“Sağlam Mühit – Sağlam Gələcək” layihəsi çərçivəsində məktəblilər üçün sonuncu cizgi filmi “Ekosistem xidmətləri” mövzusunda hazırlanıb. Cizgi filmində ekosistem xidmətlərinin yeni konsepsiyası əks olunaraq “istehsalçı” və “istehlakçı”nın kim olduğu sadə nümunələrlə təsvir edilib.

 

Animasiya filmi qlobal Dayanıqlı İnkişaf Məqsədlərindən on ikincisi olan “Məsuliyyətli istehlak və istehsal” mövzusu üzərində qurularaq, dayanıqlı istehlak və istehsal, resurs və enerji səmərəliliyinin, dayanıqlı infrastrukturun və “yaşıl” tədbirlərə çıxış imkanının təşviqi ilə hər kəs üçün daha yaxşı həyat keyfiyyətinə nail oluna biləcəyindən bəhs edir.  Mövzunun seçilməsində əsas məqsəd həyat keyfiyyətinin artırılması fonunda resurslardan istifadənin, deqradasiyanın və çirklənmənin azaldılması yolu ilə iqtisadi fəaliyyətlərdən əldə olunmuş rifah dərəcəsini artıraraq daha az resursla daha çox məqsədə daha səmərəli şəkildə nail oluna biləcəyini əks etdirməkdir. Animasiyanın ssenarisi ekologiya üzrə fəlsəfə doktoru Firuzə Sultan-zadə tərəfindən hazırlanıb.

 

Qeyd edək ki, sözügedən layihə 2016-2020-ci illər üçün Azərbaycan Hökuməti və UNICEF arasında imzalanmış Əməkdaşlıq Proqramı çərçivəsində 2018-2019-cu illər üçün Təhsil proqramı - Dövri Fəaliyyət Planının “Azərbaycanın seçilmiş məktəblərində məktəb əsaslı təlim proqramı vasitəsilə ekoloji maarifləndirmə üzrə bacarıqların gücləndirilməsi” bəndi üzrə artıq dörd ildir ki davam edən silsilə layihələrdən biri kimi icra edilir. Layihənin əsas məqsədi cəmiyyətdə dayanıqlı inkişaf məqsədləri üzrə məlumatlılığın artırılması, ekoloji mədəniyyətin, həmçinin məişətdə iqlim dəyişmələrinin qarşısının alınması üçün davranış tərzinin formalaşdırılmasıdır.

 

Layihə çərçivəsində bugünədək Bakı və Sumqayıt şəhərləri üzrə 170 ibtidai sinif müəllimi iqlim dəyişmələri, ekosistem xidmətləri, tullantıların utilizasiyası və s. mövzular üzrə təlimləndirilib, layihənin ekspertləri tərəfindən kiçik sinif şagirdlərinin valideynləri üçün “Məişətdə iqlim dəyişmələrinin qarşısının alınması yolları” mövzusunda vebinar keçirilib, həmçinin dayanıqlı inkişaf məqsədlərinə nail olunması barəsində iqlim dəyişmələri və suyun düzgün istifadəsinə dair cizgi filmləri hazırlanıb. Layihə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilati dəstəyi ilə həyata keçirilir.