Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində məktəblilərin dram müsabiqəsinin şəhər mərhələsi keçirilib.

 

Müsabiqənin keçirilməsində məqsəd  Azərbaycan  və dünya xalqlarının ədəbiyyatları, şifahi xalq ədəbiyyatı, klassik və müasir ədəbiyyat və “Oxunması zəruri olan kitabların siyahısı”a daxil edilən əsərlərin məktəblilər arasında təbliğindən, onların maraq və bacarıqlarının, intellektual səviyyə və yaradıcı qabiliyyətlərinin aşkarlanmasından ibarət olub.

 

Müsabiqənin məktəbdaxili seçim mərhələsi 11-15 yanvarda Naxçıvan şəhər ümumtəhsil məktəblərində keçirilib.

 

Məktəbdaxili seçim mərhələsində Naxçıvan şəhəri üzrə 17 ümumtəhsil məktəbindən V-XI sinif şagirdləri iştirak edib. Bu mərhələdə iştirak edən şəhər ümumtəhsil məktəblərindən 2 nömrəli tam orta məktəb üzrə N.Gəncəvinin “Sirlər xəzinəsi” əsərindən “Sultan Səncər və qarı”, 4 və          10 nömrəli tam orta məktəblər üzrə M.F.Axundovun “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli şah”, 8 nömrəli tam orta məktəb üzrə N.Gəncəvinin əsərlərindən hazırlanmış “Kompozisiya” I mərhələdə qalib olaraq seçilib və müsabiqənin II mərhələsində iştirak etmək hüququ qazanıb.

 

Müsabiqədə məktəb şagirdlərinin qiymətləndirilmə mərhələsi onların geyimi, aktyor oyunu və obrazlı ifasına, səhnə danışığına riayət edilməsi, səhnə və musiqi tərtibatı meyarlarına görə aparılıb.

 

Müsabiqənin şəhər mərhələsində I yerə 10 nömrəli,   II yerə 2 nömrəli, III yerə 4 nömrəli tam orta məktəblər, həvəsəndirici yerə isə 8 nömrəli  tam orta məktəb layiq görülüb. Qalib olan ümumtəhsil məktəbləri Naxçıvan Şəhər Təhsil Şöbəsinin diplomları ilə mükafatlandırılıb.

 

Müsabiqədə I yerə layiq görülən 10 nömrəli tam orta məktəb M.F.Axundovun  “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli şah” səhnəsi ilə 8 aprel 2021-ci il tarixdə keçiriləcək müsabiqənin muxtar respublika mərhələsində iştirak edəcək.