Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu "Çin dilinin onlayn tədrisinin  metodiki problemləri" adlı onlayn seminar keçirib. 

 

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov ADU  müəllimlərinin onlayn Çin dilinin tədrisinin aktual təşkilati-texniki və metodoloji problemlərinin həlli ilə bağlı təcrübəsindən danışıb.

 

Seminarda çıxış edən Çin dili müəllimi, Şərqi Çin Universitetinin magistrı Samirə Məmmədova Çin dilinin onlayn tədrisi üzrə Şərqi Çin Universitetinin İnnovasiya metodları və texnologiyalarından, Çin dilinin onlayn tədrisi üzrə tədris-metodiki proqramların, tədris audio və video materiallarının işlənib hazırlanmasından bəhs edib. 

 

Çin dili müəllimi, Əfsanə Mirsalayeva tələbələrin Çin dili-HSK bilik səviyyəsi üzrə onlayn-imtahanda şəffaf və səmərəli iştirakının təmin edilməsi üçün didaktik və texniki problemlərdən danışıb. 

 

Pekin Xarici Dillər Universitetinin magistrı Tuqay Bağırov isə Çin dili və heroqlifikası üzrə baza biliklərini əldə etməyə imkan verən Çin dilinin onlayn tədrisi üzrə Pekin Xarici Dillər Universitetinin tədris platformalarının fəaliyyəti haqqında məlumat verib.

 

Konfutsi İnstitutunun əməkdaşı Nigar Qocayeva orta məktəbdə Çin dili üzrə kompleks-idrak və praktiki onlayn dərslərin keçirilməsi təcrübəsini paylaşıb.

 

Seminarda, həmçinin Heydər Əliyev Fondunun ADU Konfutsi İnstitutu ilə birgə Azərbaycan Dövlət İqtisad Universitetində təşkil etdiyi distant Çin dili kurslarının uğurlu işi, xəttatlıq və bədii tərcümə üzrə onlayn-müsabiqələrin keçirilməsi məsələlərinə də toxunulub.