Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Vətən müharibəsində şəhid olan universitetin məzunu Oruc Nəcəflinin ailəsini ziyarət edib.  

 

Görüşdə O.Nəcəflinin Vətən müharibəsi zamanı göstərdiyi şücaət, onun şərəfli həyat yolu, MDU-da keçirdiyi ali təhsil illəri və “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-dəki əmək fəaliyyəti barədə söz açılıb. Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgəri tərəfindən qazanılan tarixi zəfərdə və ərazi bütövlüyümüzün təmin olunmasında O.Nəcəflinin də pay sahibi olduğu qeyd edilib.

 

Şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından danışan MDU-nun rektoru Şahin Bayramov bu həssas məsələnin Prezident İlham Əliyevin birbaşa nəzarətində olduğunu diqqətə çatdırıb. Şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən kompleks tədbirlərin önəmindən bəhs edən Ş.Bayramov onların göstərdikləri qəhrəmanlıqların təbliği istiqamətində universitetdə atılan addımlar barədə də məlumat verib. Rektor Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş MDU-nun beş məzunu barədə universitetdə xatirə guşəsinin yaradılacağını qeyd edib.

 

Tərtər istiqamətində gedən döyüşlərdə fəal iştirak etmiş O.Nəcəflinin ailəsi göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, müvafiq strukturlara və MDU kollektivinə təşəkkür edib. Yeganə oğlunun Vətən uğrunda canından keçməsindən qürur duyduğunu vurğulayan şəhid anası O.Nəcəflidən yadigar qalan iki yaşlı nəvəsini layiqli vətəndaş kimi böyütməyə çalışacağını bildirib.