Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2 Fevral - Gənclər Günü ilə əlaqədar elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən bir qrup şəxsə  2021-ci il Gənclər üçün Prezident mükafatları verilib. Onların arasında təhsil və elm sahəsində fərqlənən gənclərimiz də var. “Azərbaycan müəllimi” qəzetinə müsahibələrində gənclər öz təəssüratlarını bölüşüblər.

 

“Sevincimi ifadə etməkdə çətinlik çəkirəm”

 

 

İsmayıl İsmayıllı,

Naxçıvan Dövlət Universiteti “Memarlıq və mühəndislik fakültəsi” memarlıq  kafedrasnın müəllimi

 

1991-ci ildə Ordubad rayonunun Nüsnüs kəndində anadan olub. 2016-cı  ildə Naxçıvan Dövlət Universitetinin memarlıq və mühəndislik fakültəsinin “Memarlıq” ixtisasını fərqlənmə diplomu ilə bitirib. 2017-ci ildən NDU-nun “Memarlıq” kafedrasının müəllimidir. Ayrı-ayrı illərdə müsabiqələrdə fərqlənib, mükafata layiq yerlər tutub. 2019-cu ildə Naxçıvanda keçirilən “Yaradıcı gənclər festivalında” memarlıq nominasiyası üzrə II yerin, 2019-cu ildə  Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyi ilə bağlı  bütün sahələr üzrə keçirilən  yaradıcılıq müsabiqəsində memarlıq nominasiyasının qalibi olub.

 

- Gənclər günü ilə bağlı ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə Prezident mükafatına layiq görüldüm. Həqiqətən sevincimi ifadə etməkdə çətinlik çəkirəm. Ölkəmizdə aparılan uğurlu gənclər siyasətinin inkişafını hər gün daha aydın şəkildə görə bilirik. Bundan sonrakı memarlıq və müəllimlik fəaliyyətimdə daha əzmlə çalışıb tələbələrimlə birgə yeni memarlıq layihələri hazırlayacağam. İnanıram ki, hazırladığımız bu layihələrimiz əsasında inşa olunacaq tikililər universitetimizdə, Muxtar Respublikamızda, həm də işğaldan azad olunan ərazilərimizdə vətəndaşlarımıza səmərəli xidmət göstərəcək. Bu böyük ali mükafata layiq görüldüyüm üçün cənab Prezidentə dərin təşəkkür və minnətdarlığımı bildirirəm.

 

“Dövlətin gənclərə olan xüsusi diqqət və qayğısını hiss edirik

 

Səmra Mirzəyeva,

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun  böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru

 

 - Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş dövlət gənclər  siyasəti hazırda onun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı tərəfindən gənc nəslin savadlı və uğurlu yetişməsi üçün aparılan islahatlar buna bariz nümunədir. Elm sahəsində də biz gənc alimlər ölkə Prezidentinin diqqət və qayğısını öz üzərimizdə hiss edir, bu etimada  daim layiq olmağa çalışırıq.

 

 2014-cü ildə Bakı Dövlət Universitetinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirdikdən sonra doktorantura təhsilimi AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda  davam etdirdim. Müəssisədə akademik İradə Hüseynova tərəfindən yaradılan və son tələblərə cavab verən ən müasir və innovativ texnologiyalarla təsis edilmiş laboratoriyalarda öz tədqiqat işlərimi apararaq başa vurdum. 3 ilə yaxın bir müddətdə yüksək səviyyəli dissertasiya işimi ərsəyə gətirərək, 2018-ci ildə biologiya üzrə fəlsəfə doktoru adına layiq görüldüm. Məhz bu səbəbdən Gənclər üçün təsis edilmiş Prezident mükafatına layiq görülməyimi əməkdaşı olduğum  institutun uğuru hesab edirəm. Keçmiş olduğum son dərəcə çətin və bir o qədər də fəxarətli müddət ərzində böyük elmi işçi kimi çalışdığım AMEA MBBİ-də elmi rəhbərim və kollektiv tərəfindən daima mənəvi dəstək hiss etmişəm. Mən bu gün qürur hissi keçirirəm ki, əsası akademik Cəlal Əliyev tərəfindən qoyulan institutun yetirməsiyəm. Bu gün müstəqil Azərbaycanın inkişafı naminə görüləcək işlərin əsas ağırlığı və məsuliyyəti biz gənclərin üzərinə düşür. Azərbaycanın gəncliyi ölkəmizin xoşbəxt gələcəyini yalnız Prezident İlham Əliyevlə bağlayır, öz həyat və yaradıcılığını xalqına, Vətəninə və dövlətinə həsr etməyə hazır olduğunu əməli fəaliyyəti ilə sübut etməyə çalışır.

