Azərbaycan Texniki Universitetinin (AzTU) 70 illik yubileyinə həsr olunan “Dördüncü sənaye inqilabının texnoloji perspektivləri: sənaye interneti, kiberfiziki sistemləri və intellektual texnologiyalar” mövzusunda iki günlük konfrans öz işinə başlayıb.

 

Universitetdən bildirilib ki, konfrans AzTU və  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.

 

Rektor Vilayət Vəliyev yubileylə bağlı təbriklərini çatdırıb və bildirib ki, araşdırmaların nəticəsinə görə, AzTU-nun əsası 1887-ci il noyabr ayının 10-da Bakı şəhər Duması tərəfindən Bakıda texniki məktəbin yaradılması ilə qoyulub. 1918-ci ildə verilən qərara əsasən, məktəb Politexnikum adlanıb. 14 noyabr 1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun dekreti ilə Bakı Politexnik Məktəbinin bazasında Bakı Politexnik İnstitutu yaradılıb. Bakı Politexnik İnstitutu 1923-cü ildən Azərbaycan Neft İnstitutu, 1943-cü ilin noyabrından isə Azərbaycan Sənaye İnstitutu adlandırılıb. 

 

Rektor qeyd edib ki, hazırkı AzTU 1950-ci ildə Azərbaycan Politexnik İnstitutu adı altında  yaradılıb və 1975-ci ildə onun bazası əsasında Azərbaycanda iki yeni texniki ali məktəb təsis edilib. Bunlar İnşaat və Memarlıq Universiteti  və  Gəncə Texnologiya İnstitutudur.

 

Azərbaycan təhsilinin və elminin inkişafında AzTU-nun rolunun böyük olduğunu deyən V.Vəliyevin sözlərinə görə, universitet texniki təhsilin, texniki sahədə aparılan elmi-tədqiqat işlərinin və innovativ proseslərin mərkəzində dayanan ali təhsil müəssisəsidir:”Universitetin əsas məhsulları onun məzunlarıdır. AzTU məzunları həm keçmiş SSRİ dövründə, həm də bu gün ölkənin bütün sahələrində ən yüksək vəzifələrdə çalışırlar”.

 

Universitetin hədəflərindən danışan rektor deyib ki, əsas məqsəd yaxın gələcəkdə AzTU-nu regionun ən aparıcı ali təhsil müəssisələrindən birinə çevirməkdir:” Son dövrdə ali məktəbdə davamlı islahatlar aparılır. İslahatların aparılmasında əsas məqsəd tədqiqat istiqamətlərini daha da təkmilləşdirmək, innovativ proseslərə qoşulmaq, beləliklə tədrisin keyfiyyətini artırmaq, ixtisaslı kadr hazırlığını təmin etməkdən ibarətdir. Bunun üçün hazırda AzTU-nun Türkiyə və Almaniya universitetləri ilə əlaqələri genişləndirilir”.

 

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev AzTU-da son illər görülən işlərə diqqət çəkərək bildirib ki, universitetin qarşısına qoyduğu hədəflər onu dünya səviyyəli ali təhsil müəssisəsinə çevirəcək.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov yubiley münasibətilə təbriklərini çatdırıb. Bildirb ki, dördüncü sənaye inqilabında qarşıya qoyulan əsas vəzifə potensialın artırılmasıdır. Ə.Muradovun sözlərinə görə,  kadr hazırlığında dördüncü yox, elə birinci inqilabı etmək lazımdır. Rektor universitetlərin hazırkı potensialının dördüncü sənaye inqilabının tələblərinə cavab verən mütəxəssislər hazırlamaq baxımından yetərli olmadığını qeyd edib:” Pandemiya şəraitində distant təhsilin tətbiqi, xaricdən müəllimlərin onlayn formada təhsilə cəlb edilməsi asanlaşdırıldığı üçün bu imkandan yararlanıb tədrisin keyfiyyətini artırmaq mümkündür”.

 

Belarus Dövlət Rabitə Akademiyasının (BDRA) rektoru Andrey Zeneviç belə bir konfransın məsafədən keçirilməsinə təəssüfləndiyini bildirib. O, ötən il AzTU ilə BDRA arasında əməkdaşlıq haqqında müqavilənin imzalanmasını xatırladıb. Qeyd edib ki, görülən bu işlər hər iki ölkənin təhsilinin inkişafı məqsədi ilə atılan addımlardır.

 

Daha sonra onlayn konfrans işini bölmə iclasları ilə davam etdirib.

 

Konfransın bağlanış mərasimi noyabrın 27-də keçiriləcək.