“Təhsil” Respublika İdman Mərkəzinin  11 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə Vətən müharibəsi iştirakçılarının Qaradağ rayon idmançıları və məşqçiləri ilə onlayn görüşü keçirilib.

 

Əvvəlcə  II Qarabağ savaşında və Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

 

Görüşdə  Milli  Məclisin deputatı Aydın Hüseynov, Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, “Təhsil” Respublika İdman Mərkəzinin direktoru  Natiq Lahıcov,  Qaradağ rayon Gənclər və İdman  İdarəsinin rəisi Elçin Abbasov,  xüsusi təyinatlı qüvvələrin giziri Nazim Məmmədov, Vətən müharibəsi iştirakçısı Murad İsmayılzadə, xüsusi təyinatlı qüvvələrin giziri, qazi Elvin Vəliyev iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan “Təhsil” Respublika İdman Mərkəzinin 11nömrəli Uşaq-Gənclər İdman Məktəbinin direktoru Natiq Ələkbərov qeyd edib ki, Vətən müharibəsində qələbə qəhrəman övladlarımızın canı, qanı bahasına qazanılmışdır. Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” şüarı xalqımızı qələbəyə səsləyən çağırış oldu. 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik, xalqımızın dövlət başçısı ətrafında sıx birləşməsi qüdrətli Azərbaycanın bütün dünyada özünün təsdiqi kimi qəbul edildi. Azərbaycanın şanlı ordusunun gücü və Ali Baş Komandanın siyasi  iradəsi nəticəsində müharibənin qələbə ilə başa çatması qürurumuzu bizə qaytardı. Ali Baş Komandanın yürütdüyü uzaqgörən siyasəti nəticəsində Azərbaycan bundan sonra yalnız inkişaf edəcək. Hər bir vətəndaşımız bu məsələlərdə  fəal olmalı və Prezidentimizin Dəmir yumruğu ətrafında sıx birləşməlidir. Fəxrlə deyirəm ki, bizim Prezidentimiz dünyada ən güclü Prezidentdir!...

 

Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycan gənclərinin təmsil olunduğu Azərbaycan Ordusunun ermənilər üzərindəki parlaq qələbəsindən danışıb.

 

Sonra çıxış edən xüsusi təyinatlı qüvvələrin giziri Nazim Məmmədov, Vətən müharibəsi iştirakçısı Murad İsmayılzadə, xüsusi təyinatlı qüvvələrin giziri, qazi Elvin Vəliyev II Qarabağ savaşında keçdikləri döyüş yolları haqqında məlumat veriblər. Müharibə getdiyi günlərdə yaşadıqları hissləri görüş iştirakçıları ilə bölüşdülər. İdmançılarda vətənpərvərlik hisslərinin daha da güclənməsi üçün öz tövsiyələrini veriblər.

 

“Təhsil” Respublika İdman Mərkəzinin drektoru Natiq Lahıcov çıxış edərək bildirib ki, bugünkü tədbir Vətən Müharibəsində iştirak edərək bizə qələbə sevincini bəxş etmiş idmançı əsgərlərimizi tanıtmaq məqsədi daşıyır. Qəhrəmanlarımızın keçdiyi yol hərb yoludur, özlüyündə böyük bir tarixi hadisədir. Çıxış edən veteranlarımızın keçdiyi hərb yolu  haqqında idmançılarımızın öyrənməyi, eşitməyi onlarda vətənpərvərlik hissinin daha da yüksəlməsinə kömək edir.

 

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmən üzərində qazanılmış parlaq qələbənin hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu söyləyən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova həmin qələbənin qazanılmasında istər ön, istərsə də arxa cəbhədə gənclərin şücaətindən danışıb.

 

Qaradağ rayon Gənclər və İdman  İdarəsinin rəisi Elçin Abbasov qeyd etdi ki, uzun illərdən bəri keçirilməkdə olan irimiqyaslı vətənpərvərlik tədbirləri bugünkü gənc nəsildə vətənə məhəbbət, torpağa bağlılıq hisslərinin aşılanmasında bilavasitə yardımçı olmuşdur.

 

Tədbir gənc idmançıların vətən haqqında söylədiyi şeirlə yekunlaşıb.

 

Rəşad ZİYADOV