Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi, Azərbaycan Turizm və Menecment Universitetinin, Mingəçevir Turizm Kollecinin tərəfdaşlığı ilə icra olunan “Turizm sahəsi üzrə kadr hazırlığında yeni çağırışlar: təcrübə və karyera imkanları” mövzusunda birgə layihənin II modul təlimi keçirilib.

 

MDU-dan bildirilib ki, ZOOM platforması üzərindən online formatda təşkil edilən təlimdə rektorun müşaviri Hamiz Mahmudov təlimin mövzusu və təlimçi haqqında iştirakçılara məlumat verib.

 

Təlimçi "Smart Hotel Management” şirkətinin direktrou Ceyhun Aşurov “Sosial davranışların xidmət sahəsində rolu və karyera” mövzusunda çıxış edib. O, xidmət sahəsində sosial davranışların vacibliyi, yeni nəslin gözləntiləri, müştəri gözləntilərinin qarşılanması, müştəri məmnuniyyətinin artırılması, müştərilərin itirilmə təhlükəsinin səbəbləri, xidmətdə diqqət edilməsi zəruri olan qaydalar və digər məsələlərdən bəhs edib.

 

C.Aşurov təlim iştirakçılarının mövzu barədə çoxsaylı suallarını da cavablandırıb.

 

Daha sonra H.Mahmudov layihə çərçivəsində keçirilməsi nəzərdə tutulan növbəti modullar üzrə təlimlər barədə məlumat verib.

 

Qeyd edək ki, təlimlərdə MDU, Azərbaycan Turizm və Menecment Universiteti və Mingəçevir Turizm Kollecinin əməkdaşları, tələbələri ilə yanaşı, mövzu ilə maraqlanan istənilən şəxs iştirak edə bilər. Bütün modullara qoşulan iştirakçılar layihənin sonunda müvafiq sertifikat əldə edəcəklər.