Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Yanvar ayının 5-də imzalanan həmin Sərəncam özündə yalnız Azərbaycan yazılı ədəbiyyatının yaradıcılarından biri olmaqla bərabər, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, işıqlı olduğu qədər də ibrətamiz və mənalı əsərlərin müəllifi olan böyük şairin anadan olmasının 880 illiyini ehtiva etmir. Bu ali dövlət sənədi həm də daşıyıcısı olduğumuz dəyərlərin ötəri olmadığını, bəşər sivilizasiyasına böyük fikir sahibləri bəxş emiş millətin o dəyərlər yolunu getməkdə israrını təsdiq edən sənəddir. Biz elə hesab etmirik ki, ancaq fövqəladə yaradıcılıq istedadına malik olan insanlar dahi- deyilərək çağırılır, dahi, bu keyfiyyətə malik olmaqla bərabər, həm də insanın missiyası olan yolda ona verilmiş ruhun daşıyıcısı, ötürücüsü olan şəxsiyyətlərdir. O, həmin ruhdur ki, insanlığın əbədi yol yoldaşı olmalıdır.

 

880 il əvvəl Gəncədə doğulan və bütün ömrü boyu yaşadığı şəhəri tərk etməsə də, öz ağlagəlməz zəhməti sayəsində fars və ərəb dillərini dərindən mənimsəyən, özünə qədər yaranmış türk, fars və ərəb ədəbiyyatını, fəlsəfəsini mükəmməl öyrənən, iki dildə - türk və fars dillərində gözəl lirik, möhtəşəm epik şeir növləri yaradan Nizami Gəncəvi o ruhla yaşamış və yaratmışdır. 800 ildən artıq müddətdir ki, Nizami ancaq dərin məna yükü daşıyan əvəzsiz şeir yükü ilə deyil, həm də insanlara elmin qüdrətini təlqin edən, onları proqresdə olan yolun yolçusu olmağa dəvət edən bir missioner kimi Yaxın Şərqdən Orta Asiyaya qədər olan geniş coğrafiyada simvola dönübdür:

 

Mən söz cadugəriyəm, tazə, köhnə hər nə var,

Mənim məftunum olar, mənim heyranım olar!

 

Bütün sehrbazları mat qoyur sehrim mənim!

Mələkləri aldadan əfsundu şerim mənim.

 

Gəncəm - Babilim mənim Harutu yandırmada,

Ən uzaq ulduzları Zöhrəm nurlandırmada.

 

Duz-çörəyim bilirəm öz cadugər şerimi,

Halal sehrim sındırır harutun hər sehrini.

 

Ürəyinin şəklidir Nizaminin sözləri,

Mənim halal sehrimlə daim canlı, dipdiri!

 

Bu, “söz cadugəriyəm”- deyən şairin təkcə şeir haqqında qənaəti deyil, insan üçün normaya çevrilməli olan “halallıq” anlayışını “Halal sehrim sındırır harutun hər sehrini”- yazan filosofun tövsiyə etdiyi yaşayış normasıdır. Bu, sufizmin- yeni eranın ilk min illiyini yola salmış cəmiyyətin özünü təftiş zərurətindən təzə-təzə cücərməyə başlayan, islam mənəviyyatının inkişafının yollarını göstərən cərəyanın poetikada ilk nümunələrindən biridir. Sonralar həmin cərəyanın görkəmli nümayəndələrindən biri olaraq tanınacaq şair Nizami Gəncəvi, şeyxlik mərtəbəsinə qədər yüksəlmiş Əbu Məhəmməd İlyas ibn Yusif  Şeyx Zəkimüyyəddin belə hesab edirdi ki, mənəviyyatın təkmilləşdirilməsi dinin durğunlaşmasının, onun adicə quru qanunlar toplusuna çevrilməsinin, ruhunun itirilməsinin qarşısını alır. Şeyx Nizami əmin idi ki, mənəvi təmizlikdən keçən yol insanı kamilliyə aparan başlıca vasitədir və o bu vasitə ilə özündə dözümlülük, sülhsevərlik, yüksək əxlaqi keyfiyyətlər tərbiyə edə bilər. Onun fikrincə, Allaha içdən gələn sevginin məhvərində iki amilin dayanmağı mütləqdir: mənəvi paklıq və dünyanı dərk etmək.

