Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Uşaq-Gənclər İnkişaf Mərkəzi (UGİM) tərəfindən "Nizami- söz dünyasının incisi" adlı onlayn konfrans keçirilib.

 

Təhsil idarəsindən verilən məlumata görə, konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin Nizami Gəncəvi şöbəsinin müdiri Təranə Verdiyeva, Nizami Gəncəvi adına Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı Fidan Böyükbabalı, Gəncə Dövlət Tarix Mədəniyyət qoruğunun Nizami filialının müdiri Gülnarə İsmayılova, UGİM-nin direktoru, pedaqoji kollektivi və dərnək üzvləri iştirak ediblər.

 

Konfrans iştirakçıları "Nizami Gəncəvi məqbərəsinin tarixi və taleyi", "Nizami Gəncəvi əsərlərində Gəncə", "Nizami Gəncəvi yaradıcılığında multikulturalizm", "Gənc nəslin təlim-tərbiyəsində Nizami kəlamlarının rolu", "Nizami Gəncəvi yaradıcılığında insan haqlarının təbliği", "Nizami qəhrəmanları miniatür və xalçalarda",  "Azərbaycan bəstəkarlarının yaradıcılığında qüdrətli söz ustadı Nizami Gəncəvi poeziyasının rolu" mövzularında çıxışlar edib, şairin yaradıcılığı haqqında geniş məlumat veriblər.

 

Tədbirin sonunda N.Gəncəvinin qəzəllərindən parçalar səsləndirilib.

 

Şakir Cəfərov