 

“Prezident mükafatı məni daha da məsuliyyətli olmağa çağırır”

 

 

 Zəhra Qasımzadə,

Türkiyə Cümhuriyyəti Özyeğin Universitetinin tələbəsi

 

 2002-ci ildə Sumqayıtda  anadan olub. 2019-2020-ci tədris ilində akademik Zərifə Əliyeva adına Liseyi bitirib. 2020-ci ildə Türkiyə Cümhuriyyəti Özyeğin Universitetinin “Biznesin idarə edilməsi” ixtisasına qəbul olub. Hazırda həmin universitetin I kursunda təhsil alır.

 

Z.Qasımzadə yerli və qlobal bazarda uğur qazanmış bir neçə startapın həmtəsisçisidir. 2018-2019-cu tədris ilində Təhsil Nazirliyinin təşkil etdiyi “Sabahın alimləri” VIII Respublika Müsabiqəsində finala vəsiqə qazanıb.

 

Dünyanın ən böyük təmiz texnologiya startap akselerasiya proqramı olan “ClimateLaunchPad”ın region üzrə 2020-ci ildə 1-ci yerin qalibi və Niderlandın Amsterdam şəhərində keçirilmiş “ClimateLaunchPad”ın dünya finalçısı olub.  Beynəlxalq “GENIUS” olimpiadasında biznes kateqoriyası üzrə finala vəsiqə qazanıb və 20 min ABŞ dolları dəyərində mükafata layiq görülüb. Asiyanın ən böyük elm və texnologiya festivalı olan “TECHFEST, IIT BOMBAY ASIA” proqramında 3-cü yeri qazanıb.  ABŞ-ın Yale Universitetində təşkil olunan Elm və Mühəndislik sərgisində (“The Yale Science and Engineering Association”) ən çox fərqlənən layihə müəlliflərindən biri olub.  2019-cu ildə layihəsi “The Create the Future Design Contest” proqramında dünya üzrə ən yaxşı 100 layihədən biri seçilib.

 

- Mükafata layiq görüldüyüm üçün sevinirəm və buna görə cənab Prezidentə çox minnətdaram. Təhsil aldığım məktəblər, müəllimlərim, mentorlarım, ətrafımdakı çalışqan və əzmkar insanlara da təşəkkür edirəm. Vurğulamaq istəyirəm ki, bu mükafat məni daha da məsuliyyətli olmağa çağırır. Həqiqətən böyük və ciddi məsuliyyətdir. Mən bunu yaxşı başa düşürəm. Anlayıram ki, güclü Azərbaycan üçün daha çox çalışmalı və bu yüksək adın dəyərinə layiq formada özümü daha da inkişaf etdirməliyəm.

 

Tələbə və gənclərin təşkilatlanması işinə töhfə

 

Nəcəf Qənbərov,

Erciyes Universiteti Beynəlxalq Tələbələr Koordinasiya Mərkəzinin koordinatoru

 

1992-ci ildə Cəlilabad şəhərində anadan olub. Bakıdakı 159 nömrəli tam orta məktəbi bitirib. 2010-2015-ci illərdə Türkiyənin Erciyes Universitetinin Beynəlxalq münasibətlər fakültəsində bakalavr,  2015-2016-cı illərdə Beykent Universitetində İnsan Resurslarının İdarə Edilməsi fakültəsinin Biznesin İdarə Edilməsi (MBA) magistratura proqramı üzrə təhsil alıb.

 

Tələbəlik illərində aktiv fəaliyyət göstərərək xaricdə yaşayan azərbaycanlıların bir araya gətirilməsi, tələbə və gənclərin təşkilatlanması işinə töhfə vermiş, ictimai birliklərdə sədr və idarəedici vəzifələrdə çalışıb, həmçinin Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil aldığı şəhər üzrə tələbə təmsilçisi olub. Türkiyə Respublikası Kayseri şəhərində 89 ölkədən olan xarici tələbələrin bir araya gəlməsi üçün Kayseri Xarici Tələbələr Koordinasiya Şurasının təsis olunması və idarə edilməsində mühüm rol oynayıb. Azərbaycan həqiqətlərinin Afrika, Ərəb ölkələri, Asiya, Avropa, Okeaniya, Amerika qitəsi və s. olan  minlərlə tələbəyə çatdırılması istiqamətində bir çox layihələrin təşəbbüskarı və təşkilatçısı olub. Koordinasiya Şurası Erciyes Universiteti tərəfindən müsbət qəbul edilmiş və rəsmi olaraq universitetin Koordinasiya Mərkəzinə çevrilib. Hazırda Erciyes Universiteti Beynəlxalq Tələbələr Koordinatorluğu kimi fəaliyyət göstərir.

 

- Əvvəlcə ölkə Prezidenti cənab İlham Əliyevə göstərdiyi diqqət və yüksək etimada görə öz minnətdarlığımı bildirirəm. Vətən müharibəsində qazanılan qələbə cənab Prezidentin mənə və bütün dünya azərbaycanlılarına ən böyük hədiyyəsi idi. İndi bu mükafatın da mənə təqdim olunması ikiqat sevinc, fərəh hissi oldu və ölkəm üçün daha böyük həvəslə çalışmağa stimul yaratdı.

        

Oruc MUSTAFAYEV