 

Yaşadığımız ilin “Nizami Gəncəvi İli” elan edilməsi, əlbəttə, hər bir azərbaycanlının, o cümlədən, ilk növbədə, Şərq insanının diqqətini böyük şair-filosofa yönəltməyə xidmət edir. İnanırıq ki, ölkə Prezidentinin imzaladığı bu xüsusilə əhəmiyyətli dövlət sənədi, ilk növbədə, ədəbiyyatşünas alimlərimizin yeni tədqiqat sahələrini araşdırmaq üçün stimul olacaqdır. Onu nəzərə alsaq ki, məsələ ancaq Nizami Gəncəvi yaradıcılığının sistemli şəkildə tədqiqatlara cəlb edilməsi, fundamental tədqiqat materiallarının akademik səviyyədə nəşr olunması, ümumiyyətlə, mütəfəkkir şairin ədəbi irsinin ədəbiyyatşünaslıq elminin diqqət mərkəzində olması mövqeyindən yanaşılması subyektiv yanaşma sayıla bilər. Haqqında danışdığımız, 2021-ci il yanvar ayının 5-də Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamın preambulasında oxşar yanaşmalar nəzərə alındığındandır ki, qeyd olunur: “Nizami irsi uzun zamandan bəri dünya elmi-ədəbi fikrinin diqqət mərkəzindədir. Ölkəmizdə dahi şairin əsərləri dəfələrlə nəşr olunmuş, ədəbi irsinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, çox sayda tədqiqatlar meydana gətirilmiş, eləcə də dünya nizamişünaslığında ilk dəfə olaraq əsərlərinin elmi tənqidi mətni hazırlanmışdır. Bu proseslərin intensiv şəkil almağa başlaması əsasən Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyi ərəfəsinə təsadüf edir. Dahi şairin yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı ilk qərar 1939-cu ildə qəbul edilmiş, lakin İkinci Dünya müharibəsi səbəbindən yubileyin yalnız 1947-ci ildə keçirilməsi mümkün olmuşdur. O illərdən etibarən Nizaminin dövrü, həyatı və yaradıcılığı ilə bağlı yeni-yeni araşdırmalar aparılmışdır”.

 

Preambulada qeyd olunduğu kimi, Nizami Gəncəvi yaradıcılığı ilə bağlı ölkəmizdə kifayət qədər araşdırmalar aparılıb. Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi o yönümdə araşdırmaların ardıcıllığı və dayanıqlığı üçün əsas fundamental baza hesab oluna bilər.

 

Onu da nəzərə alaq ki, Azərbaycan Respublikasının nominal suverenliyi zamanlarında Nizami Gəncəvi irsinin akademik araşdırılması işinin tamamilə yeni müstəviyə keçirilməsi Ümummilli Lider Heydər Əliyevin bilavasitə diqqət və qayğısı sayəsində xüsusilə aktual olmuşdur. Onun iradəsi ilə 1979-cu il yanvar ayının 6-da  “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında”, 1981-ci ilin avqust ayında isə “Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında” qərarlar  təkcə Nizami irsinin tədqiqi sahəsində deyil, ümumən orta əsrlər Azərbaycan mədəniyyətinin sistemli araşdırılması üçün geniş perspektivlər açmışdır. Həmin illərdən ədəbiyyatşünaslığımızda  nizamişünaslıq məktəbi daha da mükəmməlləşərək ən aktual tədqiqt sahələrindən birinə çevrilmişdir. Prezident İlham Əliyevin imzaladığı Sərəncamda indiyəcən görülən işlər qeyd olunmaqla perspektivdə həmin məktəbin görməli olduğu işlər, qarşıda dayanan vəzifələr bir daha yada salınır: “Nizami dövrü, ədəbi irsi və məktəbi problemləri müasir humanitar düşüncənin tələbləri kontekstində və azərbaycançılıq məfkurəsi işığında tədqiqini gözləyir”.

