğuya əsasən, bəzi ölkələrdən (məsələn, ABŞ) fərqli olaraq, Azərbaycanda odlu silahların maskulinlik (kişi kimliyinin formalaşması) cəhətdən elə də bir əhəmiyyəti yoxdur. Kriminoloji tədqiqat bunu da göstərdi ki, bir sıra post-konflikt cəmiyyətlərdən (məsələn, Bosniya və Herseqovina) fərqli olaraq, Azərbaycanda silaha tələbat yaranmayıb ki, bu da müsbət haldır.

 

Məqalənin abstraktı ilə tanış olmaq üçün bu keçidə daxil ola bilərsiniz -

 

https://www.tandfonline.com/doi/full/10.1080/23761199.2020.1809808

 

O.MUSTAFAYEV