İkili diplom proqramı üzrə təhsil alan BDU tələbəsi:”Qazaxıstandan olan tələbə yoldaşlarımız tərəfindən də bizə böyük dəstək göstərildi”


Bakı Dövlət Universiteti (BDU) ilə Qazaxıstanın  Əl-Fərabi adına Qazax Milli Universiteti arasında Dəniz və Enerji hüququ sahəsində ikili diplom  proqramı ilk tələbələri ilə uğurla davam edir.

 

Dost və qardaş ölkələrin magistrantları hər iki dövlətin ilk və aparıcı ali təhsil müəssisələri arasında bu sahədə birgə kadr hazırlığı işində fəallıq göstərir, elm və təhsil sahəsində birlik nümayiş etdirirlər.

 

BDU ikili diplom proqramının ilk magistrantlarından olan Jalə Rəhimova ilə müsahibəni təqdim edib.  

 

Jalə Rəhimova 2020-ci ildə BDU-nun hüquq fakültəsinin bakalavr pilləsini bitirib, həmin il Dəniz və enerji hüququ ixtisaslaşması üzrə magistratura pilləsinə qəbul olunub…

 

- Bakalavr pilləsi zamanı mən özümü tamamilə təhsilə yönəltmişdim və çalışırdım hüququn bütün sahələri haqqında biliklər əldə edim. Eyni zamanda müxtəlif tədbirlərdə, seminar və təlimlərdə iştirak etmişəm. Tələbələr arasında “Seçki hüququ və seçki prosesi məsələləri” üzrə keçirilən viktorinada, Azərbaycanın  diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunan “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda keçirilən Beynəlxalq elmi-praktik konfransda iştirak etmişəm.

 

- Qazaxıstan təhsil sisteminə maraq yaradan səbəb nə idi?

 

- Dördüncü kursda oxuyanda universitetə Qazaxıstandan bir qrup müəllim heyəti qonaq gəlmişdi və bizim bakalavr qrupumuzda dərsdə iştirak etmişdi. Onda onlar enerji hüququ və öz universitetləri haqqında danışdılar, təqdimatla çıxış etdilər. Mənə maraqlı gəldi, amma onda artıq qərar vermişdim ki, BDU-da təhsil almaq istəyirəm. Göründüyü kimi, hər iki istəyimə eyni zamanda nail ola bildim, baxmayaq ki, bu məndən asılı olmayan səbəblərdən baş verdi.

 

- İkili diplom proqramına qatılmağa nə vaxt qərar verdiniz? Buna hansı amillər təsir göstərdi?

 

- 2020-ci ilin sentyabr ayında hüquq fakültəsinin dekanı Əmir Əliyev Dəniz və enerji hüququ ixtisaslaşması üzrə 2020-ci ildə qəbul olan magistratura tələbələri ilə görüş keçirdi. Əl-Fərabi adına Qazax Milli Universitetində ikili diplom proqramına qoşulmaq fürsətinin olduğu barədə bizə geniş məlumat verdi və hətta düşünmək üçün vaxt da. Biz qrupda 7 nəfər idik. İkili diplomun əla bir fürsət olduğunu artıq anlamışdım. Əvvəla, Dəniz və enerji hüququ ixtisaslaşması Azərbaycan üçün yeni bir ixtisaslaşma sayılır və  professional kadrlara ehtiyac duyulur. İkincisi, biz hər iki universitetin fərqli sahələr üzrə mütəxəssislərindən dərs ala biləcəkdik. Həmçinin Qazax Milli Universiteti dünya universitetlərinin QS reytinqində 165-ci yerdə dayanır; bu isə təqdirəlayiqdir.

 

Bunların hər biri möhtəşəm fürsət idi və magistantlar da bunları yaxşı dərk edirdi. Digər bir məsələ ondan ibarət idi ki, biz təcrübə hissəsini keçmək üçün ikinci kursun sonunda Qazaxıstana yollanmalıyıq. Bəzilərimiz üçün belə bir qərarı indidən vermək çətinlik yaratdı, amma razılaşdıq. Qrup olaraq razılığımızı dekanlığa bildirdik.

