Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması Məmməd Aslandır. O, 1939-cu il dekabrın 24-də Kəlbəcər rayonunun Laçın kəndində anadan olub. 1962-ci ildə ali təhsilini tamamlayaraq təyinatla doğulduğu Kəlbəcər rayonuna göndərilib. Əmək fəaliyyətinə rayonunun Yanşaq, İstisu kənd məktəblərində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlayıb.

 

Ədəbiyyatımıza möhürünü vurmuş istedadlı söz adamı olan Məmməd Aslanın şeirlərində Kəlbəcərin bütün təbiət gözəllikləri əks olunub. Dostları onu Kəlbəcərin özü adlandırırdı. Sözünün əvvəli də, axırı da Kəlbəcər idi Məmməd Aslanın. "Heç yuxumdan çıxmır, gözlərimin önündən getmir. Kəlbəcər mənim üçün bir özgə dünya, bir özgə aləm, bir özgə həsrətdir. Kəlbəcər mənim üçün abır-həya, ismət örnəyi kimi qalıb"- deyirdi. Şair bir şeirində "O Kəlbəcər qayıtmaz, qayıtsa yüz Kəlbəcər...", deyə yazmışdı. Amma bu gün o Kəlbəcər qayıtdı, 27 il sonra işğaldan azad edildi Kəlbəcər...

 

Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.