Naxçıvan Dövlət Universitetinin (NDU) beynəlxalq münasibətlər və hüquq fakültəsində 12 noyabr Konstitusiya Gününə həsr olunan tədbir keçirilib.

 

Tədbirdən öncə əlamətdar tarixi günə həsr edilən kitab sərgisinə baxış olub.

 

Sonra universitetin rektoru Elbrus İsayev xalqımızı və ordumuzu Qarabağ zəfəri ilə bağlı təbrik edib.

 

1995-ci il 12 noyabr tarixində ümumxalq referendumu əsasında qəbul edilən Konstitusiya ilə bağlı fikirlərini bildirən rektor Əsas Qanunun qəbul olunmasında Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini vurğulayıb. Qeyd olunub ki, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildikdən sonra ölkəmizdə bir çox sahədə olduğu kimi, hüquqi dövlət quruculuğunda da əhəmiyyətli dəyişikliklər baş verib.  Vurğulanıb ki, universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi, ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir.

 

Hüquq fənləri kafedrasının müəllimi Əziz Qasımov “Azərbaycan Respublikasının demokratik, hüquqi dövlət və cəmiyyət quruculuğunun əsas qanunu” mövzusunda çıxış edib. Beynəlxalq münasibətlər və hüquq fakültəsinin Tələbə Gənclər təşkilatının sədri, Hüquqşünaslıq ixtisası üzrə III kurs tələbəsi Ülvi Vəliyev isə “Azərbaycan Respublikasının Konstitusiyası və cəmiyyətin ictimai həyatında gənclər” mövzusunda çıxış edərək gənclərin cəmiyyət həyatındakı  rolundan danışıb.

 

Sonda Konstitusiya Gününə həsr olunan videoçarx izlənilib.