Mingəçevir Dövlət Universitetinin (MDU) Riyaziyyat kafedrasının gənc müəllimi Nailə Allahyarova Türkiyə Respublikasının 2020/2021-ci tədris ili üzrə elan edilmiş “Türkiyə bursları” təqaüd proqramı çərçivəsində keçirilən müsabiqədə uğurla iştirak edərək paytaxt Ankara şəhərində yerləşən Qazi Universitetinin Təhsil Elmləri İnstitutunda Təhsilin idarə edilməsi ixtisası üzrə doktorantura ali təhsil səviyyəsinə qəbul olub.

 

Ali məktəbdən bildirilib ki, MDU əməkdaşının milli təhsilimiz üçün prioritet ixtisas istiqamətlərindən hesab edilən Təhsilin idarə edilməsi ixtisası üzrə xaricdə doktorantura səviyyəsində təhsil almaq imkanı qazanması, Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən olan Qazi Universitetinə qəbul olunması, qardaş ölkə tərəfindən təqaüdlə təmin edilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycanın Türkiyədəki Səfirliyinin müvafiq dəstəyi sayəsində mümkün olub.

 

Hazırda Riyaziyyat kafedrasında müəllim kimi çalışan N.Allahyarova bakalavriat və magistratura təhsilini də MDU-da alıb. MDU tarixində ilk dəfə olaraq, məzun və gənc əməkdaşın öz təhsilini nüfuzlu xarici universitetin doktorantura səviyyəsində davam etdirməsi gələcəkdə universitetin akademik potensialının gücləndirilməsi və elmi-pedaqoji sahədə qabaqcıl beynəlxalq təcrübənin tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da gənc akademik heyət üzvlərinin aparıcı yerli və xarici universitetlərdə doktorantura təhsili almasına xüsusi önəm verilir, bu məqsədlə bütün zəruri dəstək tədbirləri həyata keçirilir.