Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin imtahan sessiyası çərçivəsində beşinci “Açıq qapı” günü keçirilib.

 

MDU-nun rektoru Şahin Bayramov universitetin tələbə və magistrantları ilə görüşüb. O, onlayn “Açıq qapı” günlərinin universitetdə çevik və səmərəli idarəetmənin təmin olunmasında tətbiq edilən faydalı kommunikasiya alətlərindən biri olduğunu vurğulayıb, payız imtahan sessiyası müddətində bu formatda tələbə və magistrantlarla keçiriliən silsilə görüşlərin əhəmiyyətindən bəhs edib.

 

MDU-da mövcud reallıqları nəzərə alaraq, xüsusi həssaslıqla təşkil edilən cari imtahan sessiyasının uğurla başa çatdığını qeyd edən Ş.Bayramov bakalavriat və magistratura səviyyələri üzrə təhsilalanların onlayn imtahanlarda nümayiş etdirdikləri yüksək fəallıq və müvəffəqiyyət göstəriciləri barədə məlumat verib.

 

Payız imtahan sessiyası müddətində MDU-da “İmtahan Qərargahı”, “İmtahanlara dəstək qrupu”, “Texniki dəstək qrupu”, “Apelyasiya Komissiyası” və tələbələrdən ibarət “Könüllülər qrupu”nun fəaliyyət göstərdiyini diqqətə çatdıran rektor imtahanların obyektiv, şəffaf keçirilməsinə töhfə verən universitetin professor-müəllim, inzibati və texniki heyət üzvlərinə, tələbə və magistrantlara təşəkkürünü bildirib.

 

Daha sonra müraciətləri dinlənilən tələbə və magistrantlar imtahan sessiyasının effektiv təşkilindən, pandemiya dövrünün çətinliklərini nəzərə alaraq universitet rəhbərliyi və kollektivinin xüsusi diqqəti və həssaslığından razılıqlarını ifadə ediblər.

 

Görüşdə növbəti semestrdə universitetdə tədrisin təşkili vəziyyəti, təcrübələrin keçirilməsi, xarici və yerli universitetlərlə əməkdaşlığın genişləndirilməsi, karyera inkişafı və digər məsələrlə bağlı tələbələrin sualları cavablandırılıb.