Mingəçevir Dövlət Universitetində (MDU) Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr olunmuş “XX əsrin faciəsi: Xocalı soyqırımı” mövzusunda konfrans keçirilib.

 

MDU-nun rektoru Şahin Bayramov Xocalı soyqırımını XX əsrin ən qəddar genosid aktlarından və insanlığa qarşı törədilmiş ən qanlı tarixi cinayətlərdən biri olduğunu qeyd edib. İyirmi doqquz il əvvəl Xocalıda 613 dinc sakinin yalnız azərbaycanlı olduqları üçün xüsusi amansızlıqla qətlə yetirildiyini bildirən Ş.Bayramov soyqırım aktını erməni vəhşiliyinin bariz nümunəsi kimi qiymətləndirib.

 

Xocalı soyqırımına siyasi-hüquqi qiymətin Ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini diqqətə çatıdıran rektor bəşəriyyətə qarşı törədilmiş bu kütləvi qətliamla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və onun genosid aktı kimi tanıdılması istiqamətində həyata keçirilən məqsədyönlü dövlət tədbirlərindən danışıb.

 

Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində aparılan genişmiqyaslı, çoxşaxəli və sistemli təbliğat işlərinin xüsusi əhəmiyyətindən bəhs edən Ş.Bayramov soyqırım aktının dünyada tanıdılması və qəbul edilməsi sahəsində əldə edilmiş uğurlu nəticələr barədə məlumat verib.

 

Müzəffər Ali Baş Komandanın və rəşadətli Azərbaycan Ordusunun sayəsində Vətən müharibəsində tarixi Zəfərin əldə edilməsi ilə soyqırım qurbanlarının qanlarının yerdə qalmadığını qeyd edən rektor 44 günlük döyüşlərdə Xocalı qatillərinin bir çoxunun məhv edildiyini diqqətə çatdırıb.

 

Humanitar fənlər kafedrasının müəllimi Tahirə Quliyeva “Xocalı faciəsi şahidlərin gözü ilə” mövzusunda, kafedranın baş müəllimi İlham Məmmədov “Xocalı: ədalət zəfər çaldı” mövzusunda, müəllim Gülər Əjdərzadə isə “Dünya Xocalı soyqırımına biganə deyil” mövzusunda məruzələrlə çıxış ediblər.

 

Məruzələrdə erməni terror təşkilatları və onların bəşəriyyətə qarşı cinayətkar əməlləri, Ermənistanda terrorun dövlət səviyyəsində dəstəklənməsi, düşmən dövlətin etnik təmizləmə siyasəti, Xocalıda ağlasığmaz qəddarlıqla törədilən qətliamlar, o zamankı hakimiyyətin məsuliyyətsiz və laqeyd davranışları, soyqırım faktının və erməni vəhşiliyinin təbliği istiqamətində görülən məqsədyönlü işlər, Xocalı soyqırımına verilən beynəlxalq siyasi-hüquqi qiymət, dünyanın tanınmış bir sıra dövlət adamları, alimləri və jurnalistləri tərəfindən səsləndirilən fikirlər, Vətən Müharibəsi dövründə mənfur ermənilərin yaşayış məntəqələrimizi hədəfə alması və çoxlu sayda dinc sakinlərimizi qətlə yetirməsi, şanlı qalibiyyətin qazanılması, tarixi ədalətin bərpa olunması və digər məsələlər qeyd olunub.

 

Sonra konfrans iştirakçıları tərəfindən məruzələr ətrafında fikir mübadiləsi aparılıb, qan yaddaşımıza əbədi həkk olunan Xocalı soyqırımının gənclər üçün tarixi dərslərindən bəhs edilib.