Biləsuvar rayonunda “Oxu məni, öyrədim səni” mütaliə müsabiqəsi layihəsinin açılış mərasimi keçirilib.

 

Onlayn təşkil olunan açılış mərasimində layihə rəhbəri Firuzə Xammədova, millət vəkili Bəhruz Məhərrəmov, Biləsuvar rayon Təhsil Şöbəsinin  müdiri Aqşin Bağırov, məktəb direktorları və dil-ədəbiyyat müəllimləri iştirak ediblər.

 

Layihə rəhbəri F. Xammədova  məktəb və müəllimlərin ideyalarını həyata keçirmək üçün yaradılan qrant müsabiqəsi haqqında ətraflı məlumat verib. Bildirib ki, layihə məktəblilər arasında bədii və elmi əsərlərə maraq oyatmaq, onlarda söz ehtiyatını artırmaq, müstəqil fikir yürütmə bacarığını inkişaf etdirmək, bədii əsərlərdə rast gəlinən müsbət və mənfi obrazları (hadisələri) müqayisə etmək, bədii və elmi əsərləri qiymətləndirmək, belə əsərlərdə göstərilmiş fakt və hadisələrdən düzgün istiqamətdə yararlanmaq, asudə vaxtların səmərəli keçirilməsini təmin etmək məqsədi daşıyır.

 

Onun sözlərinə görə, layihənin təbliğat işlərini aparmaq üçün könüllülərdən ibarət işçi qrupu yaradılıb. Bu işçi qrup  bir ay müddətində məktəblilər üçün virtual məktəbdə təqdimatlar keçirməklə layihə barədə məlumat verəcək.

 

İkinci mərhələdə məktəblər üzrə seçilmiş 10 ədəbiyyat müəlliminin onlayn təlimlərinə start veriləcək. 3 gün davam edəcək təlimlərdən sonra burada iştirakçı olan müəllimlər təmsil etdikləri məktəblərdən müsabiqə üçün şagirdlər seçəcəklər. Müsabiqə beş mərhələdə həyata keçiriləcək.

 

Müsabiqənin final və mükafatlandırma mərhələsi bitdikdən sonra layihənin hesabat dövrü başlayacaq.

 

Açılış mərasimində çıxış edən millət vəkili Bəhruz Məhərrəmov, Biləsuvar rayon Təhsil Şöbəsinin  müdiri Aqşin Bağırov və məktəb direktorları layihə iştirakçılarına uğurlar arzulayıb.

 

Qeyd edək ki, layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi çərçivəsində qalib olub və sentyabrın 15-dən başlayan layihə dekabrın 15-dək davam edəcək.