Qabaqcıl universitetlərlə faydalı əməkdaşlıq modeli


(Əvvəli   https://muallim.edu.az/news.php?id=14122 )

 

AzTU ilə MDU arasında 2019-cu ildə imzalanmış Anlaşma Memorandumu çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafı cari tədris ilinin payız semestri ərzində uğurla davam etdirilmiş və bu istiqamətdə əhəmiyyətli addımlar atılmışdır. Ölkəmizin nüfuzlu ali təhsil müəssisələrindən biri olan AzTU-nun zəngin tədris, metodiki və elmi bazasından faydalanmağa geniş imkan yaradan bu əməkdaşlıq MDU-nun Mühəndislik fakültəsinin potensialının gücləndirilməsinə və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə vermişdir.  Hesabat dövründə AzTU ilə birlikdə keçirilmiş “Azərbaycanda rəqəmsal ödənişlərin tətbiqi: reallıqlar və perspektivlər”, AzTU-nun 70 illik yubileyinə həsr olunan “Cəmiyyətin innovativ infrastrukturunun formalaşmasında informasiya texnologiyaları sənayesinin artan rolu” mövzularında nəzəri-praktiki seminarlar uğurlu və məhsuldar olmuşdur. Cari tədris ilindən etibarən AzTU-nun bir professoru və bir dosenti davamlı əsaslarla (0.5 ştat) MDU-nun Mühəndislik fakültəsində tədris prosesinə cəlb olunmuşdur.

 

MDU Azərbaycanın qabaqcıl və qocaman ali təhsil müəssisələrindən biri olan ADNSU ilə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi önəm verir. Bu çərçivədə 2020-ci ilin 25 dekabr tarixində MDU-nun təşəbbüsü ilə ADNSU-nun 100 illik yubileyinə həsr olunan birgə onlayn tədbir keçirilmişdir. İki universitet arasında tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi, birgə tədqiqatların aparılması, ortaq layihələrin icra edilməsi, MDU tələbələri və müəllimlərinə ADNSU-nun zəngin kitabxanasına çıxış imkanının verilməsi, MDU-nun gənc əməkdaşlarının ADNSU-da doktorantura səviyyəsində təhsil alması və digər istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi məsələləri barədə ilkin razılıq əldə olunmuşdur.

 

Dünya səviyyəli universitet olmaq yolunda sürətlə irəliləyən UNEC ilə uğurla davam etdirilən qarşılıqlı faydalı əməkdaşlıq daha çox MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin modernləşdirilməsini hədəfləmişdir. UNEC ilə 2019-cu ildə imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində MDU tələbələri, magistrantları və əməkdaşları UNEC-də təşkil olunan əksər konfranslarda və təlimlərdə fəal iştirak etmişdir. 2020-ci ilin 31 avqust - 4 sentyabr tarixlərində MDU-nun 100-ə yaxın professor-müəllim və inzibati-texniki heyət üzvü UNEC tərəfindən təşkil olunan “Distant təhsildə tədrisin təşkili və metodik təminatı” mövzusunda onlayn təlimlərdə iştirak etmişdir.

 

Beynəlxalq əməkdaşlıqda yeni uğurlar

 

Erasmus+ proqramı

MDU Avropa İttifaqının Erasmus+ proqramı çərçivəsində həm potensialın gücləndirilməsi, həm də tələbə və müəllim mübadiləsi layihələrində fəal iştiraka xüsusi diqqət yetirir. Payız semestri ərəfəsində MDU “Erasmus+” proqramı çərçivəsində qalib elan edilmiş “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kurslar” (“New Courses in Geospatial Engineering for Climate Change Adaptation of Coastal Ecosystems” - GEOCLIC) layihəsinin tərəfdaşlarından biridir. Ali təhsildə potensialın gücləndirilməsinə xidmət edən yeni layihənin 2021-2023-cü illərdə icra edilməsi nəzərdə tutulur. Layihənin icrası çərçivəsində Almaniya, Niderland, Litva və Rumıniya universitetlərinin müsbət təcrübəsi öyrəniləcəkdir. Layihə çərçivəsində tərəfdaş universitetlərdə müvafiq ixtisaslar üzrə kurikulumların təkmilləşdirilməsi, laboratoriyaların və virtual otaqların yaradılması nəzərdə tutulmuşdur.

