Naxçıvan Dövlət Universitetinin (NDU) rəsmi internet saytı (ndu.edu.az) müasir proqram təminatı və tərtib olunmuş alqoritm əsasında yenidən hazırlanaraq istifadəyə verilib.

 

Bu münasibətlə keçirilən təqdimat mərasimində universitetin rektoru Elbrus İsayev qeyd edib ki, yenilənmiş saytın əsas  məqsədi müasir iş prinsiplərinin və innovativ yeniliklərin tətbiqi, rabitə, internet xidmətləri sahəsində fəaliyyəti gücləndirmək, kütləvi informasiya vasitələri ilə əlaqələrin daha dinamik və operativ şəkildə qurulmasını təmin etməkdir.

 

Bildirilib ki, həm funksionallıq, həm də dizayn baxımından müasir tələblərə uyğunlaşdırılan saytda elektron xidmətlərin həcmi genişləndirilib, funksionallığı artırılıb və  yeni modullar əlavə edilib. Həmçinin, saytın mobil versiyası da hazırlanıb. Rektor diqqətə çatdırıb ki, saytın gələcəkdə rus və ingilis dili versiyalarının da yenilənməsi üzərində iş aparılır.

 

Universitetin İnformasiya-Kommunikasiya Texnologiyaları və Elektron təhsil şöbəsinin müdiri Hüseyn Əsgərli sayt haqqında təqdimatla çıxış edib. Qeyd edilib ki, yeni sayt “Universitet haqqında”, “Administrasiya”, “Elm və Təhsil”, “Elmi əsərlər jurnalı”, “Sosial-mədəni mühit”, “Tələbə təşkilatları”, “Bizimlə əlaqə”  və s. bölmələrdən, ümumilikdə 120 səhifədən ibarətdir. Universitetin ilkin qısa təsviri ilə istifadəçilər əsas səhifədə, virtual səyahət bölməsi vasitəsilə  universitetlə tanış ola bilərlər. “Xəbərlər və elanlar”  bölməsində  universitetdə keçirilən tədbirlərə dair xəbərləri izləmək mümkündür.

 

Vurğulanıb ki, saytda eyni zamanda universitetin daxili elektron sənəd dövriyyəsi sistemi (nsu.edu.az), universitetin elektron kitabxanası (lib.ndu.edu.az), dərs, imtahan və digər elektron cədvəlləri əks etdirən E-cədvəl veb tətbiqi və Elekton təhsil sistemi (lms.nsu.edu.az) portalına birbaşa keçid imkanı, ndu.edu.az elektron poçt ünvanından istifadə üçün E-poçt bölməsi də yaradılıb.

 

Saytın rektora müraciət bölməsində istifadəçilər ərizə formasını doldurmaqla birbaşa rəhbərliyə öz müraciətlərini ünvanlaya bilərlər.

Diqqətə çatdırılıb ki, saytda ilk dəfə  yaradılan onlayn sənəd qəbulu bölməsində NDU-nun tələbəsi adını qazanmış istənilən abituriyent universitetə gəlmədən onlayn qeydiyyatdan keçə bilər. İmtahan nəticələri bölməsi vasitəsilə tələbələr istənilən yerdən sayta daxil olaraq imtahan nəticələri barədə məlumatı əldə edə bilərlər .

 

Saytda universitetin Elmi əsərlər jurnalı üçün ayrıca səhifə hazırlanıb və keçid verilib. Universitetin sosial şəbəkələrdəki səhifələrinə keçidlər də yer alıb ki, bu da saytdan istifadə edənlərin sayının artmasında mühüm əhəmiyyətə malikdir.

 

Təqdimatda o da diqqətə çatdırılıb ki, mövcud resurslardan istifadə edərək sayt üçün hosting server qurulub. Bu isə o deməkdir ki, artıq universitet özü müxtəlif qurumlara məxsus veb saytlar üçün hosting şirkətini əvəz edə bilər.

 

Qeyd edək ki yeni serverin və saytın təhlükəsizliyi tam şəkildə təmin olunub, sayt üçün SSL güvənlik sertifikatı yüklənilib.