Naxçıvan Dövlət Universiteti (NDU) və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Nümayəndəliyi arasında “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması layihəsi”nin Davam proqramı çərçivəsində elektron avadanlıqların təhvil verilməsi ilə bağlı onlayn formada təqdimat mərasimi keçirilib.

 

Təqdimat mərasimində universitetin rektoru Elbrus İsayev və KOICA Azərbaycan Nümayəndəliyinin direktoru Park Kumok iştirak ediblər.

 

Rektor son bir neçə il ərzində idarəetmə səmərəliliyinin artırılması və tələbələr üçün onlayn təhsil xidmətinin göstərilməsi məqsədilə Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılmasında KOICA ilə davamlı əməkdaşlığın uğurlu fəaliyyətindən danışıb. Qeyd edilib ki, proqram çərçivəsində modernləşdirilmiş avadanlıqlarla təmin olunmuş universitet xüsusən  pandemiya dövründə müəllim və tələbələrə distant təhsil zamanı daha sabit xidmətlər göstərib.

 

Park Kumok isə çıxışı zamanı proqramın uğurlu icrası üçün hər kəsə təşəkkür edib və layihənin universitetdə Təhsil İnformasiya Sistemini daha da inkişaf etdirəcəyinə inandığını bildirib.

 

Qeyd edək ki, 2015-ci ildə universitet ilə KOICA arasında adıçəkilən layihə başa çatdıqdan sonra 2018-ci ildə “Follow-up” dəstək layihəsi üçün müqavilə imzalanıb.

 

Qarşılıqlı müzakirələrlə hazırlanan və imzalanan Anlaşma Memorandumuna əsasən, hər iki tərəf 2020-ci ilin noyabrın sonunadək KOICA-nın dəstəyi ilə  “Naxçıvan Dövlət Universitetində qurulmuş sistemin təhlükəsizliyi, sistem funksiyalarının təkmilləşdirilməsi və əlavə funksiyaların yaradılması” və digər məsələlərlə əlaqədar sistemin ümumi təkmilləşdirilməsi işi planlaşdırılıb.

 

Məlumat üçün onu da bildirək ki, KOICA tərəfindən layihəyə 144.000 ABŞ dolları məbləğində qrant ayrılıb. Proqram çərçivəsində yaradılmış Akademik İdarəetmə Sisteminin aktual problemləri koreyalı mütəxəssislər tərəfindən dəyərləndirilib və sistemdən səmərəli istifadə, sabitlik üçün köhnəlmiş avadanlıqlar müasir avadanlıqlarla əvəz edilib.