Bakı Slavyan Universitetində (BSU) təhsil alan əcnəbi tələbələr Azərbaycanın öz ərazi bütövlüyünün təmin edilməsi istiqamətində apardığı haqlı mübarizəsini dəstəkləyir.  Onların fikirlərini təqdim edirik:

 

Özdönertaş Erman- Türkiyə vətəndaşı, Azərbaycan filologiyası fakültəsinin tələbəsi:

 

“Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün çıxışlarında dünya ictimaiyyətinə Ermənistanın quldur hərəkətlərinə son qoyulmasının zamanının gəlib çatdığını bəyan edərək haqlının yanında dayanmağın vacibliyini vurğulayır. Bu savaş günlərində Türkiyə qardaş Azərbaycana  həm mənəvi,  həm də diplomatik baxımdan dəstək olur, onu bu haqlı davasında müdafiə edir.

 

 

Yadımdadır, 2018-ci ildə BSU əcnəbi tələbələr üçün Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə səfər təşkil etmişdi. Mən də bu səfərə məmnuniyyətlə qatılmışdım. Açığını desəm, Gəncənin gözəlliyi, küçələrin səliqəsi, insanların səmimiyyəti, mehribanlığı və qonaqpərvərliyi məni heyran etmişdi. Bu günlərdə Gəncənin mənfur ermənilər tərəfindən yenidən bombalanması məni və tələbə yoldaşlarımı çox sarsıtdı. 17 oktyabr səhərini bu ağrılı, acılı xəbərlə açdıq… Gecə saatlarında erməni terrorçuları yenə dinc mülki əhalini raket atəşinə məruz qoydular. Vandalizm törətdilər. Bunlara başqa ad vermək olmur. Nə ordudur, nə hərbi birlik, nə də ki insan! Bunlar terrorçudurlar! Bir millət, bir dövlət olaraq çox qəzəbliyik.

 

Biz də BSU-nun tələbələri olaraq bu mübarizədə əlimizdən gələni əsirgəmirik. Sosial şəbəkələrdə Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən tarixi faktları paylaşaraq, ermənilər tərəfindən törədilən vəhşilikləri  bütün dünyaya çatdırmağa çalışırıq. Qarabağın Azərbaycan Ordusu tərəfindən tamamilə azad edilməsi gününü səbirsizliklə gözləyirəm. Can Azərbaycanın günəşli günlərinin çox yaxında olduğuna inanıram.  Dünya bilsin ki, Qarabağ Azərbaycandır !”

 

 

Agha Fatma-Pakistan vətəndaşı, tərcümə fakültəsinin tələbəsi:

 

“12 ildir ki, Azərbaycanda yaşayıram və özümü vətənimdəki kimi hiss edirəm. Bu səbəbdən də son günlər baş verən hadisələr ürəyimə toxunur. Bildiyiniz kimi, Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıyan və haqlı mübarizəsini dəstəkləyən ilk dövlətlərdəndir. Bu ilin fevral ayında BSU-nun akt zalında Xocalı faciəsi ilə bağlı nümayiş etdirilən kadrlar məni dəhşətə gətirdi və çox kövrəldim. Göz yaşlarımı tuta bilmədim. Dinc əhaliyə qarşı bu cür qəddarlıq yalnız faşist xislətli bir dövlətə məxsus ola bilər. Erməni terrorçuları 28 il sonra Gəncə şəhərində yenə də soyqırımı törətdilər. Onların cavabı verilməlidir və mütləq veriləcək! Bu müddət ərzində ermənipərəst təbliğatçilar utanmadan yalan xəbərlər, təhrif olunmuş tarixi faktlar yayırlar, həmçinin Gəncəyə hücumlarını və bu terror qurbanlarının fotolarını özlərininki kimi qələmə verirlər.

 

Ermənistan dövləti bu müharibəyə dini mahiyyət verməyə də çalışır. Qeyd etmək istərdim ki, mənim tələbə yoldaşlarım müxtəlif dinlərin nümayəndələridir. Aramızda xristian, buddist və yəhudi tələbələr var. Biz hamımız mehriban ailə kimi yaşayırıq və heç bir dini, milli ayrı-seçkilik yoxdur. Ümumiyyətlə, multikultural dəyərlərə Azərbaycan cəmiyyətində çox önəm verilir. Azərbaycanlı qardaş və bacılarım bilsin ki, biz hər zaman Azərbaycanın yanındayıq. İnanıram ki, güclü, qüdrətli Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək və mütləq qələbə qazanacaqdır. Çünki həqiqət Azərbaycanın tərəfindədir!”