Məlumdur ki, Türkiyədə çoxsaylı soydaşlarımız yaşayır, tələbələrimiz təhsil alır. Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək  uğrunda başladığı Vətən müharibəsinə onlardan da güclü dəstək var və qardaş ölkədə kifayət qədər aktivdirlər. 

 

Bu günlərdə tələbələrimiz  ermənilər tərəfindən Azərbaycana qarşı törədilən təxribatlara son qoyulması, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağdan çıxarılması tələbi ilə xüsusi fotosessiya hazırlayıblar.

 

Fotosessiya  “Danışan fotolar” adlanır və  İstanbul Universiteti-Cərrahpaşada təhsil alan həmyerlimiz Fəridə Nəcəfquluyevanın ideyası ilə gündəmə gəlib.

 

Azərbaycanlı  tələbələr öz etirazlarını “Azərbaycan öz ərazilərini erməni işğalçılarından təmizləyir”, “Biz dinc əhalimizi ermənilərdən qorumağa çalışırıq”, “Ermənilər Azərbaycan uşaqlarını öldürməyə davam edərkən dünya niyə hələ də susur?” kimi şüarlarla reallaşdırıblar.

 

İstanbulun müxtəlif yerlərində təşkil olunan etiraz fotosessiyasından şəkillər müxtəlif həşteqlərlə sosial şəbəkələrdə də yerləşdirilib.