Türkiyənin  Xaricdəki Türklər və Qohum İcmaları İdarəsinin Beynəlxalq Dairə Başkanlığı koordinatoru Engin Vural və Mədəniyyət, Sosial İşlər Dairə Başkanlığı koordinatoru Sevilay Yıldırım Naxçıvana səfərləri çərçivəsində Naxçıvan Dövlət Universitetində (NDU) olublar.

 

Universitetin rektoru Elbrus İsayev ali təhsil ocağının fəaliyyəti, təhsil və tədris prosesi haqqında məlumat verib. Bildirib ki, rəhbərlik etdiyi ali təhsil ocağının qardaş ölkənin 20-yə yaxın aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri var.

 

Türkiyəli qonaq Engin Vural koordinatoru olduğu qurumun həyata keçirdiyi “Türkiyə təqaüdləri” proqramı haqqında məlumat verib. Bildirib ki, Türkiyə təqaüd proqramı tələbə və tədqiqatçılara Türkiyənin ən prestijli universitetlərində təqaüdlü təhsil və tədqiqat imkanı verən hərtərəfli, dövlət tərəfindən dəstəklənən rəqabətli bir təqaüd proqramıdır. Proqrama bakalavr, magistr, doktorantura və tədqiqat  proqramları üzrə hər bir şəxs internet üzərindən onlayn olaraq müraciət edə bilər. Müraciətlər türk, ərəb, ingilis, fransız, rus, fars, ispan və Bosniya dili olmaqla 8 dildə edilə bilər.

 

Xaricdəki Türklər və Qohum İcmaları İdarəsinin Mədəniyyət, Sosial İşlər Dairə Başkanlığı koordinatoru Sevilay Yıldırım isə vurğulayıb ki, təqaüd proqramları ölkələrarası işbirliyini və cəmiyyətlər arasındakı ortaq anlayışı gücləndirmək, gələcəyin liderlərini yetişdirmək məqsədini qarşıya qoyub. Məlumat verilib ki,  dünya miqyasında bu təqaüd proqramlarından faydalanan 100-ə yaxın ölkədən 150 mindən çox məzun olub.

 

Sonda bu səfərin gələcəkdə tələbə, professor-müəllim heyəti, eləcə də hər iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığa yeni təkan verəcəyinə inam ifadə olunub.