Sumqayıt Dövlət Universitetində  (SDU) “Azərbaycanın tranzit potensialının iqtisadi inkişafda rolu” mövzusunda videokonfrans formatında  Respublika elmi konfransı öz işinə başlayıb.

 

Konfransda Milli Məclisin üzvi, akademik Ziyad Səmədzadə, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı  Vüqar Bayramov, Azərbaycan Dövlət İqtisad Universitetinin ticarət və gömrük işinin təşkili kafedrasının müdiri, professor Arif Şəkərəliyev, Bakı Dövlət Universitetinin dünya iqtisadiyyatı kafedrasının müdiri, professor Hacıağa Rüstəmbəyov, AMEA-nın İqtisadiyyat İnstitutunun Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri şöbəsinin müdiri, professor Tərbiz Əliyev və universitetin professor-müəllim heyəti iştirak ediblər.

 

Tədbiri  SDU-nun  elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov açaraq bildirib ki, onlayn formatda keçirilən altıncı konfrans  respublika  üçün çox taleyüklü hadisələrin baş verdiyi bir dövrə təsadüf edir.  Prorektor  Milli Ordumuzun uğurlarını, azad edilmiş torpaqlarımızda Azərbaycan bayrağının dalğalandığını qürurla vurğulayıb.

 

Konfransın əhəmiyyətindən bəhs edən  R.Məmmədov  qeyd edib ki, burada  məqsəd Azərbaycanın ticarət-logistika infrastrukturunun gücləndirilməsini, nəqliyyat-tranzit sektorunun ölkənin sosial-iqtisadi infrastrukturunun dayanıqlı inkişafında yeri və rolunu əsaslandırmaqdan ibarətdir:”Bütün dünya ölkələrində, o cümlədən respublikamızda iqtisadiyyatın inkişafında mühüm önəm daşıyan sahələrdən biri nəqliyyat sistemi və onun inkişafıdır. Ümid edirəm ki, dəyərli məruzəçilər və digər konfrans iştirakçıları məzmunlu tədqiqatları, əldə etdikləri elmi nəticələri və praktiki təklifləri ilə iqtisadi təhlükəsizliyimizin gücləndirilməsinə əməli töhfə verəcəklər”.

 

Milli Məclisin üzvi  Ziyad Səmədzadə “Azərbaycanın tranzit potensialının iqtisadi inkişafda rolunun strateji aspektləri” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, nəqliyyat sahəsi, tranzit daşımaları qeyri-neft sektorunun aparıcı sahələrindəndir:” Digər sahələrdə olduğu kimi, nəqliyyat sektorunun inkişafı, tranzit imkanlarının genişləndirilməsi üçün mühüm işlər görülür, layihələr həyata keçirilir.Bütün bunlar Azərbaycanın nəqliyyat infrastrukturunun gücləndirilməsində mühüm rol oynayır və tranzit daşımalarında iştirak imkanını genişləndirir”.

 

Milli Məclisin deputatı Vüqar Bayramov  “Azərbaycanın qeyri-neft sektorunun gücləndirilməsində infrastruktur və tranzit koridorlarından səmərəli istifadə istiqamətləri” mövzusunda çıxış edib:”Nəqliyyat, infrastruktur və logistika sahələrində birgə layihələr dövlətimizin iqtisadi imkanlarını genişləndirir, əhəmiyyətini artırır. Tarixi İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan, həm də digər dəhlizlərlə müqayisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir. Bu, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına imkan yaradır”.

 

Tədbirdə digər elm və  təhsil qurumlarının təmsilçiləri  də çıxış ediblər.

 

Konfrans öz işini 4 bölmə üzrə iki gün davam etdirəcək.