“Bir vəzifəmiz də yaxşı ənənələri yaşatmağa nail olmaqdır”


Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, pedaqogika elmləri doktoru, professor İntiqam Cəbrayılovla söhbət

 

- Ailə əxlaq məktəbidir. Təkcə əxlaqmı?

- Əlbəttə,  onu təkcə bu cür xarakterizə etmək onun funksiyasını, dəyərini kiçiltməkdir, ailədə  formalaşır xarakter, gör-götür yeridir,  gen daşıyıcımızdır ailə, həyatda qazanacağımız çox uğurlar üçün ona borcluyuq. Anadan olan çağımızdan həyatdan köç edənə qədər yaşam tərzimizin kompası ailədir. Bir müəllim, elm adamı kimi bizim bir vəzifəmiz də yaxşı ənənələri yaşatmağa nail olmaqdır, o cümlədən ailə dəyərlərini. 

 

Atam həm də müəllimim idi

 

- Atanız müəllim olub, qardaşınız Azərbaycan dili və ədəbiyyat, siz isə tarix müəllimi, ailədə daha bir kimsə varmı müəllim olan?

- Mən Hilal müəllimin ailəsində dünyaya gəlmişəm, atam   ixtisasca Azərbaycan dili və ədəbiyyatı müəllimi idi. Ailədə səkkiz uşaq olmuşuq-beş qardaş və üç bacı. Bizim gələcəyimizin təminatçısımı deyim, onun doğru-düzgün seçimindəmi deyim, atamızın rolu əvəzolunmaz, müqayisə olunmazdır. İki qardaş və bir bacımız onun yolunu seçmişik.

 

Atamız bizə ailə dəyərlərini başa salardı, əxlaq, mənəviyyat söhbətləri edərdi,  məktəbdə dərslərimizə nəzarət edərdi, çox dəqiq və diqqətli idi rəhmətlik. Mənim Azərbaycan dili və ədəbiyyat müəllimim də atam olub. O, mənim üçün bir akademiya idi. Evdə də rəhmətlik Səkinə  anamız sanki  o deyənlərin icrasına məsul və cavabdeh idi. Onu da deyim ki, atam qonşu Xol Qaraqaşlı kənd məktəbində direktor, bizim Qırmızıkənddə direktor müavini (həm də axşam məktəbinin direktoru)  işləyib, nəzarəti həmişə üstümüzdə olub. Atam yaradıcı adam kimi də tanınırdı, yerli və respublika qəzetlərində bədii və publisist, pedaqoji yönlü yazılarla tez-tez çıxış edərdi, bacım Səidə müəllim, qardaşım Şahin  müəllim və məndə  bu yaradıcı cəhətin aşkarlığı ordan gəlir. Həvəsi, marağı o oyadıb bizdə... Bir sözlə, məktəb və həyat dərsini atamdan almışam. Aldıqlarımı da böyük qürurla indiki evimə, ailəmə gətirmişəm, şükürlər olsun ki, iki övladımızı da o ruhda tərbiyə etmişik və hələ bu  dərslər bitib-tükənməyib.

 

- Bəs sinif yoldaşlarınızı, məktəbin özünü peşə seçiminizdə bir vasitə qismində hesab etmək olarmı?