 

Lakin bir daha vurğulamaq istərdik ki, adıçəkilən Sərəncamın fəlsəfəsi ancaq bunları ehtiva etmir. Söhbət “Nizami ili” çərçivəsində yalnız aparılan elmi tədqiqat işlərlə, nəşr olunan kitablarla bitmir, söhbət XII əsr Azərbaycan, həmçinin Şərq ədəbiyyatının, fəlsəfi fikrinin ən böyük yaradıcılarından birinin Azərbaycan insanına nə qədər doğmalaşdıra biləcəyimizdən gedir. Azərbaycanda elan olunan “Nizami Gəncəvi İli” bu nöqteyi- nəzərdən ancaq nizamişünaslar, Nizami irsinin araşdırılması işi ilə diplom  işi hazırlayan tələbələrdən başlamış, akademiklərə qədər, bütün tədqiqatçılar üçün də deyil, orta ümumtəhsil və yaxud ali təhsil müəssisələrində çalışan müəllimlərəcən hamıya, bütün ziyalılarımıza çağırışdır. Bu çağırışa hamılıqla qoşulmalıyıq. Bu çağırış Nizami Gəncəvini, 800 ildən artıqdır ki, təkcə Azərbaycan ədəbiyyatını deyil, xalqımızın ruhunu, onun əxz etdiyi bəşəri dəyərləri öz yaradıcılığında ifadə edən, dünyada yayan böyük mütəfəkkiri kitab rəflərindən, internet resurslarından hər bir azərbaycanlının könlünə köçürmək çağırışıdır. Hesab edirik ki, bu çağırışa elmi və pedaqoji ictimaiyyətdən əlavə, çap və elektron mediası, yaradıcı təşkilatlar və onların nümayəndələri qoşularaq Nizamini elmi mərkəzlər, yaxud sinif otaqları və ya auditoriyalardan xalqın içinə aparacaqlar. Bu məsələnin təqvimi tədbirlər çərçivəsindən ümummilli ideologiyamızın tərkib hissəsinə çevrilməsi millət, xalq olaraq hər birimiz üçün prioritet istiqamət olmalıdır. Yeri gəlmişkən, hazırda əlimizin altında olan tərcümələrin yüksək səviyyədə olmaması ilə bağlı hələ 1939-cu ilin avqustunda o zamankı NKVD-dən Azərbaycan KP MK-ya arayış göndərilmişdi (Nizami əsərlərinin tərcüməsi haqqında NKVD-nin xüsusi arayışı”. “525-ci qəzet”. 17 sentyabr, 2017-ci il. S.10). Arayışda Mərkəzi Komitə tərcümə işinin aşağı səviyyədə aparılması barədə məlumatlandırılırdı. Həmin tərcümələrin bəzilərinin görkəmli şairlərimiz tərəfindən aparılmasına baxmayaraq, orijinalla müqayisədə hədsiz zəifliyi ayrı-ayrı mütəxəssislər tərəfindən sonralar da qeyd edilib. Etiraf edək ki, böyük Nizaminin yaradıcılığının ən mükəmməl səviyyədə təqdimatı nizamişünaslığın başlıca problemi hesab edilməlidir və şübhə etmirik ki, ədəbiyyatımız və mədəniyyətimizin böyük hamisi cənab Prezidentimiz birinci müraciətdə bunun həll olunmasını, əsərlərin böyük şairin adına layiq tərcümə olunması məsələsinin həll olunmasını təmin edəcəkdir. 2001-ci il iyun ayının18-də və həmin il avqustun 9-da Ümummilli Lider tərəfindən imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün qeyd edilməsi haqqında” fərmanlarından sonra “Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrini gələcək nəsillərə çatdırmaq probleminin həllini xatırlayaq. Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşrinin kütləvi şəkildə həyata keçirilməsi məqsədi ilə  2004-cü il yanvar ayının 12-də Azərbaycan Respublikası  Prezidentinin imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”  Sərəncamının cənab Prezidentimizin imzaladığı ilkin dövlət sənədləri sırasında dayandığını yada salmaq kifayətdir. Söhbət, ilk növbədə, ədəbiyyatımızın klassiklərinin əsərlərinə qayğıdan gedir. Onların xalqın arasına qədər gedib çatması isə birinci növbədə ziyalılarımızın öhdəsinə düşən vəzifədir.

