Nazim Sadıqov: “Qalib olmaq, sevgi və qayğı görmək müharibədə aldığımız yaraları unutdurur”


Xəyalları onu Bakı Dövlət Universitetinin tarix fakültəsinə aparıb çıxarıb. Seçib və oxuyub. Bu seçimlə başlanan yol onu düz Qarabağ müharibəsinin qəhrəmanı zirvəsinədək aparıb.

 

Qazi müsahibimiz Biləsuvar rayonundandır - Nazim Sadıqov. 44 günlük Vətən müharibəsinə qədər  düz 44 il yaşayıb. Ancaq soruşsanız, 44 gündə yaşadıqlarını yəqin, o, 44 ilə dəyişməz. 1977-ci ildə Biləsuvar rayonunun Bağbanlar kəndində doğulub. 17 yaşına kimi kənddən çıxmayıb. Getdiyi məktəb olub, qayıtdığı da ev. Görən deyərdi, kiçik bir kənd uşağıdı, onun nə qədər böyük arzusu ola bilər ki. Amma gəl gör ki, onun kiçik görünən boyu, bapbalaca ürəyi geniş xəyallar bəsləyib. Tələbə olmaq çağına çatanda ilk dəfə kənddən qırağa ayaq basıb. Bağbanlardan çox böyük arzularla çıxıb. Oraya böyük adam olub qayıdacaqdı.

 

Bu arzuyla Bakı Dövlət Universitetində bakalavr təhsilinə başlayan gənc Nazim Sadıqov eyni vaxtda həm kənddə gördüyü-bildiyinə heç bənzəməyən yeni mühitə alışıb, həm də tarixin dərinliklərinə enib.

 

Tarix fakültəsində ona, dünyanın tarixi keçmişi ilə yanaşı, gələcək tarixin yazılışında iştirak etməyin bəzi pik nöqtələrini də veriblər. Məlum məsələdir, tarixi bilmək kifayət deyil, yeri gələndə tarixdən miras qalanları qorumaq üçün əlinə silah da götürməli ola bilərsən. Təbii ki, hansı vəzifədə olmağından asılı olmayaraq. O da öyrənə bildiyi qədər öyrənib və leytenant rütbəsində universitetdən məzun olub. Əldə etdiyi biliklərlə əvvəlcə məktəbdə şagirdlərinin tarixə ekskursiyasına bələdçilik edib. 1999-cu ildən müəllimliyə başlayıb. Araya Vətənə olan borcunu da sığışdırıb. 2002-2003-cü illərdə leytenant Nazim Sadıqov motoatıcı taqım komandiri olaraq hərbi xidmət keçib. Zabit olaraq Naxçıvandakı hərbi hissələrin birində silah və müharibə dünyasına bələdçilik edib. Əsgərlərinə  xidmət keçdiyi hərbi hissədə silahla davranış qaydalarını öyrədib. İl yarım çəkən hərbi xidmət dövründə taqımı ilə döyüş taktikalarını məşq edib, silah açıb-yığıb.

 

Direktor təyin edilən ilk siyahıda o da vardı

 

Hərbi xidmətdən sonra yenidən məktəbinə qayıdıb. Müəllimliyə davam edib. Sonra təşkilatçı müavin, daha sonra direktor vəzifəsinədək yüksəlib. İlk dəfə müsabiqə yolu ilə direktor təyin edilənlərdən biri olub: “2012-ci ilin mart ayında ilk dəfə direktorluq üçün imtahan verənlərdən oldum. Həmin vaxt müsabiqə şərtləri sadə idi. İmtahan verdik. İmtahan üçün 40 dəqiqə vaxt verilirdi. 40 dəqiqədən geriyə doğru sayım başladı. Müddətin sonunda qazandığım elan edildi. 25 maksimum baldan 21 bal toplamışdım. Keçid balı isə 12 idi”.

 

Vətən müharibəsinə ilk çağırılanlardan oldu

 

Müharibənin ilk günündən taqımı ilə əks-hücum əməliyyatlarına hazır idi. Hər halda ilk olmaq onun alın yazısı olub. Belə ki, zabit olaraq da ilk çağırışçılardanı idi.

 

Sentyabrın 21-də Vətəndən çağırış alıb. Dərhal da səsinə səs verib yurdunun. Əvvəlcə təlimlərə, sonra Vətənin sərhədlərinin müdafiəsinə qatılıb: “Sentyabrın 27-də Xocavənd istiqamətində müdafiə döyüşlərində iştirak etdim. Hər biri bir neçə gün çəkən 3 böyük əməliyyatın iştirakçısı oldum. 25 nəfərdən ibarət taqımımla oktyabrın 14-dək döyüşdük. Oktyabrın 14-də minamyot atəşi nəticəsində aldığım xəsarətdən sonra məcburən  döyüş bölgəsindən kənarlaşdırıldım. Hazırda da müalicəm davam edir. Sağ əlim funksionallığını itirib. Həkimlər ümidlidir, deyirlər sağalacaq”.