 

Siegen Universiteti (University of Siegen)

Cari tədris ilinin əvvəlində MDU ilə Almaniyanın Siegen Universiteti arasında əməkdaşlığın əsası qoyulmuşdur. 2020-ci ilin noyabr-dekabr aylarında iki universitet arasında “Sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda birgə layihə reallaşdırılmışdır. Layihə çərçivəsində online formatda təşkil edilmiş təlimlərdə MDU-nun inzibati və akademik heyət üzvləri, tələbə, magistrant və doktorantları fəal iştirak etmişdir. Almaniyanın Siegen Universitetinin professor-müəllim heyəti, Prime Academy komandasının üzvləri və uğurlu sahibkarlıq təcrübəsi olan iş adamları tərəfindən keçirilmiş təlimlər biznes-planların hazırlanması, startapların yaradılması, maliyyə mənbələrinə çıxış yolları və digər mövzuları əhatə etmişdir.

 

Təlimlərdə uğur qazanmış tələbələr, magistrantlar və akademik heyət üzvləri 2020-ci ilin 11-12 dekabr tarixlərində Prime Academy (Almaniya) tərəfindən təşkil edilən beynəlxalq müsabiqədə iştirak imkanı qazanmışdır. Onlayn formatda keçirilmiş beynəlxalq müsabiqədə Azərbaycanı MDU-nun 3 komandası təmsil etmişdir. Ümumilikdə 13 komandanın iştirak etdiyi beynəlxalq müsabiqənin nəticələrinə əsasən, MDU-1 komandası fəxri 5-ci yerə layiq görülmüşdür.

 

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ)

2020-ci ilin dekabrında MDU ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Bakı nümayəndəliyi arasında əməkdaşlıq çərçivəsində “MDU-da Karyera Mərkəzinin yaradılması və inkişafı” layihəsinin icrasına start verilmişdir. Layihə çərçivəsində MDU-da yaradılacaq Karyera Mərkəzinin bütün zəruri ofis avadanlıqları ilə təchiz olunması və yeni struktur bölmənin fəaliyyətinin təşkilinə texniki yardım göstərilməsi nəzərdə tutulmuşdur. Karyera Mərkəzinin əsas məqsədi əmək bazarında rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, karyera seçimi və məşğulluq problemlərinin həlli, işəgötürənlərlə əlaqələrin yaradılması, ali təhsilin növbəti səviyyələrində təhsilin davam etdirilməsi və karyera inkişafı kimi vacib məsələlərdə təhsilalanlara və məzunlara köməklik göstərilməsindən ibarət olacaqdır.

 

Layihə çərçivəsində “Karyera məsləhətçiləri” təlimlərinin keçirilməsinə başlanılmışdır. İki ay müddətində davam edəcək təlimlər karyera məsləhətçisinin bacarıqları və məsuliyyəti, insan inkişafı nəzəriyyələri, karyera planlaşdırılması, əmək bazarı və gələcək bacarıqlar, iş axtarışı alətləri, iş müsahibələrinə hazırlıq, tənqidi düşünmə, kommunikasiya, natiqlik, təqdimat bacarıqları, karyera mərkəzinin effektiv idarə edilməsi və digər mövzuları əhatə edəcəkdir.

 

Avropa Ali Təhsil Məkanı (EHEA) ölkələrin Nazirlər Konfransı

2020-ci ilin 19 noyabr tarixində EHEA üzv-ölkələrinin onlayn formatda keçirilmiş növbəti Nazirlər Konfransında MDU da təmsil olunmuşdur. Tədbirdə EHEA üzvü olan 48 ölkənin təhsil nazirləri, o cümlədən Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev iştirak və çıxış etmişdir. Nazir çıxışında ölkəmizdə ali təhsil sahəsində həyata keçirilən islahatlar və son dövr ərzində bu sahədə əldə olunan uğurlardan bəhs etmişdir. İtaliyanın sədrliyi ilə baş tutan tədbirdə EHEA-nın gələcəyi, inkişaf və əməkdaşlıq perspektivləri müzakirə edilmiş, inklüzivlik (sosial inklüzivlik), innovativlik, əməkdaşlıq və mobillik növbəti onillikdə ali təhsilin əsas dəyərləri və inkişaf hədəfləri kimi qeyd edilmişdir.

 

Kəmər və Yol Universitetləri Alyansı (UAB&R)

2020-ci ilin 27 noyabr tarixində MDU-nun rektoru UAB&R-ın “Post-pandemiya dövründə beynəlxalq əməkdaşlıq və mübadiləyə yeni yanaşma” mövzusunda keçirdiyi beynəlxalq konfransda iştirak etmişdir. Çin Xalq Respublikasının Lanzhou Universiteti (Lanzhou University) və Qansu Əyalətinin Təhsil Departamenti tərəfindən birgə təşkil olunan tədbirə 17 ölkədən 60-ya yaxın universitetin rektorları qatılmışdır.