- Mənim riyaziyyat müəllimim elə bilirdi o istiqamətə gedəcəyəm, tarix müəllimim də onun kimi düşünürdü. Mənim özüm  hüquqşünas olmaq istəyirdim, vaxt gəldi bu fikirdən daşındım. Yoldaşlarımızla bu barədə tez-tez fikir mübadiləsi edirdik, amma atamız bizə onlardan qat-qat irəli yoldaş, sirdaş idi, bütün kənd ona üz tutub, ondan məsləhət, öyüd-nəsihət alırdı, o ki, ola biz övladları... Yeridir, onu da deyim ki, qismən də olsa arzuma çatmışam, Azərbaycan Dövlət Pedaqoji Universitetində bir vaxt oldu tarix və hüquq fakültəsi açıldı, beş illik təhsil aldım, iki ixtisasa yiyələndim və bütün fəaliyyətim dövründə ikinci ixtisasım  karıma gəlib. Fikir verin, niyyətlərin gerçəkliyinə,  pedaqoji yaradıcılıqda tərbiyə məsələləri  əsas mövzu aktuallığı kəsb etdi, tarix və hüquq təhsilim o qədər önəm daşıdı pedaqoji tədqiqatlarımda-bax buna görə seçimimə, aldığım təhsilə, ailəmdən gələn tərbiyə, əxlaq dəyərlərinə görə Allahıma şükranlıq edirəm. Müəllimliyimdə, elmi yaradıcılığımda bu qazanclarımdan gen-bol istifadəm mənim uğudlarımın əsas komponentləridir...

 

Nostalji hisslər məni tez-tez çulğalayır

 

- Məktəb illərini xatırlamaq üçün, həm orta, həm də ali,  həmişə nəsə bir bəhanə olur-hər kəs üçün özəlliklə olan bir bəhanə...

- Müxtəlif  bəhanələr yetişə bilər, məktəb və ya tələbə yoldaşınla rastlaşarsan, ünsiyyətin olar, evdə ara-bir şəkillər qalereyasını nəzərdən keçirərsən, məktəblərə yolun düşər, sənə dərs deyən müəllimlərinlə görüşərsən, övladının təhsili ilə maraqlanıb oxuduğu məktəbə yolun düşər və s.  bəhanələr adamı buna kökləyə bilər. Bu cür nostalji hisslər məni tez-tez çulğalayır, müəllimliyim və işlədiyim Təhsil İnstitutu ilə bağlı məktəblərə ezamiyyətlərim bunu gündəmdə çox saxlayır. Düzünü deyim, məni bu hisslər yormur, əksinə o qədər xoş duyğular yaradır ki, fəaliyyətimdə bunları da mənəvi-əxlaqi  stimul hesab edirəm.

 

- Ali məktəbi fərqlənmə diplomu ilə bitirmisiniz, yolayrıcı hər bir kəs üçün tale, qismət nişanəsi, sınağıdır, bu tərəddüdlü vaxtları necə xatırlayırsınız?

- O vaxt təyinat idi, ali məktəbi bitirəndən sonra məcbur üç ili işləməli idin göndərilən yerdə. Təyinat rayonumuza idi, təhsil şöbəsinin müdiri  bildirdi ki, öz kənd orta məktəbində yer yoxdur, başladı yerlər sadalamağa, dedim ki, bunun elə bir fərqi yoxdur, üç il işləyib şəhərə qayıtmaq istəyirəm, aspiranturaya daxil olmaq, elmi yaradıçılıqla məşğul olmaq niyyətimi bildirdim. Təklif etdi, Xol Qaraqaşlı  kənd məktəbini, razılıq verdim, bir səbəb də o idi ki, atam vaxtilə o məktəbdə direktor işləmişdi. Demək olar ki, hər gün  7-8 kilometrlik yol qət etməli olurdum, özü də payi-piyada. Bu üç ildə ailə qurmuşdum. Aspiranturaya (indiki dillə desək doktoranturaya) qəbul oldum. 1992-ci ilin dekabrında aspiranturanı müvəffəqiyyətlə bitirdim və mən elə  aspirantura təhsili aldığım elmi müəssisədə - Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (Təhsil İnstitutunun əvvəlki adıdır)  kiçik elmi işçi kimi işə qəbul olundum.

 

Qazancım itkilərimdən çox olub

 

- Əzab-əziyyətiniz çox olub, qazancınızmı çox olub,ya itkinizmi, o illərdə nəyiniz qalıb-hansı ki o kövrək duyğularınız ara-sıra rahatlığınızı əlinizdən alır... İlk iş yeri Sizə nə verdi, nəyi aldı görən?..

