Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və Orta əsrlər arxeologiyası şöbəsinin müdiri, dosent Toğrul Xəlilov Türkiyənin İzmir şəhərində keçirilən “IV. Beynəlxalq tətbiqi sosial elmlər” konqresində iştirak edib.

 

Dünyanın bir çox ölkələrinin alim və mütəxəssislərinin qatıldığı onlayn tədbirdə T.Xəlilov “Son Tunc dövründə Naxçıvanın dulusçuluq sənəti” mövzusunda məruzə ilə çıxış edib.

 

O, Azərbaycanın bütün bölgələrində olduğu kimi, Naxçıvanda da dulusçuluğun tarixinin qədimliyini  bildirib. Qeyd edib ki, bu sənətkarlıq sahəsinin tarixi Neolit dövründən başlayır və bu gün də öz inkişafını daha təkmil formada davam etdirir.

 

Alim məruzəsində Naxçıvan ərazisindəki Son Tunc dövrünə aid I Kültəpə, II Kültəpə, Şahtaxtı, Qızılburun, Plovdağ, Qazxan və digər arxeoloji abidələrdən aşkar olunmuş keramika məmulatlarının təyinatı, hazırlanma texnologiyası, forma və xüsusiyyətləri haqqında məlumat verib.

 

Bildirib ki, Tunc dövründə Naxçıvanda dulusçuluq ən mühüm sənətkarlıq sahəsi olub. Keramika məmulatları ayrı-ayrı dulusçular tərəfindən, müxtəlif dulusçu emalatxanalarında düzəldilib. Bu dövrdə keramika məmulatlarının çeşidləri çox, keyfiyyəti yaxşı olub. Forma və xüsusiyyətlərinə görə bir-birindən fərqlənən keramika məmulatının hər biri müəyyən məqsədlərlə istifadə edilib. Məmulatların üzərindəki ornamentlər onlara müəyyən gözəllik verməklə yanaşı, insanların dini-ideoloji görüşləri, düşüncə tərzi, bədii-estetik zövqü, həyat tərzi ilə bağlılıq təşkil edib.

 

Tarixçi alimin çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, məruzə ətrafında müzakirələr aparılıb.