Mingəçevir Dövlət Universitetində (MDU) “Regional inkişafın təmin olunmasında innovativ tendensiyalar: reallıqlar və müasir çağırışlar” mövzusunda respublika elmi konfransı keçirilib.

 

Microsoft Teams platforması üzərindən online formatda keçirilən konfransda MDU-nun rektoru Şahin Bayramov mövzunun aktuallığından bəhs edib, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yeni keyfiyyət mərhələsində inkişaf etdirilən hərtərəfli inkişaf konsepsiyasının məzmununda innovasiyaların yaradılmasına və innovativ yanaşmanın tətbiqinə xüsusi əhəmiyyət verildiyini bildirib.

 

Üç bölmə və 12 istiqaməti əhatə edən konfransın ölkəmizin təhsil və elmi ictimaiyyətinin böyük marağına səbəb olduğunu vurğulayan rektor bu elmi tədbirə respublikanın 22 ali təhsil müəssisəsi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 8 sahə elmi-tədqiqat institutu və digər 6 təşkilatı təmsil edən 270  müəllifdən, ümumilikdə 230 məqalə və tezisin təqdim olunduğunu diqqətə çatdırıb.

 

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev “Regional inkişafda elm, təhsil və innovasiyaların artan roluna müasir baxış” mövzusunda çıxış edib.

 

Dördüncü sənaye inqilabının əsas çağırışlarından bəhs edən B.Əliyev innovativ inkişafı təmin edə bilən ali təhsil proqramlarının hazırlanması, onların çevik yenilənməsi, ali təhsil müəssisələrində startapların tədris prosesinə inteqrasiyası, dövlət, sənaye və universitet əməkdaşlığının gücləndirilməsi, elmi fəaliyyət nəticələrinin kommersiyalaşdırılması, sahibkarlarlıq subyektləri ilə elm və ali təhsil müəssisələrinin birgə fəaliyyətinin önəmi və digər məsələlər barədə fikirlərini bölüşüb.

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli “Yüksək texnologiya parkları və startapları regional ekosistemin inkişafının hərəkətverici amilləri kimi” mövzusunda çıxış edib. O, ekosistemin modernləşdirilməsinin mühüm amili kimi texnoparkların yaradılması və onların fəaliyyətinin dəstəklənməsinin vacibliyi ilə bağlı fikirlərini bölüşüb. T.Kərimli neft-qaz ixrac edən ölkədən yüksək texnoloji məhsullar ixrac edən ölkəyə transformasiya prosesinin hərəkətverici qüvvəsi kimi innovasiya infrastrukturlarının əhəmiyyətini diqqətə çatdırıb.

 

MDU-nun rektoru Ş.Bayramov “İnnovativ inkişaf müasir dövrün əsas çağırışı və davamlı artımın zəruri şərtidir” mövzusunda çıxış edib. İnnovativ inkişafın davamlı iqtisadi artımın təmin edilməsindəki mühüm rolundan bəhs edən Ş.Bayramov ölkəmizdə innovasiya əsaslı iqtisadi inkişaf modelinə keçid istiqamətində həyata keçirilən kompleks tədbirlərin əhəmiyyətindən danışıb. Son dövrdə Azərbaycanın özünəməxsus innovativ idarəetmə modelinin formalaşdığını vurğulayan rektor yaradılan yeni institusional mexanizmlərin ölkəmizdə iqtisadi artımın dayanıqlığının gücləndirilməsinə xidmət etdiyini bildirib.

 

“Azərbaycan İstilik Elektrik Stansiyası (İES)” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru, dosent Təhmasib Hüseynov “Cənubi Qafqazın ən böyük elektrik enerjisi müəssisəsi: əsaslı yenidənqurulma, müasir texnologiya, artan potensial” mövzusunda çıxış edib.

 

Cənubi Qafqazın ən böyük elektrik enerjisi istehsalı müəssisəsi olan “Azərbaycan İES”-in innovativ əsaslarla yenidən qurulduğunu diqqətə çatdıran T.Hüseynov elektrik enerjisi istehsalının artmasında və texnoloji prosesin təkmilləşdirilməsində innovasiyaların rolundan bəhs edib.

 

Sonra konfransın bölmə iclasları keçirilib. Konfrans öz işini bu gün də davam etdirəcək.