- İxtisasımla bağlı bir neçə işlər gördüm-tarix klubu yaratdım, dərnəklər, konfranslar, ədəbi-bədii gecələr ənənə şəklini aldı. Kitaba, mütaliəyə maraq yaradırdım, kitab müzakirələri keçirirdim. Tərif olmasın, bu üç ildə məktəbə təzə, yeni bir nəfəs gətirdim, məktəb həyatında sanki bir canlanma yaratdım. Bu fəaliyyətimə məktəb rəhbərliyi, həmkar yoldaşlarımın dəstəyi olmasaydı, yəqin ki, bunları reallaşdıra bilməzdim. Əzab-əziyyətim çox olub, rahatlığım belə yox idi, amma qazancım itkilərimdən dəfən-dəfən çox olub. Qazandıqlarıma görə atamdan sonra digər müəllimlərimə, ilk iş yerinin müəllimlərinə, yurd yerinin doğma adamlarına borcluyam. Allahımız hər kəsi borc qismində yaradıb, özümü kiminsə, yaxud kimlərinsə  ruhu qarşısında borclu sanıram, ruhları şad olsun...

 

- Müəllimlik və elmi yaradıcılıq. Siz müəllimlikdən, yəni bu ocaqdan bu məbədə gəlmisiniz, sonra isə fəaliyyətinizi hər iki sahədə paralel davam  etdirdiniz. Hansını o birinə borclu bilirsiniz, yaxud...

- Biz indi müəllimləri yaradıcılığa sövq edirik ki, onun dərsinin aktuallığı olsun, günün tələblərinə uyğunlaşsın. Yaradıcılıq, tədqiqatçılıq mənə hələ ali məktəb illərindən keçib, oxuduğum beş ildə elə kafedra olmasın ki, ordan bir elmi mövzu götürüb elmi konfranslarda çıxış etməyim, yer tutmayım. İndi də elmi yaradıcılığımın təsdiq forması həm də dərs dediyim ali məktəbdir, müəllimliyimin də yaxşı tərəfdən  elmi yaradıcılığımda, Təhsil İnstitutunda rəhbəri olduğum şöbənin fəaliyyət müstəvisində bir təsdiqi, inikasıdır, biri bazis olanda o biri üstqurum olur, sonra yerləri dəyişir, bir növ, yarızarafat, yarıgerçək deyək, toplananların yerin dəyişəndə cəm dəyişməz qalır.

 

- Uzun müddətdir Təhsil İnstitutunda işləyirsiniz, bu institut gözünüzün qarşısında böyüyüb, elə siz də qarşılıqlı, çox dövrlərini yaşayıb bu  iş yeri, bir tarixçi kimi xronoloji cəhətdən təhlil aparsanız, intibah və tənəzzül dövrlərini necə xarakterizə edərdiniz?

