Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Amil Abdullayev “Əl-cəzirə” kanalında yayımlanan xəbər proqramında iştirak edib.

 

Universitetdən bildirilib ki, proqrama Ermənistan Milli Məclisinin deputatı Vladimir Vardanyan, həmçinin Yale Universiteti, İordaniya Universiteti və Qətər Universitetində işləmiş, beynəlxalq əlaqələr üzrə professor Hassan Al Barari də qatılıb.  

 

BMU THİK-in sədri öncə erməni silahlı qüvvələri tərəfindən “Smerç” tipli raketin Bərdə şəhərinə atılmasından və mülki əhalinin hədəf seçilməsindən danışıb. Bərdənin cəbhə bölgəsində yerləşmədiyini və burada heç bir hərbi hədəfin olmadığını diqqətə çatdıran A.Abdullayev ermənilərin bu vəhşiliklərinin müharibə cinayəti olduğunu bildirib. O, xain hücum nəticəsində ilkin məlumatlara əsasən, 21 nəfərin həlak olduğunu və 70-dən çox insanın yaralandığını sözlərinə əlavə edib.

 

Azərbaycanın danışıqlarda kompromisə getməsi ilə bağlı suala THİK sədri belə cavab verib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev baza prinsipləri haqqında həmişə danışıb. Ermənistandan fərqli olaraq uzun illər boyu və bu müharibə ərzində də bizim yanaşmamız birmənalı şəkildə sabit olub. Davamlı olaraq demişik ki, ermənilər Azərbaycan torpaqlarından çıxmalı və bununla bağlı cədvəl verməlidir. Erməni əsgərlərinin Azərbaycan torpaqlarında qalması isə müzakirə mövzusu ola bilməz. Onlar torpaqlarımızdan çıxdıqdan sonra  edəcəyimiz kompromis Dağlıq Qarabağda yaşayan erməni xalqı ilə bağlıdır. Prezidentimiz də dəfələrlə söyləyib ki, biz onları Azərbaycan vətəndaşı kimi qəbul edəcəyik və onlara lazım olan diqqət və qayğını göstərəcəyik”.

 

Növbəti sual Türkiyə və İranın bu məsələdə nə kimi rol oynaya bilməsi ilə bağlı olub. Minsk qrupunun çox effektsiz fəaliyyət göstərdiyini söyləyən BMU-nun əməkdaşı bu qurumun həmsədrlərinin dəfələrlə ermənipərəst mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb.

 

A.Abdullayev qeyd edib ki, Türkiyə regionda söz sahibi olan ölkədir və bu səbəbdən də bu münaqişənin həllində Türkiyənin həlledici rol oynaması vacibdir. O, münaqişənin həllində İranın konstruktiv və həlledici yanaşma sərgiləməsinin o qədər də böyük ehtimal olmadığını vurğulayıb.