Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” layihəsi çərçivəsində Mədəniyyət Nazirliyinin “Kreativ Azərbaycan” portalının dəstəyi, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı, AREA-Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə ölkəmizdə ilk “Creative Solution Go” - “Yaradıcı həllərə doğru” olimpiadası təşkil edilib.

 

Layihə ölkəmizdə innovativ ideyaların yayılması, startap hərəkatının genişləndirilməsi, gənclər arasında innovativ düşüncə tərzinin inkişaf etdirilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə baş tutub.

 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Ülviyyə Hacıyeva bildirib ki, vebinarda muxtar respublikadan 10 müəllim və 3 şagird iştirak edib. Keçirilən vebinarda gənclərin innovasiya sahəsinə marağının artırılması və ideyalarının reallaşdırılmasına dəstək göstərilməsi istiqamətində muxtar respublikanın ümumtəhsil məktəblərində və məktəbdənkənar təhsil müəssisələrində STEAM və robotexnika tədris metodunun tətbiqi, innovativ dərnəklərin yaradılması ilə bağlı Naxçıvan Təhsil Nazirliyi tərəfindən videoçarx vasitəsilə ətraflı məlumat verilib.

 

Olimpiadanın məqsədi pandemiya şəraitində gənclərin proqramlaşdırma, komanda halında işləmək, İKT və elmi biliklərin inkişafına dəstək olmaq, onlarda kodlaşdırma və vizuallaşdırmaya marağı artırmaq, oyun və animasiyaların hazırlanmasında inkişafa təkan verməkdir.  7-12 yaşlı uşaqlar üçün nəzərdə tutulan 2 kateqoriya üzrə keçirilən olimpiadada Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbin IV sinif şagirdləri- Gülay Bağırlı və Gülay Qənbərli “Koronavirus pandemiyası: sual-cavab” mövzusunda maarifləndirici oyun dizaynı hazırlayaraq təqdim ediblər.

 

Olimpiadanın nəticəsinə görə, Duyğu Qənbərlinin oyun dizaynı sertifikata layiq görülüb.