- Bu institut 1931-ci ildə yaranıb, müxtəlif adlarla fəaliyyət göstərib.  2006-cı ildə 75 illik yubileyi keçirilib. Gələn il 90 illik yubileyi olasıdır, inşallah. Zahid Qaralovun, Şəmistan Mikayılovun, Abdulla Mehrabovun, Qulu Novruzovun, hazırda Təhsil nazirimiz olan Emin Əmrullayevin və indiki  direktor Anar Nağıyevin rəhbərliyi dövrlərinə təsadüf edib mənim əmək fəaliyyətim. Burda işləyənlərdən hər bir kəs etiraf edər ki, bu elm ocağı hər dövrünə görə bir dinamik inkişaf xətti ilə özünü təsdiqləyib, öz elmi, təşkilati funksiyasını həyata keçirib.  Tənəzzül dövrünü xatırlamıram, çünki hansı dövrü götürsək, o illərdə inkişaf xətti lap aydın görünər, ola bilər problemləri, çətinlikləri olsun,  xüsusilə 1990-cı illərin əvvəllərində, bunu bütün qurumlara şamil etmək olar. Xüsusilə indiki rakursdan baxsaq, bir həqiqət etiraf olunmalıdır ki, təhsilimizin dinamik inkişafına bu elm ocağının da öz töhfəsi olub, dövründə nə qazanılıbsa, bu sahədə bizim alimlərimizin də tədqiqatları əhəmiyyətli rol oynayıb... İndi institut xeyli genişlənib, yeni strukturda fəaliyyət göstərir. Əvvəllər fəaliyyət dairəsi yalnız elmi-pedaqoji tədqiqatlar və elmi-pedaqoji kadr hazırlığı  idisə, indiki funksiyasına həm praktik-metodik, tədris resursları, təlim texnologiyalarının tətbiqi, istedadlı uşaqlarla işin təşkili (həmçinin olimpiadalara hazırlıq), təhsil işçilərinin peşəkarlığının artırılması və digər praktikyönlü təhsil problemləri ilə bağlı funksiyalar da əlavə edilib.  Çox güman ki, onun fəaliyyət sferası daha da genişləndiriləcək, yeni, modern tipli bir elm mərkəzinə çevriləcək.

 

Qeyd edim ki, indi məsuliyyət və cavabdehlik artıb.  Əvvəl şöbə “Təhsilin nəzəriyyəsi” adlanırdı, indi isə “Təhsilin nəzəriyyəsi və tarixi” adlanır, təkcə ad dəyişilməyib, funksiyamızla bərabər məsuliyyət və cavabdehlik də önəmli olub. Yuxarıda adlarını sadaladığım direktorların dövrünün hər birində şanslarım, uğurlarım olub. Qaldı kimdənsə gördüyüm xeyirxahlıqlara, birinin adını çəkib, o birini çəkməməyim, bu, etikadan kənar olardı, kimsəni incik salmaq istəməzdim, amma birinin  adını mütləq çəkməliyəm, o da mənim elmi rəhbərim olan professor, gözəl alim  Akif Abbasovdur,  həyatımın sonuna qədər minnətdar və borclu olacağım əvəzolunmaz insan...

 

- Qonşuluq təkcə yaşadığı yerdə olmur, elə iş yerində də olur, qonşularınızdan danışaq, bəlkə onların özü üçün də maraqlı olar ki, İntiqam müəllim onlar barəsində nə fikirləşir, nə qənaətdədir, nə az-nə çox, az qala 30 ilə yaxındır bir yerdəsiniz, gedəni olub, dünyasını dəyişəni var, qalanı var...

- Ən əvvəl professor Əjdər Ağayevin adın çəkmək istəyirəm. Pedaqogika sahəsində dəst-xətti olan Əjdər müəllimlə uzun müddət birgə əməkdaşlıq etmiş, vaxtilə ayrı-ayrı şöbələrdə çalışsaq da Təhsil Nazirliyinin, Ali Attestasiya Komissiyasının qərarı ilə institutumuzda yaradılmış eyni elmi-ictimai qurumlarda  fəaliyyət göstərmişik. İndi  institutda qonşularım direktor müavinləri Ənvər Abbasov,  Rəfiq Qəndilov, Aydın Əhmədovdur, çalışdığım Elmi-Pedaqoji Tədqiqatlar Mərkəzinin  direktoru İlham Cavadovdur, professor Vidadi Xəlilovdur, professor Hümeyir Əhmədovdur, professor Piralı Əliyevdir, digər dəyərli tədqiqatçı alimlərimiz-Asif Hacıyevdir, Bibixanım İbadovadır və başqaları... Əlbəttə, belə dəyərli qonşular çoxdur. Bu alimlərlə hər gün təhsil problemlərilə bağlı fikir mübadiləsi edir, diskussiya aparırıq. Çox mehriban və səmimi münasibətlərimiz var, bu timsalda bütün institutda bu ab-hava hökm sürür. Burda həddən ziyadə etik və mədəni davranış qaydaları yaradılıb, hamı bir-birinə doğma, isti münasibət bəsləyir. 

