Naxçıvan Dövlət Universitetinin (NDU) pedaqoji fakültəsində Azərbaycanın tarixi qələbəsinə həsr edilən “10 dekabr Zəfər yürüşü” münasibəti ilə tədbir təşkil olunub.

 

Universitetin tədris və tərbiyə işləri üzrə prorektoru  Rafiq Rəhimov Ali Baş Komandanın rəhbərliyi, əsgərlərimizin döyüş bacarığı və xalqımızın qələbəyə inamı sayəsində qazanılan Zəfər münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edib. O, II Qarabağ döyüşlərində universitetdə təhsil alan tələbələrin də iştirakını diqqətə çatdırıb.

 

II Qarabağ döyüşlərində fəal iştirak edib Naxçıvana geri dönən Məşqçilik ixtisası üzrə I kurs (qiyabi) tələbəsi, qazi Ayxan Fərzəlizadə də tədbirdə çıxış edib. A.Fərzəlizadə Füzulidən Şuşaya qədər gedən şiddətli döyüşlərdə iştirak etdiyini qürur hissi ilə anladıb.

 

Qələbə münasibəti ilə universitetin stadionunda idmançıların hərbi idman oyunları keçirilib, Məşqçilik ixtisası üzrə I kurs (əyani) tələbəsi Özcan Babayevin qələbəyə həsr edilən fərdi sərgisinə baxış olub.

 

Sonda incəsənət fakültəsinin dekanı, əməkdar rəssam Cavid İsmayılov və pedaqoji fakültənin dekanı Vəli Əliyev sərgi haqqında öz fikirlərini bildirib.