Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Qarabağ müzakirələri” çərçivəsində növbəti tədbir keçirilib.

 

“Qarabağın azad edilməsinin Türk Dünyasına iqtisadi təsiri” mövzusuna həsr olunan tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, millət vəkili Ramil Həsən, Türkiyənin Sakarya Universiteti Erməni Araşdırmaları Mərkəzinin rəhbəri Prof. Dr. Haluk Selvi və UNEC Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, dosent Oqtay Quliyev çıxış ediblər.

 

Tədbirin açılışında  Ə.Muradov Ağdamın işğaldan azad edilməsi münasibətilə hər kəsi təbrik edərək, bu möhtəşəm qələbənin əldə olunmasına görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Müzəffər Ordumuza dərin minnətdarlığını bildirib.

 

Millət vəkili Ramil Həsən işğaldan azad olunan ərazilərin iqtisadi inkişaf imkanlarından danışıb. Qarabağın işğaldan azad edilməsinin və Naxçıvan dəhlizinin açılmasının bu istiqamətdə mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Millət vəkili bölgədə iqtisadi və siyasi sabitliyin bərqərar olmasının Türk Dünyası dövlətləri ilə əməkdaşlıqda böyük imkanlar yaradacağını bildirib.

 

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Türk Şurasına üzv dövlətlərin ticarət əlaqələrindən danışıb. Bildirib ki, Azərbaycanın son 16 ildə həmin ölkələrə yatırdığı investisiyanın məbləği 13 milyard ABŞ dolları, həmin ölkələrin ölkəmizə yatırdığı imvestisiyanın həcmi isə 18 milyarddan çox olub. Nazir müavini cari ilin 9 ayında Türk Şurasına üzv dövlətlərlə Azərbaycanın ticarət dövriyyəsinin həcminin ümumi xarici ticarət dövriyyəsində 18.5 faiz təşkil edərək 3,4 milyard dollar olduğunu deyib. Qarabağın azad edilməsinin iqtisadi inkişaf baxımından bu istiqamətdə böyük əhəmiyyət kəsb edəcəyini diqqətə çatdırıb.

 

Sakarya Universiteti Erməni Araşdırmaları Mərkəzinin rəhbəri Prof. Dr. Haluk Selvi Qarabağ əhalisinin həmin ərazilərdə məskunlaşdırılması və əhalinin iqtisadi inkişafdakı rolundan danışıb. Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin region ölkələrinin iqtisadi əlaqələrini və inkişafını sürətləndirəcəyini bildirib. Professor Qafqaz ölkələrinin bir-biri ilə quracaqları əlaqə və inteqrasiya ilə böyük iqtisadi qazanclar əldə edə biləcəklərini vurğulayıb.

 

Tədbirdə UNEC Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, dosent Oqtay Quliyev Qarabağın azad edilməsinin Türk Dünyasına iqtisadi təsirləri barədə təqdimatla çıxış edib. Məruzəçi ticarət dövriyyəsində yaranacaq fürsətləri, Azərbaycanın bu istiqamətdə idxal və ixrac potensialını açıqlayıb. Qarabağın Türk dövlətləri ilə mədəni, iqtisadi, elmi inteqrasiyasından danışıb.

 

Sonda rektor  bir sıra məqamlara diqqət çəkib. Naxçıvan dəhlizinin açılmasının Türk Dünyasının nəqliyyat- kommunikasiya imkanlarını əhəmiyyətli dərəcədə artırdığını, digər tranzit kanallardan asılılığı azaldaraq, tranzit potensialını artırmış olduğunu bildirib. Rektor Türk Dünyası ilə əməkdaşlıqda iqtisadi səmərəliliyin əsas amil kimi götürülməsinin vacibliyini qeyd edib.

 

Müzakirələrdən sonra mövzu ilə bağlı suallar cavablandırılıb.