Naxçıvan Dövlət Universitetində “Beynəlxalq turizm bu gün: reallıqlar və perspektivlər” mövzusunda onlayn konfrans keçirilib.

 

Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, muxtar respublikada turizmin davamlı inkişaf etməsi və genişlənməsi bu sektoru sosial-iqtisadi tərəqqinin aparıcı sahələrindən birinə çevirib. Rektor universitetdə “Turizm işinin təşkili”  ixtisasının açılmasının muxtar respublikada bu istiqamət üzrə kadr hazırlığına töhfə kimi dəyərləndirib.

 

“Dayanıqlı beynəlxalq turizmin inkişafında təhlükəsizlik məsələləri” adlı çıxışında universitetin bələdiyyə və turizm kafedrasının dosenti Əli Cabbarov ölkədaxili və beynəlxalq turizmin növlərindən danışıb. Vurğulayıb ki, muxtar respublikanın təhlükəsiz region kimi tanınması, keçirilən beynəlxalq və yerli əhəmiyyətli tədbirlər, təşkil edilən info-turlar, aparılan təbliğat işləri də turistlərin sayının artmasına müsbət təsir göstərib.

 

Həmin kafedranın müəllimi Nigar Bababəyli “Turizm təşkilinin beynəlxalq əhəmiyyəti” adlı çıxışında bildirib ki, mövcud təbii ehtiyatlar, əlverişli iqlim şəraiti, zəngin tarixi-mədəni irs cəlbedici turizm məhsullarını çoxaltmaq üçün əsaslı zəmin yaradır. Onun sözlərinə görə,  turizm insanların asudə vaxtlarının səmərəli təşkilinə və çox sayda yeni iş yerlərinin yaradılmasına səbəb olur.

 

“Dünya turizm pazarında yeni eğilimlər: Covid 19 sonrası aşırı turizmden sıfır turizme” adlı çıxışında “Anadolu” Universiteti turizm fakültəsinin müəllimi İnci Oya Coşkun diqqətə çatdırıb ki, ən çox səyahət edilən ölkələr arasında Avropa ölkələri öz liderliyini qoruyub saxlayır. O, ölkələrarası siyasi gərginliyin, müharibələrin turist axınına, başqa sözlə turizmə böyük zərbə vurduğunu bildirib. Pandemiyanın turizm sənayesinə təsirləri, bu təsirlərin minimuma endirilməsi üçün  görülən tədbirlər və turizmin mərhələli bərpa planı haqqında da məlumat verib.

 

Naxçıvan Turizm Departamentinin Statistika və Sertifikatlaşdırma sektorunun müdiri Həsən Kərimov “Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı” adlı çıxışında deyib ki, Naxçıvanda son illərdə yaradılmış yüksək səviyyəli yol, rabitə, enerji infrastrukturu və sosial-mədəni şərait turizmin bir çox növləri üzrə geniş imkanlar yaradır.

 

Konfransın sonunda belə nəticəyə gəlinib ki, turizmdə baş verən bütün neqativ halların qarşısını almaq üçün təkcə bir və ya bir neçə dövlət deyil, bütövlükdə dünya dövlətləri bu problemin həlli üçün birgə fəaliyyət göstərməlidirlər.