Təhsilverənlərin formativ qiymətləndirmə ilə bağlı peşəkarlıq səviyyəsi artırılır


“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsilverənlərin peşəkarlıq və təhsilalanların səriştəlilik səviyyəsinin artırılmasına ciddi önəm verilir. Burada təhsilalanın səviyyəsinin təhsilverənin səviyyəsindən asılı olduğu qeyd olunur və  təhsil müəssisələrində çalışanların peşəkarlıq səviyyəsinin yüksəldilməsi hədəf kimi qarşıya qoyulub.

Bu baxımdan Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28 avqust 2017-ci il tarixli 261 nömrəli əmri ilə 2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsi fəaliyyətlərin ümumi təhsilin keyfiyyətinin artırılması istiqamətində birləşdirilməsini təmin etməyə xidmət edir.

Məktəbin, ümumilikdə bütün tipdən təhsil müəssisələrinin əsas vəzifəsi təhsilin keyfiyyətini yüksəltməkdən - keyfiyyətli təhsil verməkdən, bu gün sabahın tələblərinə cavab verən mütəxəssisini yetişdirmək üçün əməli fəaliyyət göstərməkdən ibarətdir. Bu isə həyata keçiriləcək fəaliyyətlərin əsaslandırılmış şəkildə müəyyən olunmasını, ilkin olaraq düşünülmüş fəaliyyət planının (planlaşdırmanın) yaradılmasını tələb edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məktəblərin fəaliyyətlərinin istiqamətlərini ümumi şəkildə müəyyən edən və təhsil müəssisələrinə təklif olunan fəaliyyət planları əsasında hər bir təhsil müəssisəsinin özünün spesifik xüsusiyyətlərinə uyğun fəaliyyət planı hazırlaması və həyata keçirməsi təqdirəlayiq hal olmaqla, təhsil müəssisələrində ciddi canlanmanın yaranmasını təmin etmişdir. Bizim məktəb-liseydə də fəaliyyət tərtib edilmiş, müzakirə və qəbul olunmuş əməli plan əsasında həyata keçirilir.

Planda hədəflər və onların həyata keçirilmə alqoritmi müəyyən olunur. İl çərçivəsində fənlərin (o cümlədən, ana dili və riyaziyyat fənlərinin) tədrisi vəziyyətini öyrənmək, onların təhsilalanlar tərəfindən keyfiyyətli mənimsənilməsinə nail olmaq üçün ilkin olaraq təhsilalanların və təhsilverənlərin fəaliyyətlərinin izlənilməsi və qiymətləndirilməsi həyata keçirilir.

Tədris ilinin ilk ongünlüyündə təhsilalanların fənlər üzrə əvvəlki tədris ilində reallaşdırılmış alt məzmun standartları üzrə mövcud nailiyyət səviyyəsi müəyyən edilir - diaqnostik qiymətləndirmə keçirilir. Bu qiymətləndirmənin nəticələri təhsilverənə öz fəaliyyətini qurmaq üçün istiqamət verir və o, hansı təhsilalana necə fərdi yanaşacağını müəyyən edir.

Dərs ili ərzində təhsilverənin tədris prosesində təhsilalanların fəaliyyətini izləməsi və bacarıq səviyyələrini qiymətləndirməsi daim diqqət mərkəzində saxlanılır. Təhsilverənin dərsləri müşahidə olunur, onun təhsilalanların fəaliyyətini qiymətləndirmə bacarığı, bu zaman qiymətləndirmə səviyyələrinə uyğun vasitələrdən istifadə etməsi qiymətləndirilir, çatışmazlıqlar olduğu halda, onların aradan qaldırılması üçün təhsilverənə zəruri məsləhətlər verilir, dəstək göstərilir.  

“Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti Təlimat”a uyğun olaraq tədris vahidi, bölmə və s. üzrə kiçik summativ qiymətləndirmə aparılır. Bundan sonra hər bir təhsilalanın bacarıq səviyyəsi onun kiçik summativ qiymətləndirmə nəticələri ilə tutuşdurulur. Bu tutuşdurma nəzarəti həyata keçirənlərə təhsilalanların tədris vahidi üzrə fəaliyyətinin təhsilverən tərəfindən düzgün qiymətləndirilib-qiymətləndirilmədiyi barədə informasiya verir. Məsələn, təhsilalanın 15.09 - 25.10 müddətində fəaliyyəti ana dilindən 7 dəfə qiymətləndirilib, müəllimin formativ qiymətləndirmə dəftərində qeydlər edilib (I, II, I, I, II, II, I) və bu tədris vahidinin sonunda aparılmış kiçik summativ qiymətləndirmədə təhsilalan “2” (və ya “3”) qiymət alıb. Buradan görünür ki, təhsilverən təhsilalanın fəaliyyətini düzgün izləyib və onun bacarıq səviyyəsini düzgün qiymətləndirib. Həmin təhsilalan kiçik summativ qiymətləndirmədə “4” (və ya “5”) almış olduğu təqdirdə isə təhsilverənin təhsilalanın fəaliyyətini (bacarıq səviyyəsini) düzgün qiymətləndirmədiyi, subyektivizmə yol verdiyi  müəyyən olunur, araşdırma aparılır. Təhsilalanın bacarıq səviyyəsi III, IV, IV, III, IV, III, IV kimi qiymətləndirildiyi və onun kiçik summativ qiymətləndirmə nəticəsi “2” (və ya “3”) olduqda da təhsilverən haqqında eyni nəticəyə gəlinir. Bu “nəticələr” təhsilverənin qiymətləndirmə səviyyəsi barədə həyəcan siqnalı verir və idarəedənlər onun səbəbini araşdırır, aradan qaldırılması üçün zəruri addımlar atır. Tədris prosesində fəaliyyətin izlənilməsi, onun kiçik summativ qiymətləndirmə nəticələri ilə müqayisə edilməsi formativ qiymətləndirmənin əhəmiyyətini - təhsilin keyfiyyətinin yüksəldilməsində onun önəmli rol oynadığını göstərir. Bu baxımdan təhsil müəssisələrində təhsilverənlərin formativ qiymətləndirmə ilə bağlı peşəkarlıq səviyyəsinin artırılması qayğısına qalınır: müəllimlərin dərsləri planauyğun olaraq izlənilir, fənn metodbirləşmə yığıncaqlarında müzakirə edilir və onlara əməli köməklik göstərilir. 

Noyabr ayının ikinci həftəsində fənlər üzrə tədris ilinin ilk iki ayı ərzində reallaşdırılmış alt məzmun standartlarının mənimsənilmə səviyyəsini müəyyən etmək üçün müvafiq komissiya - monitorinq və qiymətləndirmə qrupu tərəfindən I-IV səviyyələrdə qiymətləndirmə vasitələri (açıq tipli tapşırıqlar) hazırlanır, paralel siniflərdə eyni vasitələr əsasında monitorinq aparılır, nəticələr ümumilikdə və hər bir tapşırıq üzrə qiymətləndirilir, çatışmazlıqlar müəyyən edilir, onların başvermə səbəbləri araşdırılır, nəticələr operativ olaraq direktoryanı müşavirələrdə müzakirə olunur, şagirdlərə və valideynlərə bildirilir, çatışmazlıqların aradan qaldırılması üçün təhsilalan, təhsilverən və valideynlərə zəruri tövsiyələr verilir və həyata keçirilməsi nəzarətdə saxlanılır.

