Lənkəran Dövlət Universitetində  (LDU)  “İnformasiya, elm, texnologiya və universitet perspektivləri” mövzusunda doktorantların və gənc tədqiqatçıların  respublika elmi konfransı keçirilib.

 

Microsoft Teams platforması üzərindən keçirilən konfransda universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov əvvəlcə Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun erməni təcəvüzkarları üzərində qazandığı möhtəşəm və  tarixi qələbə münasibətilə hamını təbrik edib.

 

N.İbrahimov bildirib ki, Azərbaycanın bu haqq savaşına ilk günlərdən könüllü olaraq  LDU-nun tələbələri, məzunları, işçiləri də qatılıb, onlar arasında şəhid olanlar, yaralananlar, hazırda hərbi xidmətini davam etdirənlər var və bütün kollektiv onlarla qürur duyur.

 

Professor daha sonra qeyd edib ki, müharibənin və koronavirus pandemiyasının yaratdığı problemlərə baxmayaraq, ölkədə və LDU-da təhsilin modernləşdirilməsi, elmi-tədqiqat işlərinin genişləndirilməsi, səmərəliliyinin artırılması istiqamətində işlər uğurla aparılır.  

 

Elmi konfransda LDU-nun İnformasiya-kommunikasiya və kitabxana mərkəzinin direktoru Ənvər Şahqubadbəylinin  “İnformasiya, elm, texnologiya və universitet  perspektivləri” mövzusunda məruzəsi dinlənilib.

 

Məruzəçi qeyd edib ki, son 5 il ərzində LDU-da Elektron təhsil şəbəkəsinin imkanlarından istifadə sahəsində  baş verən  müsbət dəyişikliklər tədris prosesinin demək olar ki, tam elektronlaşmasına imkan yaradıb.  2016-cı ildən başlayaraq  “Elektron universitet” layihəsinin  tətbiqinə start verilib.  İlkin olaraq universitetin tələbə, professor-müəllim heyətinin və bütün tədris olunan fənlərin Oracle sistemində genişləndirilmiş elektron informasiya bazası yaradılıb və  Elektron jurnal, Elektron dərs cədvəli, Elektron sessiya sistemi işlənib hazırlanaraq uğurla tətbiq edilir. Hazırda tələbələrin bütün tədris fəaliyyəti haqqında məlumatlar onlara məxsus unikal şəxsi kabinetlərdə yerləşdirilməklə davam etdirilir.

 

Eyni zamanda pandemiya dövründə tələbələrin dərslik, dərs vəsaiti və digər kitabxana materiallarına əlçatanlığının təmin olunması məqsədi ilə kitabxana resurslarının  internetdə yerləşdirilməsi üçün xüsusi veb səhifə yaradılıb və hazırda kitabxana fondunun elektron bazaya yerləşdirilməsi prosesi davam etdirilir.

 

Son 2 il ərzində universitetdə informasiya texnologiyalarının təchizatı baxımından işlər daha da sürətləndirilib.  2018-ci ildə “Azərcell Telekom” MMC və LDU arasında bağlanmış ikitərəfli əməkdaşlıq müqaviləsinə əsasən,  “BARAMA” təhsil mərkəzi, 2019-cu ildə  SAMSUNG şirkətinin və NƏRGİZ fondunun birgə təşkilatçılığı, maliyyə dəstəyi ilə universitetdə ən müasir təhsil texnologiyaları ilə təchiz edilmiş Virtual Təhsil Mərkəzi, 2020-ci ildə Dövlət Miqrasiya Xidmətinin təşkilati və maliyyə dəstəyi ilə universitetdə ən müasir texnologiyalarla təchiz olunmuş İnformatika fənn laboratoriyası yaradılaraq tələblərin istifadəsinə verilib. Universitetin elektronlaşdırılması istiqamətində aparılan bütün işlər, proqram modullarının işlənməsi və tətbiqi prosesləri bütünlüklə universitetin İnformasiya-kommunikasiya texnologiyaları və kitabxana mərkəzinin əməkdaşları tərəfindən aparılır.

 

Plenar iclasdan sonra konfrans işini bölmələrdə davam etdirib. Qeyd edək ki,  “Riyaziyyat və təbiət elmləri”, “İqtisadiyyat, aqrar və texnika elmləri” , “Dilçilik və ədəbiyyatşünaslıq”, “Tarix, fəlsəfə və pedaqogika” bölmələri  üzrə konfransa  12 ali  təhsil müəssisəsindən 150-dən artıq elmi tezis təqdim edilib.