 

MDU-nun rektoru konfransda “Post-pandemiya dövründə Bir Kəmər və Bir Yol təşəbbüsü regionu universitetləri arasında əməkdaşlıq: yeni çağırışlar və imkanlar” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə ali təhsilin COVID-19 infeksiyasının ən çox təsir etdiyi sahələrdən biri olması, universitetlərin təhsil və elmi fəaliyyətində tamamilə yeni alətlərdən istifadənin zəruriliyi, məzunlarda fərqli mədəniyyətlərə sahib cəmiyyətlərdə çalışmaq imkanı verən bacarıqların yaradılmasının vacibliyi, məsafədən təhsil sahəsində Azərbaycan təcrübəsinin xüsusiyyətləri, MDU-nun UAB&R-a üzv olmaq niyyəti və digər məsələlər qeyd edilmişdir.

 

Bacarıqların inkişaf etdirilməsi

 

Turizm sahəsi üzrə birgə layihə

Turizm sənayesi üçün ali təhsilli mütəxəssis hazırlığı həyata keçirilən MDU-da bu istiqamət üzrə tədrisin məzmununun təkmilləşdirilməsinə, eləcə də professor-müəllim və tələbə heyətinin praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. 2020-ci ilin noyabr-dekabr aylarında MDU-nun təşkilatçılığı, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU), Mingəçevir Turizm Kollecinin tərəfdaşlığı ilə “Turizm sahəsi üzrə kadr hazırlığında yeni çağırışlar: təcrübə və karyera imkanları” mövzusunda birgə layihə reallaşdırılmışdır. MDU-da “Turizm və otelçilik” ixtisası üzrə kadr hazırlığı prosesinə töhfə məqsədilə sözügedən layihə çərçivəsində “Azərbaycanda Destinasiya Menecmenti Təşkilatları (DMT) və Şəki Regional DMT-nin iş prinsipləri”, “Sosial davranışların xidmət sahəsində rolu və karyera”, “Turizm üzrə təhsilin karyerada rolu: ATMU təcrübəsində”, “Turizm və mehmanxana işinin təşkilində kadrların yetişdirilməsi və komanda işi” mövzularında 4 modullu onlayn təlimlər təşkil edilmişdir. Təlimlər respublikamızın turizm sənayesi sahəsində fəaliyyət göstərən təcrübəli mütəxəssisləri tərəfindən keçirilmişdir.

 

Məsafədən təhsil üzrə təlimlər

Cari tədris ilinin payız semestrində MDU-nun administrativ heyəti, müəllim və texniki işçiləri üçün “Microsoft Teams Proqramı və onun imkanları” mövzusunda mütəmadi təlimlər keçirilmişdir. Təlimlərin keçirilməsində məqsəd pandemiya dövründə məsafədən təhsil zamanı MDU əməkdaşlarının “Microsoft Teams” proqramında qazandıqları təcrübələrini daha da genişləndirmək, bununla da universitetdə məsafədən tədrisin keyfiyyətini yüksəltmək olmuşdur.

 

Amerikalı professor MDU-nun müəllimi statusunda

ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “English Language Fellow” təqaüd proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən ingilis dili mütəxəssisi Richard Schlight cari tədris ilinin payız semestrində MDU-da tədris prosesində fəal iştirak etmiş, bakalavriat səviyyəsində “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” ixtisası üzrə təhsil alan dördüncü kurs tələbələrinə “Xarici dildə oxu və nitq” fənnini tədris etmişdir. Online formatda keçirilən dərslər tələbələrin xarici dildə oxu və nitq bacarıqlarının inkişafına mühüm töhfə vermişdir.

 

44 günlük Vətən müharibəsi və Böyük Zəfər

 

2020-ci il Müzəffər Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Ordusunun sayəsində tarixi Zəfər ili kimi xalqımızın yaddaşına qızıl hərflərlə əbədi həkk olunmuşdur.

 

30 illik həsrətə son qoyan 44 günlük Zəfər yürüşündə MDU-nun tələbə, məzun və əməkdaşları da həm ön cəbhədə, həm də arxa cəbhədə fəal iştirak etmiş, yüksək həmrəylik nümayiş etdirmişlər.