Məsələn, 2016-2017-ci dərs ilində ibtidai təhsil səviyyəsinin 4-cü siniflərində təhsilalanların ana dilindən oxuyub-anlama səviyyəsinin, riyaziyyatdan isə oxuyub-anlama və tətbiqetmə bacarıqlarının müəyyən edilməsi üçün müvafiq monitorinqlər aparılmış, həmin vaxt nəticələri təhsilverənlər və təhsilalanlarla müzakirə edilmiş, valideynlərin diqqətinə çatdırılmış, onların münasibətləri öyrənilmişdi. Keçən müddət ərzində tədris prosesində baş vermiş dəyişikliklərin müəyyən edilməsi məqsədi ilə cari dərs ilinin noyabr ayında 4-cü siniflərdə ana dili və riyaziyyatdan həmin tapşırıqlar əsasında monitorinq aparıldı, nəticələri əvvəlki tədris ilində 4-cü siniflərdə təhsil almış  şagirdlərin nəticələri ilə müqayisəli təhlil edildi. Müqayisə göstərir ki, bu dərs ilində təhsilalanların ana dilindən oxuyub-anlama, dinləyib-anlama və riyaziyyatdan oxuyub-anlama və tətbiqetmə bacarıqları sahəsində müəyyən irəliləyişlərə nail olunub. Bunlar 2016-2017-ci və 2017-2018-ci tədris illərinin noyabr aylarında 4-cü siniflərdə ana dili və riyaziyyatdan eyni tapşırıqlar əsasında aparılmış monitorinqlərin nəticələrinin diaqramla təsvirlərindən aydın görünür.

Müəyyən müddətdən sonra 2-ci, 3-cü və s. monitorinqin aparılması, nəticələrinin qiymətləndirilməsi və əvvəlki monitorinqin nəticələri ilə müqayisə olunması - dəyərləndirmənin həyata keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, dəyərləndirmənin nəticələri barədə pedaqoji şuraya məlumat verilir, müzakirələr əsasında qəbul edilən qərarın icrası üçün təhsilverənə həyata keçirilməsi zəruri olan tövsiyələr hazırlanaraq təqdim olunur. Bu dəyərləndirmələr təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Beləliklə, deyə bilərik ki, tədris ilinin əvvəlində təhsilalanların ilkin səviyyəsinin təyin olunması (diaqnostik qiymətləndirmənin aparılması), tədris prosesində təhsilalanların fəaliyyətinin izlənilməsi və bacarıq səviyyəsinin müəyyən edilməsi (bu zaman formativ qiymətləndirmə vasitələrindən istifadə olunması), nəticələrinin tədris vahidi, bölmə və s. üzrə aparılan kiçik summativ qiymətləndirmələrin, həmçinin  monitorinqlərin nəticələrilə tutuşdurulması ilə təhsilalanların inkişaf tendensiyası haqqında informasiya əldə olunur və onunla təhsilverənin fəaliyyəti qiymətləndirilir, peşəkarlıq səviyyəsi müəyyən edilir.

Tutuşdurma nəticələrinin müzakirəsi, müvafiq tövsiyələrin verilməsi təhsilverənin məsuliyyətini, öz üzərində çalışaraq peşəkarlıq səviyyəsini artırmasını, nəticə etibarı ilə təhsilalanların səviyyəsinin artırılmasını - təhsilin keyfiyyətinin yüksəldilməsini təmin edir.

Göstərilənlərə əməl edilməsi - hədəflərin düzgün təyin olunması, tədris prosesinin həyata keçirilməsi, reallaşdırılmış alt məzmun standartları üzrə təhsilalanların nailiyyət səviyyəsinin müəyyən edilməsi üçün monitorinqlərin aparılması və nəticələrin qiymətləndirilməsi, prosesin icrasında buraxılan səhvlərin aradan qaldırılması ilə bağlı təkliflərin hazırlanmasını və yeni səviyyədə davam etdirilməsini, qiymətləndirmələrinin qiymətləndirilməsinin aparılmasını tələb edir. Bu isə hədəflərə çatmaqda - təhsilin keyfiyyətinin yüksəldilməsində qiymətləndirmənin əhəmiyyətli rol oynadığını göstərir.

 

Nəbi MAHMUDOV,

Bakı şəhəri 83 nömrəli məktəb-liseyin direktoru, riyaziyyat üzrə fəlsəfə doktoru