Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Təcrübə və Karyera şöbəsi tərəfindən tələbə və məzunlar üçün növbəti onlayn konsultasiya keçirilib. Zoom platforması üzərindən təşkil olunan onlayn konsultasiya şöbənin müdiri Xanlar Qəniyev və karyera üzrə mütəxəssis Afaq Sadiqova tərəfindən aparılıb.

         

Universitetdən bildirilib ki,  X.Qəniyev ötən ay ərzində şöbə tərəfindən təşkil olunan karyera istiqamətli silsilə görüşlərin uğurlu nəticələrindən danışıb. 50 tələbənin ixtisasına uyğun vakansiyalara müraciət etdiyini, onlardan 6 tələbənin işlə təmin olunduğunu, digərlərinin isə müsahibələrə dəvət aldığını bildirib. Şöbənin mütəxəssislərinin tələbələrə ilkin karyera istiqamətində dəstək göstərməyə hər zaman hazır olduğunu nəzərə çatdırıb.

         

Konsultasiyada həmçinin, tələbə və məzunlara iş axtarışının səmərəli aparılması, CV-lərin düzgün tərtib edilməsi və CV sahiblərinin ən çox yol verdiyi səhvlər, iş elanlarının yer aldığı saytlar barədə məlumat verilib. Yuxarıda qeyd olunan məsələlər ətrafında birgə müzakirələr aparılıb. Eyni zamanda, CV hazırlanması zamanı onlayn resurslardan istifadə barədə video izahat  nümayiş olunub.

         

Məlumat üçün qeyd edək ki, bu tip konsultasiyalar həftədə 2 dəfə olmaqla keçirilir və tədris ilinin sonunadək  davam edəcək. Tələbələrə karyeralarını qurmaqda düzgün istiqamət verəcək və qarşıya çıxa biləcək problemlərin həllində yardımçı olacaq.