 

Torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə MDU-nun 4 əməkdaşı, 120-dən çox tələbə və məzunu iştirak etmişdir. Universitetinin 5 məzunu şəhidlik zirvəsinə ucalmışdır. Döyüş tapşırıqlarını şərəflə və uğurla yerinə yetirmiş, mərdlik və igidlik göstərmiş qəhrəman tələbə və məzunlarımız ölkə başçısı tərəfindən medallarla təltif edilmişdir.

 

MDU-nun gənc əməkdaş və tələbələri düşmən tərəfindən yayılan saxta və təxribatçı məlumatların qarşısının alınması, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işinə töhfə vermək məqsədilə Vətən müharibəsi zamanı informasiya mübarizəsində fəallıq göstərmiş, sosial şəbəkələrdə müxtəlif dillərdə işğalçı ölkənin insanlığa qarşı yönələn müharibə cinayətləri barədə geniş məlumatlar paylaşmışlar.

 

Vətən müharibəsi dövründə MDU kollektivi “Asan Könüllüləri” təşkilatının təşkilatçılığı ilə keçirilən “Əsgərə Məktub” layihəsində fəal iştirak edərək Azərbaycan əsgərinə mənəvi dəstək göstərmişdir.

 

Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində aparılan işlərə töhfə vermək məqsədilə, Elmi Şuranın müvafiq qərarı ilə MDU-nun hesabından Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 15 min manat vəsait köçürülmüşdür.

 

Qəhrəman şəhidlərimizin əziz xatirəsinin ehtiramla anılması və onların adlarının uca tutulması, cəsur əsgər və zabitlərimizin keçdikləri şərəfli döyüş yolları, göstərdikləri şücaət və vətənpərvərlik nümunələri barədə məlumatların tələbə gənclər arasında təbliğ edilməsi MDU-nun əsas fəaliyyət istiqamətlərindən olmuşdur.

 

2020-ci ilin 24 dekabr tarixində MDU-nun “Peşəkarla görüş” layihəsi çərçivəsində Vətən Müharibəsi Qəhrəmanı, mayor Elnur Şirinovun universitetin professor-müəllim və tələbə heyəti üzvləri ilə onlayn görüşü təşkil edilmişdir. Görüşdə Azərbaycan əsgərinin keçdiyi şərəfli döyüş yolundan, qəhrəmanlığından, qələbə əzmkarlığından, bugünün tələbəsi və sabahın əsgərləri olacaq gənclərimizə peşəkar hərbçi olmağın başlıca şərtlərindən geniş bəhs edilmişdir.

 

Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş universitet əməkdaşlarının və şəhid məzunlarının ailələri ziyarət edilmişdir.

 

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, onların yaxınları, müharibədən zərər çəkənlərlə bağlı həyata keçirdiyi sosial dəstək tədbirlərində MDU da fəal təmsil olunmuşdur. Belə ki, universitetin “Pedaqogika və psixologia” kafedrasının əməkdaşı 25-dən artıq şəhid ailəsi üzvlərinə sosial-psixoloji xidmət göstərmişdir.

 

COVID-19 infeksiyasına qarşı mübarizə

 

Cari tədris ilinin payız semestri ərzində koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində kollektiv və tələbə heyəti arasında mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Eyni zamanda, MDU əməkdaşları Mingəçevir şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatı və Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən birgə aparılan kütləvi maarifləndirmə işində də fəal iştirak etmişlər.

 

Hesabat dövründə MDU-da dəfələrlə tibbi-profilaktik və dezinfeksiya işləri aparılmışdır. Mingəçevir şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları tərəfindən həyata keçirilən dezinfeksiya işləri bütün tədris binalarını, dəhlizləri, auditoriyaları, laboratoriyaları, idman zalını, kitabxanaları, inzibati otaqları, həyətyanı əraziləri və digər köməkçi tikililəri əhatə etmişdir.

 

Modernləşməni dəstəkləyən strateji tərəfdaşlıqların önəmi

 

Fikrimizcə, mövcud reallıqların doğurduğu çətinliklərə və məhdudiyyətlərə baxmayaraq, MDU-da müvafiq istiqamətlər üzrə fəaliyyətin davamlılığının təmin edilməsində Təhsil Nazirliyi, Mingəçevir şəhər İcra Hakimiyyəti və digər qurumlarla tərəfdaşlığın mühüm töhfəsi olmuşdur. Modernləşmə yolunda inamla addımlayan MDU-nun qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və inkişaf etdirilməsi yaxın gələcəkdə universitetin milli ali təhsil xəritəsində mövqeyinin güclənməsinə böyük zəmin yaradır.

 

Şahin BAYRAMOV,

Mingəçevir Dövlət Universitetinin rektoru