 

Ancaq silah tutan əli indi qələm tutmur. Halbuki qələmdən silaha keçərkən heç tərəddüd etməmişdi o əllər. Tutmaması da təəccüblü deyil, əslində. Artıq “Cəsur döyüşçü” əlləridir. Bir kərə əli silaha, döşü medala yatdı. Ruhu qələbəni daddı məşhur kənd müəllimimizin. İndi onu 44 gündə yaşadığı ağır, həm də şərəfli günlərin xatirəsindən ayırmaq asan olmayacaq: “Müharibəyə qədər müharibə ilə bağlı təsəvvürüm belə yox idi. Müharibənin nə olduğunu nə filmlərdə görməklə, nə kitablardan oxumaqla bilmək olmaz. Müharibənin dəhşətini ancaq onu yaşayanlar bilir”.

 

Müharibə öyrətdi ki...

 

Ancaq bu müharibə ona, məxsus olduğu millətin və dövlətin qüdrətini bir daha göstərib: “Tarix boyu xalqımızın döyüşkənliyi, qüdrəti barədə çox səhnələr oxuyub öyrənmişik. Təbii ki, bildiklərimizi şagirdlərimizə öyrətmişik. Ancaq müasir dövlətimiz bu qədər güclü olduğunu bütün dünyaya göstərdi. Mən bu müharibədə ordumuzun gücünü gördüm. Xalqımızın birliyini gördüm. Düşmənimiz bizim qarşımızda çox gücsüz idi, qaçmağa məhkum idi”.

 

Nazim Sadıqov deyir ki, müharibənin ona müəllim olaraq başa saldıqları, vətəndaş olaraq göstərdiklərindən qat-qat artıq olub: “Müəllim olaraq bəzi həqiqətləri də dərk etdim. Məktəbdə “dəcəl”, “ipə-sapa yatmayan”, “oxumayan”, aşağı qiymətlər verdiyimiz uşaqların müharibədə bir qəhrəman olduğunu, necə böyük vətənpərvər olduğunu gördüm. Öz-özümə düşünürəm ki, bu uşaqlarda olan Vətən sevgisinin gücünə bax... Taqım üçün əsgər seçəndə 18-19 yaşlı uşaqlara qıymır, onları seçmək istəmirdim. Ancaq onlar hamıdan əvvəl önə çıxır, döyüşə girməkdə israr edirdilər”.

 

Müharibənin ən dəhşətli üzü isə tanıdığın, dostlaşdığın insanların şahidi olduğun itkisidir: “Komandir dostumuz şəhid oldu, meyidini 20 gün sonra götürə bildik. Bu və bunun kimi onlarla belə itki oldu ki, üstündən uzun illər keçsə də, ağrısı, qəlbimdəki sızıltısı keçməyəcək”.

 

Müharibə bitib, sevgi isə davam edir

 

Müharibə bitib, ancaq savaşda qazanılan qələbənin qürurunu, sevgisini, hörmətini, bir sözlə, bəhrəsini hələ aldıqlarını deyir Nazim müəllim: “Xalqımızın göstərdiyi birlik də bu müharibədə məni, sözün əsl mənasında, təəccübləndirdi. Döyüşlərin başladığı ilk 10 gün evlərdə bişirilib göndərilən kotlet yedik. Çörəyin arasına qoyub göndərmişdilər. Ümumiyyətlə, hər gün evlərdən bizə yemək göndərirdilər”.

 

Nazim müəllim deyir ki, küçədə, mağazada gördüyü hörmət, sevgi müharibədən sonra da davam edir: “Sərt karantin rejiminin davam etdiyi günlərin birində bir neçə əsgər yoldaşımla çıxıb açıq mağaza gəzdik. Çox axtarandan sonra birini tapdıq. Bizim o mağazaya girdiyimizi görən “Qaz-el” markalı maşının sürücüsü maşını saxlayıb arxamızca gəldi. “Nə istəyirsiz götürün, pulunu mən verəcəyəm”, dedi. Aldığımız hər şeyin pulunu ödədi. İndi də bu hörməti hər an hiss edirəm. Bu münasibət adama xoş gəlir. Qalib olmaq, sevgi və qayğı görmək müharibədə aldığımız yaraları çox vaxt unutdurur”.

 

Qalib ordunun cəsur zabiti Nazim Sadıqovun müalicəsi də,  Bağbanlar kənd məktəbindəki  işi də davam edir.

 

Ruhiyyə DAŞSALAHLI