 

Qazax Milli Universitetinin təhsil sistemi haqda nələr müşahidə etdiniz?

 

- Hər iki universitetin hüquq sahəsində tam fərqli və maraqlı tədris sistemi var. “Enerji hüququnda beynəlxalq konvensiyalar” adlı bir fənnimiz var idi. O fənni bizə Qalım Teleuev tədris edirdi. O, mühazirə zamanı bizə mövzu haqqında ümumi məlumatlar verirdi, seminar dərsi üçün isə həmin mövzuya uyğun - mütləq Azərbaycana aid hər kəsə fərqli bir mövzu tapşırırdı. Biz isə araşdırma edib prezentasiya formasında onu təqdim edirdik. Bu isə mövzunun daha yaxşı yadda qalmasına səbəb olurdu.

 

İmtahan sessiyası da daha qısa bir müddətdə - 1-2 həftə ərzində keçirilirdi.

 

Onu da vurğulamaq istərdim ki, dekan, kafedra müdirləri, müəllimlərin  tələbələrin iştirakı ilə mütəmadi olaraq onlayn elmi-metodiki görüşləri keçirilir. Bu görüşlərdə ikili diplom proqramının üstünlüklərindən, elmi məqalələrin beynəlxalq nüfuzlu jurnallarda nəşri barədə müzakirələr aparılır.

 

- Proqramın ilk günlərində yəqin ki, yeni sistemə uyğunlaşmaqda  çətinliklər yaşandı. Kimlər sizə dəstək oldu? Tələbələrə tövsiyələriniz nədir?

 

- Bəli, ilk günlərdə, hətta deyərdim ilk iki həftə fərqli bir sistemlə üz-üzə idik. Amma hər iki universitet tərəfindən bizə çox böyük dəstək göstərildi.
Mütəmadi olaraq həmin universitetin Gömrük, maliyyə və ətraf mühit kafedrasının müdiri, professor Jatkanbayeva Ayjan Erjanovna və professor Ayqarinova Gülnar Teleuxadirovna ilə əlaqə saxlayırdıq. Eyni zamanda universitet rəhbərliyi, dekanımız Əmir müəllimin və Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müdiri Əlizadə Məmmədovun daim diqqətindəyik. Əmir müəllim və Əlizadə müəllim özləri şəxsən bizim qrupla maraqlanır və hər bir məsələdə bizi dəstəkləyirlər.

 

Bizə Qazaxıstandan olan tələbə yoldaşlarımız tərəfindən də böyük dəstək göstərildi, xüsusilə sistemdə nəyin necə tapılacağı, yerləşdirilməyi barədə bizim üçün tanıtım videosu çəkmişdilər, bizi müəllimlərə təqdim edirdilər, bəzi məsələlərdə vəsitəçilərimiz qismində çıxış edirdilər. Bu çox səmimi bir mühit yaradır.

 

Gələcəkdə bu proqramlarda iştirak etmək istəyən tələbələrə tövsiyə edərdim ki, mütləq xarici dil öyrənsinlər. Dəniz və enerji hüququ ixtisaslaşmasında tədris dili ingilis dilində aparılır. Mən özüm rus dilini də bilirəm, bu isə qazaxlarla ünsiyyət qurmaqda çox böyük köməklik göstərir, çünki Qazaxıstanda rus dili dövlət dili ilə eyni səviyyədədir və əksər qazaxlar bu dili bilirlər. Buna görə tövsiyə edirəm ki, istər xarici universitetdə təhsil almaq, istər ikili diplom proqramı üçün olsun- mütləq şəkildə dil faktoruna diqqət yetirmək lazımdır.

 

- Bu proqramdan gözlədikləriniz özünü doğrultdumu?

 

- Proqramın təqdim etdiyi imkanlardan razıyam, bilik, yeni tanışlıqlar, təcrübə baxımından uğurlu layihədir. Yeri gəlmişkən, onu da vurğulamaq istərdim ki, uzunmüddətli perspektivdə bizim ikili diplom proqramı əsasında təhsil almağımız hər kəsə faydalı olacaq -  dövlətimizə, universitetimizə və bizə...