 

Elmi tədqiqat yaradıcılığı təhsil sferası üçün əhəmiyyətlidir

 

- Rəhbərlik etdiyiniz şöbənin iş fəaliyyəti, əməkdaşların  peşə kredosu bu baxış bucağından necə görünür?Siz bu kollektivdən çıxmısınız, bu kollektivdə varsınız və bu kollektivin dünəni, bu günü və sabahı həmişə Sizi düşündürür. Məqamıdır, düşüncələrinizdən lazım bildiyinizi bəlkə bizlə bölüşəsiniz?

- Şöbənin 11 əməkdaşı var. Burada respublikamızın tanınmış pedaqoq-alimləri işləyirlər. Məsələn, professor Zəhra Muradova, dosent Mahirə İbadova,  dosent Nigar Muradova və başqaları  ölkəmizdə öz tədqiqatları, imzaları ilə yaxşı tanınan alimlərdəndir. Şöbəmizdə Mətanət Qurbanova, Könül Mikayılova, Günay Hüseynzadə kimi gənc və perspektivli tədqiqatçılar da fəaliyyət göstərirlər. Şöbəmizin fəaliyyət dairəsini belə təsəvvür edin: Təhsilin bütün pillələri, səviyyələri, istiqamətləri üzrə tədqiqatlar aparırıq. Bütün təhsil pillələri üzrə tədqiqat aparan mütəxəssislər çalışır şöbəmizdə. Onların elmi-tədqiqat yaradıcılığı təkcə institut üçün deyil, bütövlükdə təhsil sferası üçün əhəmiyyətlidir. Bunu fəaliyyətimizin nəticəsi kimi rəhbərliyin verdiyi dəyərə müqabil bu cür düşünür və  bu qənaətdəyəm. İkinci tərəfdən əgər təhsil pillələrində bizim elmi yolla əldə etdiyimiz qərarlara istinad edilirsə, bundan yararlanırlarsa, bu da fəaliyyətimizin göstəricisinin bu yolla təsdiqi formasıdır.

 

- Xeyli müddətdir Bakı Qızlar Universitetində də işləyirsiniz, orada Tarix kafedrasının müdirisiniz. Sizi ora çəkən və orda bu qədər müddətə  qərar tutub saxlayan səbəbi bilmək olarmı?

- 1992-ci ildə özəl ali məktəblərin açılmasına icazə verilmişdi. O zaman Bakı Ali Pedaqoji Seminariyası açıldı (indiki Bakı Qızlar Universiteti), onda bizim institutun şöbə müdiri  professor Ağarəhim  Rəhimov onun rektoru oldu, seminar dərslərinin  aparılması üçün işə götürüldüm. 1994-cü ildə “Tarixi abidələr  şagirdlərdə milli-mənlik şüuru formalaşdırmağın vasitəsi kimi” mövzusunda müdafiə etdim, sonradan kafedra müdirliyinə irəli çəkildim. Burada Tarix kafedrası 1996-cı ildə yaradılıb. O zamandan bu günədək kafedra müdiri kimi fəaliyyətimi davam etdirirəm. Burada olan elmi mühit, kollektivin səmimiliyi, münasibətlərdə tələbkarlıqla bərabər demokratiklik, humanistlik, hər kəsin bir-birinə diqqət və qayğısı və digər mənəvi keyfiyyətlər  əməkdaşlığı daha da möhkəmləndirir.

 

Kitab nəşri elmin fəaliyyət kredosudur

 

- Kitablarınızdan danışaq, hər iki sahədə xeyli sayda kitablarınız, monoqrafiyalarınız nəşr olunub, hansı ki, onlar pedaqoji fikir tarixində qalıb, qalacaq və yaşayacaq. Maraqlıdır, görən nə vaxtsa bu əsərləri vahid bir sujet xəttində, bir konsepsiya altında işləyib pedaqoji aləmə təqdim etmək barədə fikirləşmisinizmi?