 

Etiraf etməkdən çəkinməyək ki, oxşar məsələlərlə bağlı yaxın, uzaq qonşularımızın təcrübəsini yaddan çıxarmamalıyıq.Yeri gəlmişkən, XII əsrin sonlarında tarixi və mədəniyyətinə, ədəbiyyatına hər birimizin böyük hörmətlə yanaşdığımız qonşu Gürcüstanda yaşayıb yaratmış, Nizami Gəncəvi yaradıcılığından bəhrələnən, məşhur “Pələng dərisi geymiş pəhləvan”ın müəllifi Şota Rustavelinin araşdırmaçılarından birinin sözlərini yada salmağı lazım bilirik. Məsələn, Rustaveli dövrünün abidələrini tədqiq edən SSRİ Elmlər Akademiyasının  akademiki İosif Orbeli Şota Rustavelinin daha fundamental araşdırılması zərurətini belə ifadə edirdi: “Rustavelini anlamaq, həm də layiqincə anlamaq, XII-XIII əsrlər Şərq mədəniyyətini anlamaq deməkdir. Rustavelini layiqincə, bütün dahiliyi ilə anlamayan bir adam, deməli, Şərqi anlamır”.

 

“Pələng dərisi geymiş pəhləvan”ı gürcü dilindən ruscaya çox gözəl tərcümə edən Şalva Nutscubidze isə yazırdı:  “XII əsr gürcü ədəbiyyatında Rustavelinin yaşlı müasirlərindən Çaxruxadzenin əsərlərində belə Nizamiyə işarələr vardır. Rustaveli Nizaminin açdığı Şərq renessansının yolu ilə getmişdir”.

 

İranın görkəmli ədəbiyyat tədqiqatçısı V. Dəstəgirdi isə yazırdı: “Ürfan və şeir mülkünün ən böyük sultanı Mövlana Cəlaləddin Rumi həkim Nizaminin şeirlərindən bir çox iqtibaslar etmişdir. Mövlana Ruminin məsnəvi və qəzəllərini incələyən fəzilətli alim Ağa Hadi Xairi qeyd edir: “Mövlana Rumi Nizaminin “Divan”ını həmişə öz gözü önündə saxlardı və ondan mənaca böyük ölçüdə iqtibaslar edərdi. Halbuki, o, həkim Sənai Qəznəviyə böyük rəğbət bəsləməyinə baxmayaraq, ondan iqtibaslar etməmişdir. Bu iqtibaslar, şübhəsiz, Nizami şeirinin bir fenomen olduğunu isbat edir, belə olmasaydı, Mövlana kimi bir ustadı özünə necə cəlb edə bilərdi?!”

 

Mövlana, Nizaminin bir qəzəlindən bu şəkildə istifadə etmişdir.

 

Cəvab anke Nezami be nəzm miquyəd

“Cəfa məkon ke cəfa şive-ye vəfa-ye to nist”.

 

(“Cəfa etmə, çünki cəfa sənin vəfadarlığına yaraşmır” - sətri tərcümə). 

 

M.F.Körpülü isə V.Bartoldun “İslam mədəniyyəti tarixi” adlı kitabına yazdığı qeydlər arasında onun belə bir sitatını verir: “Nizami İran və türk məsnəviçilərinin ən böyük ustadı, İranın ən böyük şairlərindən biridir və onun şeirlərində olduqca təravətli türk sözlərinə də təsadüf edilir”.

 

Məşhur alman tədqiqatçısı P.Horn isə 1925-ci ildə Berlində nəşr etdirdiyi kitabında Nizamini Firdovsidən üstün tutur və aralarındakı fərqi “yerdən göyə qədər”- adlandırır, Nizamini  “mənzum roman sahəsində sevilən yeganə ustad” olaraq qeyd edirdi.

