Naxçıvan Müəllimlər İnstitutunda riyaziyyat və tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə “Ümumtəhsil məktəblərində şagirdlərin riyazi təfəkkürünün inkişafında qarşıya çıxan çətinliklər” mövzusunda elmi-praktik konfrans keçirilib.

 

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov müəllim hazırlığında qarşıda duran müasir tələblər və vəzifələri diqqətə çatdırıb. Həmin vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsində bu cür konfrans, seminar, diskussiya və s. tədbirlərin əhəmiyyətinə toxunan rektor şagirdlərin riyazi təfəkkürünün inkişaf etdirilməsinin daim diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb.

        

Konfransda kafedranın dosenti Nazilə Muradova “İbtidai siniflərin riyaziyyat kursunda məsələlərin həllində şagirdlərin rast gəldiyi bəzi çətinliklər və onların aradan qaldırılması yolları” mövzusunda məruzə edib. O, məsələ həllinin şagirdlərin riyazi təfəkkürünün inkişafında, dünyagörüşünün, bilik, bacarıq və vərdişlərinin yüksək səviyyədə formalaşmasında, riyaziyyata olan həvəsin güclənməsində böyük rol oynadığını qeyd edib, problemlərin aradan qaldırılması yollarını göstərib.

        

Kafedranın müəllimi Cəfər Sadiqzadə isə “Həndəsə məsələlərinin həllində qarşıya çıxan çətinliklərin İKT-dən istifadə etməklə aradan qaldırılması” mövzusunda məruzə ilə çıxış edib və İKT-dən istifadənin səmərəli yollarını göstərib.

        

Məruzələrdən sonra professor Yaqub  Məmmədov, dosent Südabə Məmmədova və dosent İbrahim Rüstəmov məruzələr ətrafında çıxış ediblər.