- Kitab nəşri alimin  fəaliyyət kredosu, elm adamı kimi kimliyinin təsdiqidir. Bu nöqteyi-nəzərdən xeyli sayda kitablarım nəşr olunub,  bir alim kimi tədqiqatlarımdan yararlananlar yetərincədir, əminəm ki, bir vaxt gələcək pedaqoji fikir tarixində  mənim yaradıcılıq fəaliyyətim kimlərinsə tədqiqat obyekti olacaq.

 

- Biz tələbə yoldaşı olmuşuq, siz məndən iki kurs aşağıda oxuyurdunuz,  bizi birləşdirən mənim rəhbərlik etdiyim “Çeşmə” ədəbi birliyi olub, şeirlərinizlə bizim ədəbi məclislərimizə qatılırdınız, o vaxt neçə görüşlərdə olmuşduq, radioda çıxışlarımız olurdu...

- Yadımdadır, institutun kiçik zalına toplaşmışdı yaradıcı heyət. Prorektor Şükür Sadıqov,  dekan müavini Yaqub Mahmudov, partiya təşkilat katibi Bahadur Bəxtiyarov, bir neçə müəllimlərimiz  də ora təşrif buyurmuşdu, çıxış edib bizə xeyir-dualarını verdilər. Hər ay bir dəfə yığılırdıq, öz yazılarımızı oxuyur, fikir mübadiləsi edirdik.  İnstitutun orqanı olan “Gənc müəllim” qəzetində bədii yazılarımızla  çıxışlar edirdik.

 

O dövrdə  yaxşı oxumağın da, elmi və bədii yaradıcılığın, fəal   təşkilatçılığın da fövqündə əxlaq, tərbiyə dayanırdı, bu cür müsbət dəyərlərə malik olanların əksərində bu dəyərlər bu və ya digər formada  o tələbənin şəxsində təsdiqini tapırdı.

 

- 60 yaşın astanasındasınız. İndi dağ zirvəsindən o yaşıl yamaclara, tapdaq olunan yol-rizə, cığırlara baxır, baxır və köks ötürürsünüz,  keçib gəldiyiniz o yolda azıb-itən nəyinizsə qalıbmı?

- 60 yaşda çox şey gördüm, görmədiklərim də az olmadı, elədiklərim çox oldu, eləmədiklərim bəlkə də ondan çox, qazandığım çox oldusa, itirdiyim bəlkə də ondan çox... Peşmançılığın faydası nə, bir ömür qarşısında suçlumu, qürurlumu?  Bax, bu, mənə agah deyil. Bu duyğular, hisslər məni ötən əsrin 80-ci illərinə apardı.

 

Ötən də, gələcək də Allah yazısı, yazıya pozu yox, tale göydən düşmür, hər bəndəsinə bir cürəsin göndərir, şükür edirəm ki,  mənim özümə yaraşdırıb, layiq bildiyi kimi onu verib...

 

- 60 yaş... Sanki oxunası, təqdir olunası bir kitab, bu kitaba bir neçə kəlmə sözönü yazsaydınız, nə yazardınız?

- Kitab oxunmalıdır ki, onu kitab qismində saysınlar, kitab oxunmasa o kimə gərəkdir. Faydalısı, lazımlısı diqqətdə saxlanılar.  Ömür kitabımı tanımaq üçün o ən əvvəl oxunmalıdır, oxuyub faydalanmaq üçün orda özlərinə lazım olanı taparlar. Tapıb ondan ibrət götürsələr, tərbiyələnsələr, yararlansalar... 60 yaşımın çırağı bir az da nurlanar, şölə saçar, yaşamağa və yaşatmağa rövnəqləndirər. 

 

İslam ƏSGƏROĞLU,

tarixçi-politoloq, yazıçı-publisist