Hacı Əliyev, 3 qat dünya və Avropa çempionu: “İstər yarışda, istərsə də cəbhədə düşmənlə qarşılaşmağa hazıram”


AZƏRBAYCAN ordusu bu gün tarixin ən şanlı günlərini yaşayır. Azərbaycanın 30 ilə yaxın işğal altında olan 20 faiz torpaqları rəşadətli  ordumuz tərəfindən düşmən tapdağından azad edilir. Azərbaycan dünyanın sayılıb-seçilən dövlətlərindən biridir.  Bu dövlətin vətənpərvər övladlarının cəsarəti və qəhrəmanlığı sayəsində torpağımızın bir qarışı da mənfur düşməndə qalmayacaq. Bu fikirləri “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində  sərbəst güləş üzrə üç qat Avropa və dünya çempionu,  baş leytenant Hacı Əliyev  bildirib.   “Vətən dedikdə, biz yalnız müəyyən  sərhədləri olan bir torpaq sahəsi başa düşmürük. Vətən bizim üçün ilk növbədə anadır.  Çünki o, bizi bir ana kimi öz qoynunda bəsləyir, boya-başa çatdırır. Biz bu torpağın havasını udur, suyunu içir, çörəyini yeyirik. Azərbaycan bizim hamımızın ümumi vətənidir”, - deyərək söhbətə körpü saldı.

 

- Vətənpərvər idmançı kimi indiyə qədər  iştirak etdiyin yarışlarda neçə erməni güləşçisi ilə qarşılaşmısan. Həmin qələbələrini necə xatırlayırsan?

- Vətənin bayrağı yüksəklərə qalxıb,  himnimiz səslənirsə bu, qürurverici bir hissdir. Xüsusən də ermənilər üzərində qələbə qazanmaq olduqca xoşbəxt anlardır.  Bu günə qədər 10 erməni idmançısı ilə qarşılaşmışam. Və hər dəfə böyük hesabla qalib gəlmişəm.

 

- Sənə ehtiyac yarandığı halda müharibəyə getməyə hazırsanmı?

- Bəli, müharibəyə getmək istərdim. Çünki Vətənin müdafiəsinə hər an hazır olmalıyam. Bir idmançı kimi istər yarışda və istərsə də cəbhədə düşmənlə qarşılaşmağa hazıram. Mən qeyd etmək istərdim ki,  Azərbaycan Respublikası Sərhəd Qoşunlarının baş leytenantıyam.  Bir hərbiçi kimi də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməyə hər an hazıram”.

 

Oktyabrın 7-də ölkəmizin tanınmış idmançıları ilə birlikdə Mingəçevir və Göygöldə olan əsgərlərimizlə görüşdük. Əsgərlərimizin döyüş əzmi və qələbə ruhu çox yüksəkdir. Onlarla vətənpərvərlik mövzusunda söhbətlər apardıq, həmişə yanlarında olduğumuzu bildirdik.   

 

“Fürsətdən istifadə edib Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev başda olmaqla bütün xalqımızı bu gözəl qələbələr münasibəti ilə təbrik edirəm. Çox az bir zaman qalıb ki, biz torpaqlarımızı tamamilə azad edək. Məcburi köçkünlərimizə gözaydınlığı  vermək istəyirəm ki, şükürlər olsun ki, onlar öz yurdlarına və torpaqlarına qayıdacaqlar. Biz bu qələbələrimizlə, mərdlik və igidliyimizlə bütün dünyaya səs saldıq ki, Azərbaycan ordusu  öz torpaqlarını azad etməyə qadirdir”. 

 

 Rəşad ZİYADOV