Namiq Abdullayev: “Erməni güləşçilərini həmişə məğlub etmişəm”


“Nəhayət, çoxdan gözlədiyimiz bir vaxt gəlib çatdı.  Sentyabrın 27-də qəsbkar düşmənin təxribatlarına cavab olaraq Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müzəffər Ordumuza əks-hücuma keçməklə bağlı əmr verdi.  Bir aydan artıqdır ki,  torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusu həm maddi-texniki təchizat, həm də döyüş hazırlığı baxımından cəbhədə tam üstünlüyə sahibdir”. Bu fikirləri ilə  söhbətə  başlayan Olimpiya çempionu  Namiq Abdullayev Ordumuzun gücündən, uğurlarından  və xalqımızın birliyindən  danışıb. 

 

“Prezident,  Silahlı Qüvvələrin  Ali Baş Komandanı  İlham Əliyevin ordumuzun güclənməsi və möhkəmlənməsi üçün göstərdiyi diqqət və qayğı öz uğurlu nəticələrini  bu gün  döyüş meydanında verir. Müzəffər Ordumuz əks-hücum əməliyyatı ilə təcavüzkar və işğalçı  Ermənistana ciddi zərbələr vurdu,  düşmən  ordusu həm canlı qüvvə, həm də silah və texnika baxımından xeyli itki verdi.  Ordumuzun düşməndən fərqli olaraq yüksək mənəvi-psixoloji hazırlığa malik olması, ən əsası isə Xalq-Ordu-Dövlət birliyi qələbənin əsas rəhninə, etibarlı mənbəyinə çevrildi. Müzəffər Ordumuzun qazandığı qələbələr bizi çox sevindirir və qürurlandırır. Hər bir Azərbaycan vətəndaşı Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan Ordusuna arxalanır.  Güclü Ordumuzun döyüş meydanında üstünlüyü bir daha onu göstərdi ki, bizim vətənpərvər ruhda tərbiyə alan gənclərimiz və Vətənini sevən xalqımız var. Biz azərbaycanlılar  həmişə vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmağa məsuliyyətlə yanaşmış, ona həyati əhəmiyyətli məsələ kimi baxmışıq”.

 

Namiq Abdullayev əlavə etdi ki,  Vətən bizim varlığımızdır, fəxrimizdir, qürurumuzdur.  Vətənimizlə qürur duyduğumuz kimi, həm də onu böyük məhəbbətlə sevirik və onun qarşısında özümüzü borclu sanırıq. Vətən bizi qoruyan anadır. İdmançılarımızın da vətənpərvər olması yarış meydanlarında öz sözünü deyir. Çünki vətənpərvər olmayan idmançı heç bir uğura imza ata bilməz. Biz məşq proseslərində  yeniyetmələrimizə  “Vətən” və “vətənpərvərlik” kimi müqəddəs anlayışların mənasını aşılayırıq. Onlara Vətəni sevmək, Vətənə bağlılıq, vətənpərvərlik və milli qürur hissinin aşılanmasına səy göstəririk. Siz görürsünüz ki, hər bir idmançı birincilik əldə etdikdən sonra  hər birimiz üçün müqəddəs sayılan üçrəngli bayrağımızı dalğalandırdıqda və himnimizi səsləndirdikdə  keçirdikləri həmin hissləri sözlə ifadə etməkdə çətinlik çəkir. Ona görə ki, onların  xəmirləri  vətənpərvər  analarımızın  laylalarıyla yoğrulub. Mən şadam ki, uşaqlarımız, yeniyetmə və gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alırlar.

 

- Namiq müəllim,  yarışlarda erməni idmançıları ilə qarşılaşanda, maraqlıdır, hansı hissləri keçirmisiniz?

- Dünya və  Avropa  çempionatlarında   və beynəlxaq turnirlərdə erməni güləşçiləri ilə çox qarşılaşmışam.  Həmişə də bütün idmançılar kimi mən də qələbə qazanmaq haqqında düşünmüşəm və qalib olmuşam.  Rəqibin erməni olması idmançıda  bir az da məsuliyyət hissini artırır. İdmançılarımız  həmişə yarışlarda  erməniləri məğlub ediblər.

 

- İdman aləminin tanınmış simalarından biri kimi  arzunuz nədir?

- Mötəbər idman yarışlarımızın Şuşada, Xankəndidə keçirilməsi ən böyük arzumdur. Və çoxdandır arzusunda olduğumuz günlərə artıq yaxınlaşmışıq. İnanıram ki, yaxın günlərdə ərazi bütövlüyümüzü  tam bərpa edəcəyik və üçrəngli bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarımızda qaldırılacaq, şəhidlərimizin ruhları şad olacaqdır.  Azərbaycan xalqı həmrəydir və xalqımızın Prezident İlham Əliyevə, Rəşadətli Azərbaycan Ordusuna olan inamı sonsuzdur. Yaşasın QALİB Azərbaycan Prezidenti və Müzəffər Azərbaycan Ordusu!

 

Rəşad ZİYADOV