Bakı Dövlət Universitetində (BDU) tədrisin məsafədən təşkili uğurla davam etdirilir.

 

Universitetdən bildirilib ki, hazırda BDU-da dərs prosesi sillabus, mühazirə və digər dərs materiallarının ötürülməsinə, böyük həcmli materialların yerləşdirilməsinə imkan verən Microsoft Teams platforması vasitəsilə həyata keçirilməkdədir.

 

Ali məktəbdə distant təhsil prosesində öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsilə operativ təşkil olunması üçün lazımi tədbirlər görülüb. BDU distant təhsil texnologiyaları ilə tədrisin məsafədən təşkili üçün bütün resurslarını səfərbər edib.

 

Tədris prosesinin təşkili, dərslərin keçirilməsinə nəzarət, texniki çətinliklərin aradan qaldırılması, müəllim və tələbələrin bu platformadan düzgün istifadə etməsinə kömək məqsədilə ali məktəbin məsafədən fəaliyyət göstərən işçi qrupu formalaşdırılıb. Distant formada dərslərin əksəriyyətinin video qeydiyyatı aparılır. Bu da internet imkanları məhdud tələbələrə həmin mühazirəni yenidən izləmək imkanı verir.

 

Qeyd olunub ki, dərs ili başlamadan öncə bütün fakültələrdə professor-müəllim heyəti üçün Microsoft Teams paltformasından istifadəyə dair onlayn formada təlimlər təşkil edilib. Tələbə heyəti üçün platformadan istifadə üzrə təlimatlar hazırlanıb. Onlayn dərslərin texniki təminatı daha da təkmilləşdirilib. Məsafədən təhsilin keyfiyyətli təşkili üçün lazımi şərait yaradılıb.