 

Y.Bertlesə görə isə “Nizaminin ikinci poeması “Xosrov və Şirin” dünya ədəbiyyatında tayı-bərabəri olmayan, heyrətləndirici dərəcədə kamil bir əsərdir. Yaxın Şərq ədəbiyyatında ilk dəfə olaraq, insanın şəxsiyyəti bütün dəyərləri ilə bizə göstərilmişdir. Həm də şairin əl-qolunu bağlayan ənənələrdə yerləşmiş bir mövzunu işləmək surətiylə”. Bertels Nizaminin qəhrəmanlarını belə təqdim edirdi:

 

“İnsan ruhunu lazımınca anlamaq nəticəsində edilən incələmə Nizamiyə dünya ədəbiyyatının ölməz əsərləri arasında daimi yer almış klassik qəhrəman surətlərini yaratmaq imkanını vermişdir. Şirin, Fərhad, Leyli, Məcnun, Bəhram və İsgəndər öz sifətlərinin tam əksini Nizaminin əsərlərində tapmışlar. Türkiyədən tutmuş müsəlman Hindistanına qədər həmin surətlər bu biçimlərilə Yaxın Şərqin ədəbiyyatlarının hamısına keçmiş və bu vəziyyətləri ilə bizim günlərimizə qədər yaşamışlar və gələcəkdə də yaşamaqları təbiidir”. Bertelsin qənaətincə, “Nizami üç növ eşq müəyyənləşdirir: a) qəhrəmancasına eşq; b) faciəli və ya fəlakətli eşq; c) kef çəkmək üçün əyləncə və ya oyuncaq olan eşq”. Dünyaca tanınan şərqşünas, Şərq ədəbiyyatının nadir araşdırmaçısı daha sonra Avropa ədəbiyyatının ən qüdrətli epos ustası ilə apardığı müqayisəli təhlildə belə qənaətə gəlir: “Homerin qəhrəmanlarının Avropadakı şöhrətlərindən Nizami qəhrəmanlarının Şərqdəki müvəffəqiyyətləri daha genişdir. Nizami müxtəlif xalq ədəbiyyatlarına göstərdiyi təsir kimi, özü də xalq ədəbiyyatından (folklordan) faydalanmışdır”. Müəllifə görə, bu, şairin ənənələrinə ayrı bir əhəmiyyət və canlılıq vermişdir. Müxtəlif müşahidə nöqtələrindən incələdiyi Nizaminin böyüklüyünün miqyasını təyin etmək üçün ölçü tapa bilməyən Bertels sonda qənaətini belə bölüşür: “Nizami üçün ölçü yoxdur, onu ancaq özü ilə ölçmək mümkün olur!” .

 

Yaradıcılığa lirik şeirlər - qəsidə, qəzəl və rübailərlə başlayan Nizami qısa bir zaman ərzində öz “Divan”ını tərtib etmiş və bir şair kimi məşhurlaşmışdı. Onu populyar edən, dünya şöhrəti qazandıran, “Xəmsə” adlandırılan beş poeması (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə”) isə ədəbiyyata tamamilə yeni bir poetik səs, nəfəs gətirmişdir.

 

Nizami Gəncəvi sözün qiymətini bilən, onun ağırlıqları altında poeziyanın yükünü çəkən, nadir istedadın fitrəti ilə adını dünya ədəbiyyatının korifeyləri sırasına həkk etdirən fikir adamı kimi yaşamaqda davam edir.

 

Ölçülüb-biçilərsə incə fikir, incə söz,

Nə qədər gözəlləşər, olar ürəyincə söz.

 

Kim ki sözə söz qoşub tapar haqqın səsini,

Sözlə iki aləmin açar xəzinəsini.

 

Bu xəzinəni yalnız açar tapanlar açar,

Yalnız söz ərlərinin dilləridir bu açar.

 

Mahirə HÜSEYNOVA,

ADPU-nun filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor